Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti

21.06.18, 8:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Tarix üzrə elmləri doktoru, professor Tofiq Mustafazadə yazır ki, bundan xəbər tutan Fətəli şah Əbülfət ağanı beş min nəfərlik qoşunla Qarabağa göndərdi. Şah hökm etmişdi ki, Əbülfət ağa İbrahimxəlil xanın «hüzurunda vəkil və naib kimi olub, dəxil vətəssəru edənləri xususən Məhəmmədhəsən ağanı, bir para Qarabağ bəyzadələri ilə Fətəli şahın hüzuruna rovanə edə». İbrahimxəlil xan əvvəlcə şahın təklifini qəbul etmək istədi, lakin Məhəmmədhəsən ağa Mehdiqulu ağa və Xanlar ağa öz aralarında ədavəti bir kənara qoyub bırləşdilər və atalarından Əbülfət ağanı Qarabağa buraxmamağı tələb etdilər. Xəzaninin yazdığı kimi, oğlanlarının təsiri ilə «dəxi Fətəli şahın bir para təklifatını xoşagəlməz bilib dubarə Əblüfət xana yazdı ki, qayıtsın və Qarabağ torpağına gəlməsin».
Mirzə Camal da İbrahimxəlil xanın Əbülfət ağaya məktub yazaraq ondan Qarabağ torpağına ayaq basmamasını tələb etdiyini yazır. Əbülfət xan anladı ki, cavab qardaşlarının təsiri ilə verilib. Buna gorə də atasının sözünə məhəl qoymayıb ixtiyarındakı qoşunla xanlığın Zəngəzur və Qapanat mahallarına daxil oldu, hər kənd və nahiyyədə Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın digər bəylərin və ağaların darğa və nökərlərini vəzifədən kənarlaşdırıb, öz adamlarını onların yerlərinə təyin etdi. Qapan, Zuldur və Güney mahallarını tamamilə nəzarəti altına aldı. Bərguşad çayı yanında duşərgə saldı. Bir sıra bəylər, o cümlədən Mirzə Əli boy və Fazil bəy zahirdə İbrahimxəlil xana sədaqətlərini saxlasalar da gizlində Əbülfət ağaya rəğbət bəsləyirdilər. İbrahimxəlil xanla Məhəmmədhəsən ağa Əbülfət ağaya qarşı hərəkət edib Tuğ kəndinə gəldilər. Burada Mehdiqulu ağa və xanlar ağa onlardan ayrılıb Zəngəzura tərəf hərəkət etdilər. Mehdiqulu ağa Uğurlu bəyi bir dəstə atlı ilə göndərdi və Əbülfət ağanın Xəzrək kəndində qoyduğu bəyləri tutulub dustaq edildi. Əbülfət ağa isə Məhəmmədhəsən ağa ilə İbrahimxəlil xanın yanında az quvvə olduğunu güman edib surətlə Dizaq mahalına gəldi. Məqsədi, tarixçinin güman elədiyinə görə «Məhəmmədhəsən ağanı və İbrahim xanı dəxi bidəxil edib Şuşa qalasını tutmaq idi».
Vəziyyətin cətinləşdiyini görən İbrahimxəlil xan və Məmmədhəsən ağa dərhal Mehdiqulu ağa və Xanlar ağaya xəbər göndərdilər ki, iki gunədək 4-5 yüz atlı və piyada döyüşçü toplayıb özlərini çatdırsınlar. Sonuncular yeddi yüz nəfərə qədər atlı və piyada döyüşçü toplayıb tələsik özlərini Tuğ kəndinə çatdırdılar. Tuğa əlavə qüvvə gəlməsindən xəbəri olmayan Əbülfət ağa sübh tezdən Qızılqışlaqdan çıxıb qoşununu dəstələrə bölərək kəndə yaxınlaşmağa başladı. Hava buludlu və dumanlı olduğundan kəndin izi görünmürdü. Əbülfət ağa kəndə bir verstə qədər yaxınlaşdıqda duman dağıldı və o kənddə xeyli hərbi qüvvə olduğunu gördü. Kiçik bir toqquşmadan sonra Əbülfət ağa hücumunu dayandırdı. Gecəni keçirib səhəri geri qayıtmaq fikrində idi. Ancaq Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın dostları qəfil Əbülfət ağanın qoşununa hücum etdilər. Əbülfət ağanın döyuşculəri silah-sursatlarını atıb qaçmağa başladılar. Cəbrayıllı, Hacılı və Cavanşir tayfasından olan döyüşçülər isə Əbülfət ağadan üz döndərib qarşı tərəfə keçdilər. Əbülfət ağa az miqdarda tərəfdarı ilə qazıb Arazın o tayına keçdi. Fətəli şah Əbülfət ağanın uğursuzluğundan xəbər tutub, zahirən onu məzəmmət elədi. İbrahimxəlil xanın yanına adam göndərib, Əbülfət ağanın guya ondan icazəsiz Qarabağa hücüm etdiyini bildirdi.
