Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Görüş zamanı danışıqlar prosesi ətraflı müzakirə olunub”

12.07.18, 8:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hikmət Hacıyev: “Həmsədrlərin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”

Məhəmməd Əsədullazadə: “XİN rəhbərlərinin görüşü Qarabağ münaqişəsi üzrə danışıqların yeni raundunun başlanması deməkdir”


NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir. Bəyannamədə bildirilir: "Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik".
Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənir: "Bu baxımdan biz Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Biz bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq".
Qeyd edək ki, Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib. Qəbuldan əvvəl birgə foto çəkdirilib.
Onu da əlavə edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 11-də Brüsseldə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə Brüsseldəki ilk görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.
Hikmət Hacıyev qeyd edib ki, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub: "Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb".
Xarici işlər nazirlərinin görüşü danışıqlar prosesinin bərpası üçün yetərli olacaqmı və NATO ilə əməkdaşlıq Qarabağ probleminin həlli üçün Azərbaycana divident verə bilərmi? Yaxın və uzaq perspektiv üçün nəsə gözləmək olarmı?
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü Qarabağ münaqişəsi üzrə danışıqların yeni raundunun başlanması deməkdir. Onun sözlərinə görə, bu danışıqlarda Madrid prispləri üzrə müzakirələrin aparılması razılaşdırılıb. Hesab edirəm ki, danışıqların bərpası müdbətdi, amma Ermənistan yenidən imitasiya edə bilər. Ona görə də buna rəsmi Bakı imkan verməməlidir. Danışıqlar mütləq real nəticələrə əsaslanmalıdır”.
O həmçinin əlavə edib ki, NATO-nun Brüsseldə sayca 29-cu sammiti dünyada davam edən gərgin siyasi-hərbi problemlər fonunda keçirilir: “Bu probelmlərə, Yaxın Şərqdə davam edən müharibə, Şərqi Avropada, xüsusən Ukraynanın separatçı regionları, Rusiyanın işğal faktoru, gərgin hərbi vəziyyət və konfontrasiya yaşayan NATO Rusiya əlaqələri daxildir.
Bu sammitdə qəbul olunan qərarlar və müzakirə edilən məsələlər, əsasən Alyansın güclənməsinə, nəhayət Rusiyanın Şərqi Avropada aqressiyasının qarşısının alınmasına yönəlib. Qeyd edim ki, Trampın prezident seçiləndən sonra ABŞ-la Alyans üzvüləri arasında davam edən fikir ayrılıqları, Avropanın NATO-dan kənar yeni ordu yartmaq barədə planı, Brüssel sammitinə damğasını vurdu, demək olar. Baş verənlər Alyans üzvüləri arasında effektiv əməkdaşlığı zəiflədir və etimad mühitini sarsıdıb. Hətta, bu sammit üzv dövlətlər arasında fikir ayrılıqlarına son qoymadı. NATO-nun əsas maliyyə sponsoru və moderatoru olan ABŞ-ın Avropa dövlətlərinə qarşı Alyansın büdcə məsələlərində təzyiqləri üzv dövlətləri Vaşinqtondan narazı salan əsas məqamdı. Çünki, dövlət büdcələrinin 2 faizini NATO ya ayırsalar, bundan Vaşinqton yararlanacaq. Çünki, ABŞ NATO-dan öz geosiyasi məqsədləri üçün maksimum istifadə edir. Ona görə də ABŞ-ın əsas maliyyəçi olmasından yanadırlar. NATO Pentaqonun hərbi-siyasi əməliyyatlarlnda iştirak və əsas zərbə qüvvəsi kimi xarakterizə olunur. Avropanın üzv dövlətləri 2 faiz büdcə xərclərini Alyansa ayırmaqdansa, özünün yeni hərbi ittifaqını qurmağı daha məqsədə uyğun hesab edir. Hətta, Vaşinqtonun bir başa diktəsindən qurtulmağı qarşılarına məqsəd qoyublar. Burada Almaniya və Fransa daha da irəli gedir.
Göründüyü kimi üzv dövlətlər, Trampın siyasətinə görə böyük siyasi fikir ayrılıqlarına malikdir. Əgər, fikir ayrılıqları davam edərsə, Alyansın tezliklə zəifləməsinə apara bilər”.
Onun fikrincə, buna baxmayaraq, Qərbin əsas hərbi-siyasi təşkilatı olan İttifaqı bu gün dünyanın aparıcı hərbi blokudur: “Öz qlobal əhəmiyyətini qoruyan Alyansın inkişafı və yeni üzvülüklə bağlı çağırışları davam edir. Bu gün NATO Əfqanistanda, Balkanlarda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə yeni siyasət formalaşdırır. Əsasən Şərqi Avropada öz hərbi kontingentini artıran təşkilatın əsas pioritetləri sırasında Rusiyanın aqressiyasının qarşısını almaq, Baltikyanı ölkələri Kremlin hibrid təhdidlərindən müdafiə etməkdir.
Xüsusi olaraq qeyd edim ki, NATO bundan sonra da, öz inkişaf dinamikası ilə Cənubi Qafqazda da möhkəmlənəcək. Çünki, Rusiyanın regionda möhkəmlənməsinin qarşısını almaq və Mərkəzi Asiyaya çıxaraq, regionda tranzit və enerji daşıyıcılarının təhlükəsizliyini təmin etməkdir. NATO ilk növbədə Gürcüstanı öz çətiri altına almaqla regiona giriş siyasətinə strat vermiş olacaq. Gürcüstanın sammitdə Alyansa bir müdətdən sonra üzvülüyü inamlı şəkildə qeyd olunması göstərdi ki, yaxın perspektivdə bu ölkə Alyansa üzv olacaq. Bu, o deməkdir ki, artıq Qərb bloku regionumuzda fəaliyyətə keçərək, Rusiyanın burada deastiblizasiya siyasətinin qarşısını alacaq. Bu da Azərbaycan və region üçün ümumi təhlükəsizlik çətiri deməkdir. NATO regionumuzla xüsusi ilə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi bəyannamədə dəstəkləməsi göstərir ki, uzaq olmayan gələcəkdə Cənubi Qafqaz NATO nəzarətinə keçəcək.
NATO-nun yekun bəyannaməsində region dövlətlərinin ərazi bütövlüyü ilə bağlı bəndə fikir versək, görərik ki, həqiqətən də Cənubi Qafqaz Alyansın maraq dairəsindədir. Bəyannamədə qeyd edilir- "Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Biz bütün tərəfləri konstruktiv və güclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq."
Göründüyü kimi, Rusiyanın satalleti olan Ermənistanın cəhdlərinə baxmayaraq ölkəmizin ərazi bütövlüyü tam ədalətli şəkildə burada təsbit olunub. Artıq, NATO-nun yeni şərtləri və siyasi çağırışlarında Ermənistanın işğalçı siyasətinə yer yoxdur. Ölkəmizin bu sammitdə tərəfdaş kimi iştirakı, ərazi bütövlüyümüzün tam dəstəklənməsi ilə bağlı bəyyanamədə vurğulanması, ölkəmiz üçün yeni siyasi imkanlar vəd edir”.

Əli

Bu xəbər oxundu
- - -