Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ-la Rusiya arasında ciddi yanaşma fərqləri mövcuddur”

21.06.18, 12:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qabil Hüseynli: “Rusiya Türkiyə ilə birlikdə Astana prosesinin həyata keçməsinə çalışır”

"Rusiyanın kürdləri Suriya üzrə Konstitusiya Komissiyasında təmsil olunmağa dəvət etmək niyyəti ciddi uğur qazanmayacaq". Bu sözləri politoloq Qabil Hüseynli Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin kürdlərin də Suriyanın yeni Konstitusiya Komissiyasında təmsil olunacağına dair fikrinə münasibət bildirərkən deyib: "Bu fonda da Moskva ABŞ-ın Suriya kürdlərinə olan təsirini zəiflədə bilməyəcək. Hətta həmin məsələdə Moskva ilə Türkiyə arasında ciddi fikir ayrılığı mövcuddur. Kürdlər milli azlıq kimi Suriyada müəyyən hüquqlara sahib ola bilərlər. Amma bu məsələdə onlar Suriyanın federallaşdırılması tərəfdarıdır. Ona görə də Suriyanın gələcək quruluşunun necə olacağını hələlik təsəvvür edə bilmirəm. Amma Rusiyanın Suriyadakı kürdlərin maraqlarını müdafiə etmək istiqamətində atmaq istədiyi addımlar nəticəsiz qalacaq". Politoloq, həmçinin, onu da qeyd edib ki, Suriya məsələsində Cenevrə prosesi Astana prosesini üstələməyə başlayıb: "Bildiyiniz kimi, Suriya məsələsində ABŞ-la Rusiya arasında ciddi yanaşma fərqləri mövcuddur. Rusiya Türkiyə ilə birlikdə Astana prosesinin həyata keçməsinə çalışır. ABŞ və onun koalisiya üzrə müttəfiqləri isə Astana prosesini tanımır. Onlar Suriya məsələsini Cenevrədə yaradılan xüsusi komissiyada müzakirə edirlər. BMT də Vaşinqtonun Cenevrə toplantısını müdafiə edir. Bu fonda zənnimcə, artıq Cenevrə prosesi Astana prosesini üstələməyə başlayıb. Rusiya, xüsusən də Türkiyə bu məsələdə Cenevrə prosesinə daha çox meyllənmiş kimi görünür. Rusiya nümayəndələrinin açıqladığı Suriyanın gələcək taleyilə bağlı yeni Konstitusiyanın qəbulu və orada hansı siyasi, milli qüvvələrin təmsilçiliyi məsələsi isə əsaslı müzakirə prosesindən keçməyib. Düşünürəm ki, Moskvanın Suriyanın gələcək siyasi quruluşu ilə bağlı əsas elementlər barədə yürütdüyü fikirlər BMT-də ciddi qəbul edilmir. Çünki, Moskva İranla birlikdə Bəşər Əsəd rejimini bundan sonra da qorumaqla bağlı mövqeyini bildirməklə bir çox ölkələrdə özünə münasibətdə mənfi fikir formalaşmasına səbəb olub. Ona əsasən də düşünürəm ki, Suriya problemilə bağlı artıq Cenevrə prosesinə maraq daha çoxdur. Çünki, həmin proses BMT kimi aparıcı dünya təşkilatının patronajlığı altında həyata keçirilir.
Bu fonda görünən odur ki, Moskva da Cenevrə prosesinə qoşulmaq niyyətindədir. Belə olarsa, orada Rusiyanın təklifləri yalnız İran tərəfindən müdafiə ediləcək. Hətta Türkiyə də Rusiyanın Əsəd rejimini müdafiə etməsilə bağlı göstərdiyi cəhdlərə etibar etmir. Bu halda, Suriya məsələsinin həllinə ABŞ və onun müttəfiqlərinin təsir imkanları artacaq".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bu günlərdə bəyan edib ki, Suriyada yaşayan kürdlər də bu ölkə üzrə yaradılan Konstitusiya Komissiyasında təmsil olunacaqlar. Hansı ki, bu məsələdə Türkiyə öz dövlət maraqlarını əsas tutaraq tamam fərqli düşünür. Onu da vurğulayaq ki, hazırki vəziyyətdə kürdlər Suriyanın şimalı da daxil olmaqla ölkənin az qala üçdə birinə nəzarət edir. Həmçinin, hazırda Suriya kürdlərinə təsir edən başlıca qüvvə ABŞ-dır.

Bu xəbər oxundu
- - -