Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənilər Gəncə hadisələrinə nicat yolu kimi baxırdılar”

16.07.18, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu terror hadisəsi haqqında Berlində olarkən mətbuatdan öyrəndik və çox böyük üzüntü və narahatlıqla qarşıladıq. İstər Gəncənin icra başçısı Elmar Vəliyevə atılmış güllə, istərsə də iki polis polkovnikimizin xəncərlənərək şəhid edilməsi Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına, inkişafına, sabitliyinə və nəhayət, Qarabağ uğrunda apardığı qanlı mücadiləyə atılan güllə, arxadan vurulan xəncər idi. Bunun başqa adı yoxdur.
Bu sözləri Trend-ə müsahibəsində ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib. Millət vəkili bildirib ki, terrorun kənardan idarə olunduğu, milli maraqlarımızın qorunması və təminatında dövlətimizin sərgilədiyi prinsipial və dönməz siyasətin sarsılması üçün həyata keçirilməsi də heç kimdə şübhə doğurmur: “Bu hadisənin müqəddəs İslam dininə və bu dinə həqiqi bağlı olan müsəlmanlara heç bir aidiyyəti yoxdur. Cənab Prezident keçirdiyi müşavirədə terrorun törədilməsi səbəbi və onun arxasında duran məkirli qüvvələr haqqında ciddi mesajlar verdi. Əminəm ki, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da müəyyən edəcək. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduğu cəzalarını alacaqlar.
Bu gün Azərbaycanda sabitliyin pozulması və hər hansı bir qarşıdurmanın olması yalnız Ermənistanın marağındadır və onun xeyrinədir. 1988-1993-cü illərdə torpaqlarımızın işğal edilməsinin əsas səbəblərindən biri də məhz həmin dövrdə ölkədə hökm sürən anarxiya və siyasi sabitliyin olmaması idi. Biz o dövrü yaxşı xatırlayırıq və hələ də unutmamışıq. Təəssüflər olsun ki, indi də buna cəhd edən və 90-cı illərin əvvəllərində baş vermiş mənfi halların təkrarlanmasında maraqlı olan qüvvələr var”.
Azay Quliyev bu hadisəyə ermənilərin reaksiyasının da çox düşündürücü olduğunu deyib: “Gəncədə iki polis polkovnikinin şəhid edildiyi günün sabahısı, yəni iyulun 11-də Berlində Ermənistan nümayəndə heyətinin üzvü mənə yaxınlaşaraq Gəncə hadisələri ilə maraqlandı. Elə bil bu adam bir gün öncə Azərbaycan Ordusunun gücündən və aldığı silahların Ermənistan üçün ağır nəticələr verə biləcəyindən qorxu və səksəkə ilə danışan, Azərbaycandan ATƏT-ə şikayət edən erməni nümayəndə heyətinin üzvü deyildi. Mən onun gözlərində bu terror hadisəsinin Azərbaycanda qarışıqlığın, Ermənistanda isə sanki nicat yolunun başlanğıcı olduğu ilə əlaqədar sevinc hissini gördüm. O, sevinc hissini heç gizlətmirdi və bu hadisədən çox məmnun görünürdü”.
Azay Quliyev bildirib ki, Azərbaycan xalqı, ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də dövlətimizə sədaqət nümayiş etdirdilər və cinayətkarların tutulması və zərərsizləşdirilməsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər: “Təmizləmə işi hüquq-mühafizə orqanları tərəfindən uğurla davam etdirilir və əminəm ki, dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti və planı indiyədək olduğu kimi bundan sonra da puç olacaq”.

Bu xəbər oxundu
- - -