Fətəli şah İbrahimxəlil xanın Rusiya himayəsinə keçməsindən çox qorxurdu. Buna gorə Kərim xan və Abdulla xanı onun yanına göndərib yazmışdı ki, «Allah rizasına namusi-islamı mənzur edib hər nə təvəqqeyi var» ondan etsin, «urus padşahına itaət etməsin. Şuşa qalası toxunulmazdır və məmləkətdə səddi mətindir və İranın giriş qapısıdır, Urus dövlətinə verib Rusiya qoşunlarını daxili şəhr və [onların] qalası eləməsin”. Şah Qarabağı ruslardan müdafiə etmək üçün Şahbulağı qalasına Qacar qarnizonunun yerləşdirilməsini təklif edir, bildirirdi ki, ikinci oğlu Abbas Mirzəni göndərəcək, Qarabağ xanlığı ilə duşmənçilik edən qonşu sakinləri cəzalandırsın. Qarabağdan qazan elatları toplayıb geri qayıtsın.
Şahın təklifinə görə əlavə iki min piyada sərbaz toplarla gəlib qalalarda yerləşməli idi. İbrahimxəlil xan şahın elcilərinə qeyri-muəyyən cavab verib geri yolladı. Fətəli şah Kərim xan və Abdulla xanı, habelə Rəhim xanı qiymətli hədiyyələrlə yenidən Şuşaya göndərib əvvəlki təkliflərini təkrar etdi. Bu dəfə İbrahimxəlil xan elciləri geri qaytarmayıb ev dustağı kimi Şuşada saxladı və bu barədə Sisianova xəbər verdi.
Qarabağ xanlığının hərbi yolla itaətə gətirməyin mümkün olmadığını görən Fətəli şah İbrahimxəlil xanı diplomatik yolla Rusiyanın himayəsi altına kecməkdən çəkindirmək qərarına gəldi. Şah Kərim xan, Rəhim xan və Abdulla xandan ibarət olan elçilərini xüsusi fərmanla Qarabağa göndərdi. Fərmanın məzmunundan aydın olur ki, Fətəli şah indiyə qədər heç kəsə etmədiyi güzəşti İbrahimxəlil xana etməklə onun Rusiya himayəsinə keçməsinə imkan vermək istəmir. Belə ki, Fətəli şah «Qarabağ mahalına, şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq İbrahimxəlil xana verməyi, habelə öz övladlarımdan iki nəfərini onun yanına girov gondərməyi öhdəsinə götürürdü".
Edilən bu güzəştlərin müqabilində rus qoşunlarının hücumlarının qarşısını almaq üçün Tiflis və Gəncə yolunun üstündə olan Əsgəranın hər iki qalasında İran ordusu yerləşdirilməli, Şuşa qalasının yaxınlığında qazıllmış səngərlər də bu ordunun ixtiyarına verilməli idi. Bütün xərcləri şah hökumətinin xəzinəsindən ödənilməli olan bu ordu İbrahimxəlil xanın itaət və əmrindən boyun qaçırmamalı idi. Lakin şahın bu təklifləri də heç bir nəticə vermədi. İbrahimxəlil xan Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi siyasətini daha böyük inadkarlıqla davam etdirirdi. Bu addımın gələcəkdə özü üçün hansı ağır nəticələrə gətirib çıxaracağını dərk etməyən İbrahimxəlil xan müqavilə layihəsi üzərində aparılan işləri daha da sürətləndirərək onu tezliklə başa çatdırmağa tələsirdi. Onun rus komandanlığı ilə xanlığının müstəqilliyini əsasən qorumaq şərtilə himayə haqqında müqavilə bağlamaq üçün danışıqlara başlamaq təşəbbüsü də boşa çıxdı. 1804-cü ilin yanvarında Gəncəni zəbt etdikdən sonra Sisiyanov İbrahimxəlil xana məktub yazaraq onu «qorxaq tülkü», «ağacda bitməyən yarpaq» kimi ifadələrlə təhqir edərək xanın danışıqlar haqqında təklifini rədd etmişdi. Sisiyanov kinayə ilə yazırdı: «Dünyada harada görünüb ki, qartal milcəklə danışıqlar aparsın, zəif güclüyə itaət etmək üçün yaranıb».
