Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru“

25.06.18, 9:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İqtisadi inkişaf sahəsində öz dəst-xətti olan Azərbaycanın regionda lider olduğunu göstərən daha bir məqam ölkəmizin elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır.
Milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da enerji strategiyasının hazırlanması və tətbiqi olduqca zəruri və mühümdür.
Azərbaycanın regionda enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yürüdən dövlət kimi çıxış etməsinin əsasları müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində formalaşdırdığı enerji strategiyasına əsaslanır. Ölkəmizin bir əsrdən artıq tarixə malik elektroenergetika sisteminin sürətli inkişaf dövrü Ümummilli Liderin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Məhz həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) inşa olunub. 2400 Mvt gücündə olan bu elektrik stansiyası hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Eyni zamanda, istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxu da məhz bu stansiyanın payına düşür.
1970-ci ildə ümumi gücü 22 Mvt olan Araz SES, 1976-cı ildə ümumi gücü 50 Mvt olan Tərtər SES (bu stansiya hazırda erməni silahlı birləşmələrinin işğalı altındadır), 1982-ci ildə isə ümumi gücü 380 Mvt olan Şəmkir SES inşa edilib. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılıb. O illərdə 330kV-luq “Əli Bayramlı” İES-“Ağdam”-“Gəncə”-“Ağstafa”, Əli Bayramlı-Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis-Vəli və s. kimi elektrik verilişi xətləri, 330/110/20 kV-luq “Yaşma”, “Gəncə”, “Ağstafa”, 330/110/10kV-luq İmişli, 500/ 330/220kV-luq Abşeron, 220/110/10kV-luq “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verilib. Ulu Öndər Heydər Əliyev sonralar bu şərəfli tarixi xatırlayarkən deyirdi: “Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və o illərdə-1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu bir çox sahələr kimi, elektrik energetikası sisteminə də təsirsiz ötüşməmiş, siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyük problemlər yaranmışdı. Elektrik enerjisi şəbəkələrinin yarıdan çoxu istismara yararsız vəziyyətə düşmüşdü. 1949-1954-cü illərdə istismara verilən 220kV Mingəçevir-1, Mingəçevir-2 birzəncirli elektrik verilişi xətləri Mingəçevir elektrik stansiyasından ölkədə ən yüksək elektrik enerjisi sərfiyyatı səviyyəsinə malik Abşeron iqtisadi zonasına 250 meqavat (MV) elektrik verilişi gücü təmin edirdi. Hər iki xətt ötən əsrin 80-ci illərində qismən bərpa edilmişdi. Lakin sonralar əksər seqmentlərə adekvat şəkildə texniki xidmət göstərilməmişdi və bu da enerji itkisinin artmasına, gərginliyin aşağı düşməsinə gətirib çıxarırdı. Elektrik enerjisinə artan tələbat bu xətlərin hədsiz yüklənməsinə, itkilərin yaranmasına (6%-7%) və tez-tez fasilələrə (ildə 8-17 dəfə) səbəb olurdu. Buna görə də elektrik verilişi gücünün mövcud xətlərinin dəyişdirilməsi və yeni, iki zəncirli 220kV elektrik verilişi xəttinin inşası ilə genişləndirilməsinə ehtiyac yaranmışdı.
Milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq, Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılması müstəqilliyin ilk illərindən həlli vacib məsələlər kimi qarşıda dururdu. Heydər Əliyevin bütün xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı apardığı danışıqlarda elektrik enerjisi təsərrüfatının yenidən qurulması probleminin həlli yollarının axtarılması, konkret obyektlərin inşası və bərpası ilə bağlı məsələlər əsas müzakirə mövzusu olurdu. Ulu öndər 1995-ci ilin dekabr ayında İngiltərəyə səfəri zamanı Yenikənd SES-in tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kreditin ayrılmasına nail olub və bu kredit hesabına ümumi gücü 150 Mvt olan Yenikənd SES inşa edilib. Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılan kredit çərçivəsində Mingəçevir SES-in yenidən qurulması, 330kV-luq Ağcabədi, 110kV-luq Bərdə yarımstansiyalarının və 330kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası da həyata keçirilib. Almaniyanın “Bayerişe Landesbank Eirosentrale” Bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə “Şimal” ES-də 400 MVt-luq buxar qaz qurğusu istismara verilib. Ümumiyyətlə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə 3500 MBt-a yaxın generasiya gücü işə salınıb.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xətt nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilib, ölkənin elektrik enerjisi sistemi, enerji istehsal edən əksər strukturlar yenidən qurulub, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilib, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilib. Astara, Şəki, Xaçmaz və Naxçıvanın hər birində 10 aqreqat, Bakı şəhəri və Qubanın hər birində 12 aqreqat, Səngəçalda isə 18 aqreqat olmaqla 7 elektrik stansiyası tikilib istifadəyə verilib.
Dövlət başçısının regionlarda hər bir elektrik stansiyasının açılışında iştirak etməsi və ölkə iqtisadiyyatının inkişafının əsas şərtlərindən biri kimi generasiya güclərinə malik olma amilini xüsusi vurğulaması regionların elektrik enerjisi ilə fasiləsiz təchizatının nə qədər mühüm prioritetlərdən olduğunu göstərir. Prezident İlham Əliyev Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının açılışında deyib: “Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir və mən Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət mərkəzində saxlamışam. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə dövlət siyasəti çox açıqdır, aydındır, birmənalıdır”.
