Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Urmiyənin millət vəkilindən etiraz

25.07.18, 13:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nadir Qazipur: “Mən öz ana dilimi qoruyub saxlaya bilmirəmsə, bu o deməkdir ki, mən din, iman, islam, namus və ölkəmi də müdafiə edə bilmərəm”

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur bir millətin inam və etiqadlarının qorunub saxlanılmasında ana dilinin böyük rol oynadığını bildirib.
Millət vəkilinin iyulun 23-də şəxsi səhifəsində yaydığı mətləb İranın təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərinə qarşı irqçi açıqlamasına etirazların genişləndiyi günlərə təsadüf edir.
“Mən öz ana dilimi qoruyub saxlaya bilmirəmsə, bu o deməkdir ki, mən din, iman, islam, namus və ölkəmi də müdafiə edə bilmərəm”- deyə Nadir Qazipur qeyd edib.
Millət vəkilinin ana dilinin əhəmiyyəti haqda yaydığı məlumat azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb.
Nadir Qazipur iyulun 22-də ana dili ilə əlaqədar İranın təhsil naziri Məhəmməd Bəthayiyə sual ünvanlamışdır. Sual Parlamentin Rəyasət Heyətinə yazılı şəkildə təqdim olunmuşdur.
Məktubda sualın xülasəsi kimi qeyd olunub ki, “Nə üçün məktəblərdə türk dilinin tədrisi məsələsi hələ də qeyri-müəyyən vəziyyətdədir? Ölkənin 40 faizini təşkil edən bir millətin dili hansı səbəbdən tədris olunmur?”
İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

Bu xəbər oxundu
- - -