Bir müddət sonra general İbrahimxəlil xandan Rusiya himayəsini qəbul etməsini ultimativ tərzdə tələb etdi. Professor Tofiq Mustafazadənin araşdırmasında bildirilir, bu zaman Qarabağ xanhğının daxili vəziyyəti murəkkəb idi. Ağa Məhəmməd şah Qacarın viranedici yuruşləri nəticəsində xanlığın əhalisi var-yoxdan çıxmış ərzaq məhsullarının qıtlığı hiss olunurdu. Qarabağ həm Rusiya, həm də Qacarlar dövləti üçün böyük strateji əhəmiyətə malik idi. Şuşa o zamankı İran sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə görə Cənubi Qafqazın açarı, Rusiya üçün İranın qapısı hesab edilirdi.
Qarabağ xanlığını dinc yolla itaətə gətirmək xəttini davam etdirən Sisianov öz şəxsi numayəndəsi - əslən gürcü zadəganı Corayevlə bağlanması təklif olunan müqavilə mətnini göndərdi. Daha sonra mayor Lisaneviçi Şuşaya göndərib xanı Rusiya himayəsini qəbul etməyə razı salmasını tapşırdı. Həm də Lisanevicə verilmiş təlimatdan görünürdü ki, xanın layihəyə duzəliş etməsinə icazə verilmir. Lisaneviç Şuşaya gələn kimi xan nüfuzlu bəyləri də çağırmaqla divan topladı. Altı günlük məsləhətləşmələrdən sonra bütün bəylər Rusiya himayəsini qəbul etmək haqqında təklifi rədd etdilər. Ancaq İbrahimxəlil xan onların rəyi ilə hesablaşmayaraq himayəyə keçmək haqqında muqavilə mətnini qəbul etdi. Sisianov Lisaneviçlə İbrahimxəlil xana ünvanladığı məktub da göndərmişdi. Baş komandan bildirirdi ki, müqavilə xanlığı İran təcavüzundən qorunmasına, varislərinin hakimiyyətinin saxlanmasına təminat verəcək. Müqavilənin imzalanması haqqında İbrahimxəlil xanın prinsipal razılığını alan Sisianov 1805-ci il martın 14-də İbrahimxəlil xana yazdığı məktubunda bununla əlaqədar məmnunluğunu bildirirdi. O, eyni zamanda aprelin 7-də çara raport gondərərək İbrahimxəlil xanın, eləcə də onun qohumu şəkili Səlim xanın müqaviləni imzalayaraq imperatora sədaqət andı içməyə razılaşdıqları haqqında məlumat verdi. General ümid etdiyini bildirirdi ki, xanların ödəyəcəyi bac Gürcüstandakı rus adminstrasiyasının xəzinəsini xeyli zənginləşdirəcək. İbrahimxəlil xan və şəkili Səlim xan öz əyanları və xidmətcilərinin sayı 600 nəfərə çatırdı.
1805-ci il mayın 14-də [yeni təqvimlə 26-sı] İbrahimxəlil xan Sisianovun Gəncədən 20 verst aralıda Kurəkcay sahilindəki düşərgəsinə gələrək himayə müqaviləsini imzaladı və sədaqət haqqında andlı öhdəlik götürdü. Müqavilə giriş və 11 maddədən ibarət idi. Girişdə İbrahimxəlil xan və Sisianov təntənəli şəkildə müqavilə bağladıqlarını bəyan edirdilər. Müqavilənin birinci maddəsində deyilirdi ki, İbrahimxəlil xan İrandan, yaxud hər hansı digər bir dövlətdən asılı olmamağa and içir. İkinci maddəyə görə Rusiya imperatoru özü və varisləri adından İbrahimxəlil xanın və varislərinin və mülklərinin bütövlüyünün qorunmasını vəd edirdi. Müqavilənin üçüncü maddəsində xan hakimiyyətinin ötürülməsi qaydası muəyyənləşdirilirdi. Qərara alınırdı ki, İbrahimxəlil xandan sonra hakimiyyət onun böyük oğluna və sonra eyni qaydada keçəcək. Bu zaman yeni xana çarın təsdiq fərmanı verilməli idi. Xan müstəqil xarici siyasətdən imtina edir və Qafqazdakı rus qoşunlarının komandanı ilə əvvəlcədən razılaşdırmadan qonşu hakimlərlə əlaqə saxlamamalı idi, əgər onlardan elçilər, yaxud məktublar gələrsə, mühümlərini baş komandana göndərməli, az mühümləri barədə isə xanın yanında qoyulmuş rus zabiti ilə məsləhətləşməli idi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -