Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı Təl-Əvivlə balanslı siyasət yürüdür

22.06.18, 12:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Beynəlxalq münasibətlər üzrə doktorant, Fransanın Monteskyö Universitetinin siyasi elmlər üzrə məzunu, 2014-cü ildən “The Times of Israel” və “Jerusalem Post” qəzetləri üzrə bloger Səid Musayevin İsraillə Azərbaycan arasındakı diplomatik münasibətlərə dair yeni məqaləsi “Infos Israel News” portalında dərc olunub.
WorldMedia yazır ki, həmin məqalədə yəhudilər üçün Şərqi Avropa və Yaxın Şərqdə ədalətsiz şəkildə təqib edildikləri dövrdən bəri Azərbaycanın hər zaman sakit və əlverişli məkan olduğu qeyd olunub.
Azərbaycan İslamın dünyəviləşməsi üçün nümunəvi sayılacaq bir yol keçməyə nail olub. Bu, ərəb-Fars körfəzi cəmiyyətinin əksəriyyəti üçün mürəkkəb bir problemdir. Azərbaycanlıların birgəyaşayış anlayışı isə bizə müsəlmanlarla yəhudilərin bir-birinin dini, mədəni və sosial dəyərlərinə hörmət etməklə bir yerdə, dostluq içində yaşaya bildiyini göstərir. Bundan başqa, bu iki xalq dostluğu qoruyub saxlamaqda da maraqlıdır. İndiyədək heç bir yəhudi Azərbaycanda dini və ya irqi ayrı-seçkiliyin şahidi olmayıb.
Azərbaycan İsraillə sıx münasibətlər saxlayan nadir müsəlman ölkələrindəndir. İsrail Azərbaycanın 1991-ci il oktyabrın 18-də elan etdiyi müstəqilliyini tanımış ilk 4 ölkədən biridir. Amma yəhudilərlə azərbaycanlılar arasında əməkdaşlığın və dostluq münasibətlərinin tarixi daha qədimdir. Azərbaycanın məşhur İpək yolunun üzərində yerləşməsi, karbohidrogen ehtiyatları ilə zənginliyi, həmçinin burada yəhudilərə dostluq mühitinin olması bu gözəl ölkəni dünya yəhudiləri üçün cəlbedici istiqamətə çoxdan çevirib. Tarixən Azərbaycan yəhudilərinin dini və mədəni ənənələri Azərbaycan xalqının zəngin multikulturalizminin bir hissəsi sayılıb. Yəhudilər hər zaman Azərbaycan cəmiyyətinin siyasi və iqtisadi idarəçiliyində böyük və nəzərəçarpan rol oynayan fəal millət olub. Onlar Azərbaycanda elmin və texnologiyanın inkişafına da öz töhfələrini veriblər.
Məlum olduğu kimi, yəhudi dövləti casus proqramları və proqram təminatı üzrə dünya lideridir. Bundan başqa, o, Cənubi Qafqazda və Xəzər dənizi regionunda Yaxın Şərqin Azərbaycanla ümumi geosiyasi və geoiqtisadi maraqları olan ən toxunulmaz ölkəsidir. İki ölkə arasında bütün sahələrdə, o cümlədən ticarət, enerji, texnologiya, elm, turizm, kənd təsərrüfatı, tibb və müdafiə sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan İsrailin siyasi və hərbi elitası üçün strateji və mühüm tərəfdaş hesab olunur. Bu tərəfdaşlıq İsrailin hazırkı baş naziri və “Likud” partiyasının sədri Benyamin Netanyahunun hakimiyyəti dövründə daha da möhkəmlənib. Bu gün İsrail-Azərbaycan tərəfdaşlığı yalnız siyasi, iqtisadi və enerji əməkdaşlığına əsaslanmır, o, həmçinin Azərbaycanda yəhudi etnik-mədəni irsinin mövcud olması səbəbindən iki ölkə arasında mədəni əlaqələrin paylaşılmasını ehtiva edir.
İsrail elitası və dünyada böyük nüfuza sahib yəhudi diasporu yaxşı bilir ki, çoxmədəniyyətli Azərbaycanda etnik yəhudilərin vətəndaşlıq hüquqları qorunub saxlanılır. Elə bunun nəticəsidir ki, yəhudilər Azərbaycanda öz mədəni, etnik və dini adət-ənənələrini sərbəst şəkildə yerinə yetirir, öz doğma dilində təhsil alır.
Azərbaycanla İsrail arasında əlaqələr sanki bir aysberqdir – bu münasibət üzdə az görünsə də, əslində çox dərindir. Bu 2 dövlət terror, kibermüharibə, radikal islam ideologiyası kimi ümumi çağırışlarla üzləşib. Odur ki, onlar ümumi təhdidlərlə mübarizə aparmaq üçün strateji əlaqələri inkişaf etdirməyi lazım bilib. Bu, bölgədəki sabitlik səylərinə, daha dəqiq desək, qlobal terrorçuluğa qarşı cəsarətli addım olub.