Onu da qeyd edək ki, 2017-ci ildə Azərbaycan 1 milyard 160 milyon 193,03 min kilovat saat enerji ixrac edib.
İxrac edilən elektrik enerjisinin dəyəri 50 milyon 968,96 min dollar təşkil edib.
Rəsmi rəqəmlərə görə, 2016-cı ildə Azərbaycan 646 milyon 757,88 min kilovat saat, 28 milyon 344,46 min dollar dəyərində elektrik enerjisi ixrac edib.
Beləliklə, 2017-ci ildə Azərbaycanın enerji ixracı 79,4 faiz yüksəlib.
Rusiyaya 124 milyon 413,86 min kilovar saat (7 milyon 107,08 min dollar), Gürcüstana 891 milyon 22,52 min kilovat saat (37 milyon 573,68 min dollar), Türkiyəyə 101 milyon, 469,64 min kilovat saat (5 milyon 73,48 min dollar), İrana 43 milyon 290 min kilovat saat (1 milyon 214,71 min dollar) elektrik enerjisi ixrac edilib.
Azərbaycan elektrik enerjisi ixrac etməklə bərabər idxal da reallaşdırıb. 2017-ci ildə 108 milyon 421,76 min kilovat saat – 4 milyon 224,86 min dollar dəyərində elektrik enerjisi idxal edilib.
Azərbaycanın elektrik enerjisi idxalı 2,2 faiz azalıb. Dəyər ifadəsində isə 0,07 faiz bahalaşma baş verib.
Qeyd edək ki, Azərbaycan Rusiyadan 64 milyon, 344,71 min kilovat saat, Gürcüstandan 1 milyon 739,55 min kilovat saat, İrandan 42 milyon 337,5 min kilovat saat elektrik enerjisi alıb.
Dünya iqtisadiyyatının inkişafı, sənayeləşmə və sənayenin önəminin artması bəşəriyyəti enerji əldə edilməsində daim yeni və alternativ variantlar tapılması üçün axtarış aparmağa məcbur edir. Ənənəvi resursların, o cümlədən neftin və qazın getdikcə tükənməsi ölkələr qarşısında yeni məsələ - alternativ və bərpa oluna bilən enerji mənbələrinin işlənməsi məsələsini qoyur.
Azərbaycanın alternativ energetika sahəsində imkanlarından danışarkən qeyd etmək lazımdır ki, ölkənin 2020-ci ilə kimi günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üzrə gücünü 600 meqavata qədər qaldırmağa yetərincə imkanı var.
Bundan başqa, ilkin qiymətləndirmələrə görə, təbii mühit, iqtisadi infrastruktur və coğrafi yerləşmə nəzərə alınmaqla Azərbaycanın külək energetikasının resurslarının potensialı 800 meqavatdır. Uyğun olaraq, bu, 2,4 mlrd. kv/-saat elektrik enerjisi və hər il 0,8 mln. ton şərti yanacağa qənaət etmək deməkdir.
Bərk məişət tullantılarının, biokütlənin, termal qaynaqların emalından enerji alınması, həmçinin onlarla kiçik su elektrik stansiyası (SES) tikilməsi üzrə imkanlar da var.
Çayların texniki gerçəkləşdirilə bilən hidroenergetik potensialının ümumi həcminin 5 mlrd kv-/saatını kiçik hidroelektrik stansiyalarının hesabına təmin etmək mümkündür. Azərbaycan çaylarının ümumi hidroenergetika potensialı isə 40 mlrd kv/saat təşkil edir, bunun 16 mlrd. kv-/saatı texniki gerçəkləşdirilə biləndir.
Rəqəmlər göstərir ki, alternativ enerji mənbələrinin inkişafı üzrə imkanlar yetərincə yüksəkdir. Onların inkişafı elektrik enerjisi istehsalı üçün işlədilən ənənəvi karbohidrogen resurslarının istehlak həcmini azaltmağa imkan verir. Misal üçün, alternativ və bərpa olunan mənbələr hesabına 1000 meqavat enerji gücünün yaradılması ölkəyə əlavə olaraq 1 mlrd. kubmetr qaz ixrac etməyə imkan yaradar.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev qeyd edib ki, son illərdə Azərbaycanda elektrik energetikası sahəsində böyük potensial yaradılıb, ümumi gücü 2300 MVt-dan artıq olan yeni elektrik stansiyaları, həmçinin bir neçə yarımstansiya və elektrik verilişi xətləri istismara verilib. Enerji sisteminin tranzit imkanlarının genişləndirilməsi nəticəsində 2017-ci ildə ölkəmiz elektrik enerjisi ixracatında çox yüksək göstəricilərə nail olub.
Enerji sisteminin generasiya və ötürmə imkanlarının genişləndirilməsi davamlı prosesdir: “Məhz Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdirilib, investisiya tələbatlı tədbirlər müəyyənləşdirilib. “Azərenerji” ASC-nin də Tədbirlər Planının icrası ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək üçün konkret fəaliyyət mexanizmi yaradılıb, bunun əsasında zəruri işlər aparılır”.
E.Pirverdiyev elektrik energetikası sahəsində həyata keçirilən mütərəqqi dövlət siyasəti sayəsində enerji sisteminin bundan sonra da sosial-iqtisadi inkişafdakı əvəzedilməz yeri və rolunun layiqincə davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Habil Hüseynov

Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bu xəbər oxundu
- - -