Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əhməd Yəsəvinin Türküstanda əsasını qoyduğu sufi-təsəvvüf görüşləri

20.07.18, 9:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

150 il sonra Y.İmrə onu Ön Asiyada davam etdirib

1-ci yazı
Türk təsəvvüf ədəbiyyatının aparıcı simalarından biri olan Xoca Əhməd Yəsəvinin (1103-1166) həyatı haqqında mənbələrdə dəqiq məlumat yoxdur. Bu böyük türk sufısinin tərcümeyi-halı və qismən də yaradıcılığı haqqında fıkirlər xalq arasında geniş yayılmış rəvayətlər əsasında formalaşdırılıb. Əhməd Yəsəvi XII əsrin əvvəllərində (təxminən 1103) Qərbi Türküstanın Sayram qəsəbəsində nadan olub. Bu qəsəbə hazırda Qazaxıstanın Çimkənd şəhərindən 7 km. aralıda yerləşir. Əhməd Yəsəvinin atası Şeyx İbrahimin Həzrət Əli nəslindən olduğu ehtimal olunur. Anası Ayşə xatun tanınmış din xadimi Şeyx Musanın qızı olmuşdur. 7 yaşında ikən Əhməd Yəsəvinin atası vəfat edib. Az zaman keçməmiş onun anası da vəfat edib. Valideynlərini itirdikdən sonra Əhməd Yəsəvi özündən böyük bacısı Gövhərşahnazla birlikdə Yəssə (indiki Türküstan) şəhərinə gedib. “Yəsəvi” təxəllüsü bu şəhərin adı ilə əlaqədardır. Həmin şəhərə Hicazdan gəlmiş Arslan Baba adlı müqəddəs şəxs Əhməd Yəsəviyə mənəvi ata olub, onun təlim-tərbiyəsini öz üzərinə götürüb. Bu barədə “Divani-hikmət”də belə yazılıb:
Yeddi yaşda Arslan Babam arayıb buldu:
Gördüyü hər sirri pərdə ilə sarıp örtdü “Allaha həmd olsun, gördüm” dedi, izim öpdü.Əhməd Yəsəvi mürşidinin ölümündən sonra Buxaraya gedir, tanınmış din mütəfəkkiri Şeyx Yusif Həmədaninin tələbəsi olur. Şeyx Yusif Həmədanidən İslamın əsaslarını öyrənən Əhməd Yəsəvi öz mürşidinin 3-cü xəlifəsi kimi 1160-cı ildə irşad rütbəsinə yiyələnir. Qeyd edək ki, Şeyx Yusif Həmədaninin ölümündən sonra bu rütbəni 1-ci xəlifə kimi Şeyx Abdulla Bərki, 2-ci xəlifə kimi isə Şeyx Həsən Əndəki daşıyıb. Əhməd Yəsəvinin irşadlığı dövründə “Yəsəviyyə” təriqəti geniş yayılıb. Rəvayətə görə, bu təriqəti Orta Asiya, Çin, Hindistan, Anadolu, Balkanlar və s. yerlərdə yaymaq üçün 99 min dərviş fəaliyyət göstərib. Bunlardan başqa, Ə.Yəsəvinin yaşadığı şəhərdə təriqəti yayan dərvişlərinin sayı 12 min nəfər olub.
Qeyd edək ki, Ə.Yəsəvinin yaşadığı dövr Abbasilər xilafətinin hakimiyyətdə olduğu illərə təsadüf edir. Bu dövrlərdə Suriyadan tutmuş Şimali Afrikaya, İspaniyaya, Volqa çayı sahillərinə, Çin və Hindistana qədər olan ərazilərdə müsəlman hakimiyyət və nüfuzu xeyli güclənmişdi. Belə bir zamanda İslam ideologiyasının təbliğinə böyük ehtiyac yaranmışdı. Təbii ki, İslam ideologiyasının təbliğində təriqətlər xüsusi rol oynayırdı. Ə.Yəsəvinin “Yəsəviyyə” təriqəti müsəl¬man dünyasında sürətlə yayılıb və böyük rəğbətlə qarşılanıb. Ə.Yəsəvinin çoxminli müridləri arasında ilk xəlifə adını almış Arslan Babanın oğlu Mənsur Ata olub. 1197-ci ildə Mənsur Atanın və¬fatından sonra oğlu Əbdülməlik Ata, nəvəsi Tac Xacə, nəticəsi Zəngi Ata bir-birini əvəzləyərək irşad rütbəsini daşıyıblar.
Əhməd Yəsəvinin bir oğlu, iki qızı olub. Oğlu İbrahim kiçik yaşlarında ölüb, Yəsəvi nəsli qızı Gövhərşahnazın övladları ilə davam edib. Əhməd Yəsəvidən beş əsr sonra yaşamış Övliya Çələbi bu nəslin ən layiqli nümayəndələrindən biri olub. Ə.Yəsəvi 1166-cı ildə vəfat edib. Onun ölümü ilə bağlı maraqlı fikirlər mövcuddur. O, 63 yaşına çatanda “Bizim üçün yerin altı yerin üstündən daha faydalıdır” deyərək öz müridlərinə yerin altında bir otaq (çilləxana) hazırlamağı tapşırıb. Buna səbəb Məhəmməd peyğəmbəri yuxuda görməsi və həyatda ondan artıq yaşamamaq istəyi olub. Əhməd Yəsəvi peyğəmbərdən çox ömür yaşamağı özü üçün rəva görməyib və bu addımı atıb. “Divani-hikmət”də Ə.Yəsəvinin bu seçimi belə ifadə olunur:
Eya dostlar, qulaq verin dedigimə,
Nə səbəbdən altmış üçdə girdim yerə?
Merac üstündə haqq Mustafa ruhumu gördü. O səbəbdən altmış üçdə girdim yerə.
Altmış üçdə nida gəldi: Qul, yerə gir Həm canınım, cananımım, canını ver Hü kılıcını ələ alıb nəfsini qır
Bir də varım, didarını görürmüyüm...
Əhməd Yəsəvinin çilləxanaya girdikdən sonra hansı tarixdə öldüyü mübahisəlidir. Onun çilləxanaya girdikdən 1, 5, 10, 20, hətta 50 il sonra öldüyü bildirilsə də, hələlik Ə.Yəsəvinin ölüm tarixi tam dəqiqləşdirilməyib. Ə.Yəsəvinin məzarı Yəssə (indiki Türküstan) şəhərindədir. Ə.Yəsəvinin məzarı Əmir Teymur tərəfındən inşa edilib. Rəvayətə görə, Ə.Yəsəvi Əmir Teymurun yuxusuna girir və ona döyüşdən öncə qələbə müjdəsi verir. Döyüşdə qələbə çalan Əmir Teymur Yəssəyə gələrək onun qəbrini ziyarət etmiş və 1398-ci ildə Əhməd Yəsəvinin qəbri üzərində türbə kompleksi tikdirib. Ə.Yəsəvinin türbəsi sonrakı dövrlərdə özbək xanı Abdulla xan, Şeybani xan və s. tərəfındən təmir etdirilib.