Ötən iyirmi il ərzində Azərbaycan İsraillə həm də müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirib. Tarixi əlaqələrə baxmayaraq, tərəflər arasında strateji və qardaşlıq münasibətləri məhz Azərbaycan prezidenti İlham Əliyevin praqmatik baxışı sayəsində daha da güclənib. Nəticədə Azərbaycan İsraili özünə etibarlı tərəfdaş seçib. O, bu ölkənin müdafiə avadanlıqlarına və sistemlərinə böyük sərmayə yatırıb. Diplomatik münasibətləri 1992-ci ildə qurmuş, 1993-cü ildə isə Azərbaycanda səfirliyini açmış İsrail də Bakını mühüm tərəfdaşı sayır. Bu gün İsrailin neftə təlabatının 40%-ni Azırbaycan ödəyir. Bununla belə, “geosiyasi reallıqlar” üzündən Azərbaycan hələ də İsraildə öz səfirliyini açmayıb.
Artıq İsraildə Azərbaycan səfirliyinin açılması haqda düşünməyin vaxtıdır. Azərbaycan Avropa ilə Asiyanı bir-birinə bağlayan vacib bənddir. İran və Rusiyadan yan keçməklə, Xəzər dənizi vasitəsilə Asiyadan Avropaya gedən yeganə enerji və nəqliyyat infrastrukturu məhz Azərbaycandadır. Bakı bu gün Rusiya və İranla, həmçinin Avropa və Asiyanın nəhəng dövlətlərilə geniş əməkdaşlıq etməklə yanaşı, İsraillə də strateji əlaqələr qurub və balanslı siyasət yürüdür. Azərbaycanın xüsusi özəlliyi İsraillə sıx münasibətlərinə rəğmən, müsəlman dünyasının da aparıcı üzvü olmasıdır. O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü olaraq qalır, bir çox müsəlman ölkələrilə sıx əlaqələr saxlayır. Buna görə o, heç bir təcridlə üzləşmir. Bir sözlə, Azərbaycan çoxəsrlik liberal dəyərlərinə bağlı olmaqla, İsraillə normal əlaqələr saxlamaqla yanaşı, İslam cəmiyyətində mühüm aktor kimi çıxış etmənin mümkünlüyünü hər kəsə göstərir.
Ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi, bölgədə islamçı qrupların güclənməsi də Azərbaycanı İsraillə təhlükəsizlik sahəsində əlaqələri dərinləşdirməyə sövq edir. Bu gün İsrail Azərbaycan Ordusunun və onun özünümüdafiə potensialının güclənməsində mühüm və konstruktiv rol oynayır. O, Azərbaycan Ordusunu ən müasir hərbi texnologiyalarla təchiz edir. Baş nazir Bakıya 2016-cı il dekabrın 14-də etdiyi rəsmi səfəri zamanı Azərbaycanla ticarət və təhlükəsizlik əlaqələri qurmaqda maraqlı olduqlarını demişdi. O, bu səfərdən həm də müsəlman ölkələrinə İsraillə güclü və açıq əlaqələr saxlamağın mümkün olduğunu göstərmək üçün yararlanmaq istəyirdi.
Ötən 10 ildə İsrail Azərbaycana böyük həcmdə müasir silah verib. Onların arasında zirehli avtomobillər, bütün növ pilotsuz uçuş aparatları, radarlar, hava hücumundan müdafiə sistemləri, həmçinin artilleriya sistemləri və dronlar var. Azərbaycan 2016-cı ilədək İsrail şirkətlərindən 5 milyard dollarlıq hərbi vasitələr alıb. Bu vasitələr Dağlıq Qarabağ ətrafında Ermənistanın hər hansı hücum cəhdinin qarşısının alınması baxımından çox əhəmiyyətlidir.
Fransa kəşfiyyatının (The French Intelligence Online) məlumatına əsasən, İsrail Bakıya həm də müasir radar sistemləri, nəzarət və komanda idarəetmə məntəqələri və kəşfiyyat məlumatları toplayan digər avadanlıqlar verib. O, Bakını 150 milyon dollarlıq müşahidə peykilə təmin etmək təklifini də irəli sürüb.
İsraillə hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq əlbəttə ki, Azərbaycanın təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. İsrail Azərbaycanın enerji infrastrukturunu yaxşılaşdırmaq, Azərbaycan qoşunları üçün hərbi qatarlar hazırlamaq, həmçinin Azərbaycan prezidentinin xarici səfərləri zamanı onun təhlükəsizliyini təmin etmək üçün Bakı Beynəlxalq Hava Limanı yaxınlığında xüsusi məkan da yaradıb.
Azərbaycanla İsrail radikal islamçı təşkilatların kökünü kəsmək, kənar təhdidlərin qarşısını almaq üçün əməkdaşlıq edir. Onların beynəlxalq terrorçuluqla mübarizədəki əməkdaşlığı Qərb dövlətləri tərəfindən rəğbətlə qarşılanır və alqışlanır.
Bölgədə artan qeyri-sabitlik və beynəlxalq aləmdəki təlatümlər fonunda İsrail bu gün də strateji tərəfdaşlarını gücləndirməyə, yeni dostluq yolları açmağa çalışır.
Nəhayət, mədəniyyətlər, dinlər və sivilizasiyalararası dialoq ölkəsi olan Azərbaycan həm “Eurovision” mahnı müsabiqəsinin, həm İslam Həmrəyliyi Oyunları və “Bakı-2015” Avropa Oyunlarının təşkilatçısı kimi çıxış edib. Müasirləşmə istiqamətində böyük yol keçmiş Bakı Avropada Şərqin xarizmasını qoruyub saxlamaqla yanaşı, müsəlman dünyasına İsrailə nifrət etmədən, üstəlik onunla sarsılmaz tərəfdaşlıq münasibətlərində yaşamağın mümkünlüyünü göstərir.

Bu xəbər oxundu
- - -