Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hədəfimiz torpaqlarımızı işğaldan azad etməkdir”

20.06.18, 14:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Otuz il əvvəl Azərbaycanda həyatımızı kökündən dəyişən və cəmiyyətimizi narahat edən qaçqın və köçkün problemi indi dünyanın bir çox ölkələrini, qitələrini təlatümə salır".
Bu sözləri 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə baş nazirinin müavini Əli Əhmədov deyib. O bildirib ki, hazırda dünyada 68 milyondan çox qaçqın var: "Ancaq bu problemin həlli üçün atılan addımlar az görünür. Azərbaycanda hazırda hər on nəfərdən biri qaçqın və məcburi köçkündür. Dünyanın istənilən ölkəsi ilə müqayisə etsək, Azərbaycanda bu problemin daha ağır olduğunu görərik. Azərbaycanda qaçqın və məcburi köçkün problemini diqqətə çatdırmaq istəyirəm".
Baş nazirin müavini qeyd edib ki, bu gün dünyada siyasətçilər, dövlətlər problemin həlli üçün səylər göstərirlər: "Amma görünür, dünyada ədalət pozulub ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Ədalətsizlik, separatizm, başqalarının ərazilərinə göz dikmək halı olmasaydı, dünyanın baş ağrısına çevrilmiş qaçqın və məcburi köçkün problemi belə ağır olmazdı. Etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlının qaçqın və köçkünə çevrilməsinə biganə yanaşılan zaman düşünülməli idi ki, bu problem gələcəkdə bütün dünya üçün bir bəlaya çevriləcək. Bu ağrını üzərində hiss etməyən ölkələr Azərbaycanın yaşadığı ağrılara lazımi diqqət göstərmədilər. Nəticədə vaxtilə Azərbaycanı titrədən bu problem indi dünyanı silkələməyə, məhvərindən çıxarmağa qadir problemə çevrilib”.
Əli Əhmədov nəzərə çatdırıb ki, dünyanın səylərini birləşdirərək qaçqın və məcburi köçkün problemini aradan qaldırmasına ehtiyac var: “Qaçqın axını ilə üzbəüz qalıb, bu problemi həll etməyə çalışan ölkələri anlayırıq. İlk növbədə dünyada səylər qaçqın və köçkün problemini yaradan səbəbin aradan qalxmasına yönəlməlidir. Mən bu tədbirdə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı şəkil görmədim. Tədbirin təşkilatçılarına sual verəndə dedilər ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşıb. Ancaq insanlar nə qədər öz torpağına, evinə qayıtmayıb, bu mənəvi əzabı çəkəcək. Bu mənada tədbirin təşkilatçılarının məntiqini qəbul etmək istəmirəm. Çalışmalıyıq ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin. 30 il keçib, bu insanlar yurd-yuvalarına qayıtmalıdır. Əgər biz həqiqətən ədalətsizliyi aradan qaldırmaq istəyiriksə, daha ciddi tədbirlər görməliyik. Həm də ona görə ki, bu problem daha qlobal xarakter almasın, daha çox dövlətlər qaçqın axınının qarşısında əlacsız vəziyyətə düşməsinlər. Əks halda, bütün dünyada bu problem dərinləşəcək. Etnik təmizləmə və separatizmi yaradan qüvvələr öz yerində oturdulmalıdır. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq. Bizim əsas hədəfimiz torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz torpaqlarına qaytarmaqdır. Biz istərdik ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu mövqeyini dəstəkləsin”.

Bu xəbər oxundu
- - -