YARADICILIĞI
Xoca Əhməd Yəsəvi XII əsr türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsidir. Orta Asiyada onun simasında formalaşan, yüksək zirvəyə çatan xalq təsəvvüf şeiri təkcə Türküstan ərazilərində deyil, bütün müsəlman Şərqində geniş şəkildə yayılıb, onun yaradıcılıq ənənələri qısa zaman ərzində Şərqdə ədəbi hərəkat və ədəbi məktəbə çevrilib. Bu səbəbdən Türküstandan Ön Asiyaya, Yaxın və Orta Şərqə qədər yerləşən türk-müsəlman dünyasında qaynağı İslam ideologiyası olan “Yəsəvilik” təriqəti, daha doğrusu, Ə.Yəsəvinin dini-mənəvi “üslubu” və İslami düşüncə sistemi geniş yayılıb, Şərqin mütəfəkkir irfan sahiblərinin baxışlarına təsirsiz ötüşməyib, onların yaradıcılıqlarında müəyyən əlamətlər şəklində təzahürünü tapıb. Ə.Yəsəvi ilahi eşqin tərənnümçüsü kimi əxlaqi-mənəvi, dini-fəlsəfi baxımdan əhəmiyyətli yaradıcılığı ilə türk-islam düşüncəsinin inkişafında xüsusi rol oynayıb. Onun “Nəsibnamə” adlı əsərinin olduğu ehtimal olunsa da, əlimizdə olan “Fəqrnamə” risaləsi nümunələrinin ona məxsusluğu barədə fikirlər dolaşsa da, Ə.Yəsəvi ədəbiyyat və dini-fəlsəfi fikir tarixlərində “Divani-hikmət” müəllifi kimi məşhurdur.
“Divani-hikmət” təsəvvüf şeirlər kitabıdır. Kitabdakı şeirlərin heç birinin adı yoxdur. Şeirlər hikmət adı ilə tanınır. Araşdırıcılar bu qənaətdədirlər ki, “Divani-hikmət”də toplanan şeirlərin hamısı Ə.Yəsəviyə məxsus deyil. Ehtimallar belədir ki, müxtəlif zamanlarda Yəsəvi tərzində yazılmış şeirlər də Yəsəviyə aid edilib və “Divani-hikmət”in tərkibinə salınıb. Onların fıkirlərinə görə, əruzla yazılmış şeirlərin Yəsəviyə aid olması daha çox şübhəli görünür.
XV əsrə qədər “Divani-hikmət”in heç bir nüsxəsi əldə edilməyib. Əsəri sonrakı zamanlarda dərvişlər toplayıb bərpa edib və “Divani-hikmət” adı da onlar tərəfindən verilib. “Divani-hikmət” şeirləri dil, vəzn, şəkil baxımından daha çox xalq şeiri ənənəsinə uyğundur. Hikmətlər (şeirlər) müxtəlif saylı dördlüklərdən ibarətdir. Bunların əksəriyyəti 4+3=7 və 4+4+4=12 heca bölgüsündədir. Ə.Yəsəvi şeirləri XII əsr Orta Asiya ədəbiyyatında hakim olan Kaşqar-Xaqaniyyə ləhcəsində yazılıb. Qeyd edək ki, həmin ərazilərdə İslami-türk ədəbiyyatının ilk nümunələri məhz bu dildə yazılıb və geniş dairədə yayılıb.
Öz hikmətlərinin Tanrı kəlamlarından və Qurandan qaynaqlandığını bildirən Ə.Yəsəvi Allahın böyüklüyünü dərk edib ona doğru getməyi və haqqa qovuşmağı ən böyük hikmət (yol) hesab edir. Buna görə hikmətlərdə İslami əsaslardan, Allahın qüdrət və cəlalından, cənnət və cəhənnəmdən, ibadət tamlığından, nəfsə uymağın zərərlərindən, yaxşı əməl sahibi olmağın faydalarından və s. bəhs edilməsi təsadüfi səslənmir. “Yəsəvilik” təriqətində Allaha qovuşmaq, həqiqət mərhələsinə çatmaq vacib şərt sayılır. Ə.Yəsəvi belə hesab edir ki, insan qəlbi eşq atəşi (Allah sevgisi) ilə yanmasa, insan öz dünyasından ayrılıb “sevgi bağının mehmanı” olmasa, o, Allah qarşısındakı borcunu qaytara bilməz, öz nəfsinin qurbanı olub əbədi həyat qazancından məhrum olar:
Eşq bəlası başa düşsə, nalan qılar Ağlını alıb, şaşqın qılıb, heyran qılar Könül gözü açılınca giryan qılar
La-məkanda Haqdan dərslər aldım iştə.
Nəfsin səni son dəmində gəda qılar,
Din evini yağmalayıb xərab qılar.
Öldügündə imanından cüda qılar
Ağıllı isən, pis nəfsdən ol sən bizar.
Nəfs yoluna girən kişi rüsva olur,
Yoldan azıb gezib tozan şaşkın olur,
Yatsa, qalxsa şeytan ilə yoldaş olur Nəfsi tep sən, nefsi tep sən, ey bəd-kirdar.
Ə.Yəsəvi insan qəlbinə hakim kəsilən ilahi eşqi Allah ilə insan arasında rabitə hesab edir. Yəsəviyə görə hökmləri yerinə yetirmədən (şəriət), onları düşünüş və inanış sistemində dərk etmədən (təriqət) və islami sirləri dərindən anlayıb əməldə təcəssüm etdirmədən (mərifət) həqiqətə qovuşmaq (Allaha çatmaq) qeyri-mümkündür.
Yəsəvi insana adi məxluq kimi baxmır. Onun nəzərində insan Allahdan qopan nur və qüdrət parçasıdır. Qurani-Kərimin “Nur” surəsində yazılıb: “Allah gözlərin və yerin nurudur. Allah nur üstündə nurdur. Allah dilədiyini nura qovuşdurur.” Ə.Yəsəvi Quran məntiqinin davamı olaraq bütün mərhələlərdə (şəriət, təriqət, mərifət) idrakın Allaha qovuşmaq yolundakı əhəmiyyətini xüsusi vurğulayır.
Yəsəvi insanın yaranması müqabilində şükr etməsini (ibadəti) Allaha qovuşmağın vacib şərtlərindən biri kimi dəyərləndirir;
Səhər vaxtı qalxıb ağla, nalə eylə,
İnləyişindən yer və göylər nəva qılsın.
Haqqa sığınıb göz yaşını jalə eylə,
Ondan sonra Haqq dərdinə dəva qılsın.

“Divani-hikmət”in II-VII hikmətlərində Ə.Yəsəvinin 63 illik ömür tarixinin sadalanması ilk baxışdan tərcümeyi-hal faktı təsiri bağışlasa da, əslində “şəriət”, “təriqət”, “mərifət”, “həqiqət” silsiləsinin irfani səciyyəsinə xidmət göstərir. Burada “eşq yolunun” mərhələ-mərhələ mənəvi kamilləşməyə təsiri və Allaha qovuşmaqda oynadığı əvəzsiz rol nəzərə çatdırılır, bunların hər bir bəndə üçün vacibliyi təsdiqini tapır:
Bir yaşında ruhlar mənə nəsib verdi,
İki yaşda Peyğəmbərlər gəlib gördü,
Üç yaşımda Qırxlar gəlib halımı sordu,
O səbəbdən altmış üçdə girdim yerə.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -