Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xudafərin – həsrət körpüsü

08.08.18, 8:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İki min ildən artıq Azərbaycanı dünyanın ölkələri, qitələri ilə birləşdirən karvan yolları Araz çayı yatağında - Xudafərin dərəsində bir-birinə qovuşub. Gözəl təbiətli bu dərədə atılmış körpülər təkcə Arazın iki sahilini - Qaradağı Qarabağa birləşdirmirdi, eləcə də Doğunu Batıya, Güneyi Quzeyə, Asiyanı Avropaya calayırdı. Böyük İpək Yolunun bir qolu da bu körpülərin üstündən keçirmiş. İki əsrə yaxındır ki, bu dərə əlçatmaz, ayaqdəyməz yer olub. O çağdan - Araz Vətənin ortasında sərhəd çayına çevriləndən hər iki sahil bir-birini bir bayatı ilə haraylayır:

Əzizim bu yan dağlar,
Al qana boyan dağlar.
Bu yan zülmətxanadır,
Necədir o yan dağlar?!

Mürəkkəb relyefli yer quruluşu, ərazisində çayların sıx şəbəkəsinin olması səbəbindən Azərbaycanda körpütikmə ənənəsi çox qədim dövrlərə gedir. Ölkədaxili yollar üstündə olan maneələrin azaldılması, eləcə də ərazisindən keçən iri beynəlxalq ticarət marşrutlarında hərəkət rahatlığının təmin edilməsi üçün zaman-zaman kiçik körpülərlə yanaşı çoxlu monumental körpülər də tikilib. Mülki memarlığın bu zəngin irsinin yerli və regional əhəmiyyətinə, eləcə də yüksək bədii-texniki göstəricilərinə görə ən məşhur abidələri iki Xudafərin körpüsüdür. İkiyə parçalanmış Azərbaycanın ortasında XIX əsrdən başlayaraq sərhəd çayına çevrilmiş Araz üzərində yerləşməsi bu körpüləri xalq düşüncəsində vətənin ərazi bütövlüyünün simvolu statusuna yüksəldib.
1213 və 1220-ci illərdə Azərbaycanda olmuş məşhur ərəb səyyahı və coğrafiyaçısı Yaqut Həməvi Arazı «möcüzəli çay» adlandıraraq eşitdiklərini: «Deyirlər, Araz boyunca min şəhər olub» şəklində ifadə etmişdi. Şəhərlərin sayı bu deyimdə xeyli şişirdilsə də Arazın hər iki sahilində ən qədim dövrlərdən sıx yurdsalma şəbəkəsinin olduğu şübhəsizdir. Y.Həməvi öz əsərində başqa bir ərəb müəllifinə istinad edərək yazırdı: «Araz çayının çıxdığı Balasaqan çölündə beş min tərk edilmiş kənd var ki, dağıntılardan salamat qalmış divar və tikililəri bu günəcən də qalmaqdadır. Deyirlər ki, bu kəndlər ulu Allahın Quranda xatırladığı Araz hakimlərinə mənsub olub».
Hər iki sahilində belə sıx yaşayış məskənləri olan çayın üzərindən çoxlu körpülər atılması təbii zərurət idi. Tarixi mənbələrdə də ölkəni qərbdən şərqə kəsib keçən bu daxili çayın üzərində körpülər tikilməsi haqqında müəyyən məlumatlar qalıb. Araz çayı üzərində çoxlu körpülər salınsa da, onlardan ən işləyi və ən məşhuru Xudafərin körpüləri idi. Bu, onların tikildiyi ərazinin əlverişli coğrafi mövqeyi, eləcə də qədim körpü tikintisi üçün yüksək təbii imkanlarının olması ilə əlaqədardır. Bir-birinə yaxın on beş və on bir aşırımlı iki monumental körpünün olması Xudafərin dərəsinin Araz çayı üzərində kommunikasiya baxımından əsas keçid olduğunu sübut edir. Transkontinental yollar üstündə yerləşən Xudafərin keçidi yüzillərcə ölkədaxili və ölkəarası əlaqələrdə mühüm rol oynayıb. Xudafərin körpüləri Azərbaycan ərazisində Böyük İpək yolunun əsas qovşaqlarından biri olaraq böyük beynəlxalq nüfuz qazanmışdı. Müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların və qüvvələrin yerdəyişməsini - miqrasiyasını, böyük ticarət karvanlarını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun - hər il cənubdan Arana və Qarabağa gedən güclü mövsüm axınlarının da mərkəzi qovşağı olub. Tarixi qaynaqlarda Xudafərin körpülərinin böyük hərbi-strateci əhəmiyyət daşıdığı qeyd olunub. Tarixi hadisələr isə bu körpülərin böyük qoşun birləşmələrinin qısa bir zamanda Araz çayını keçməsi üçün çox əlverişli olduqlarını göstərməkdədir.
İlk öncə mühəndis qurğusu olan körpünün dayanıqlığı və uzunömürlüyü keçmişdə onun üçün seçilən yerdən birbaşa asılı olub. Belə ki, qədim dövr və orta əsrlərdə körpü dayaqları üçün çay yatağında təbii özüllərin - qayalıqların olması mühüm tələb sayılırdı. Sal qayalar üzərində tikilmiş dalğaqıranlar və tağ dayaqları üstündən böyük insan kütləsi və ağır karvanlar keçən körpünün möhkəmlik qarantı idi. Təbii və möhkəm qayaların çay yatağında çox olması səbəbindən Xudafərin dərəsi qədim körpütikmə tələbləri baxımından çox əlverişli yer olub. Araz üzərində tikilmiş çoxsaylı körpülərdən yalnız Xudafərin körpülərinin salamat qalmasında bu təbii amil həlledici rol oynayıb.
Azərbaycanın qədim memarlıq abidələrinin çoxu kimi Xudafərin körpüləri haqqında da tarixi mənbələrdə məlumatlar son dərəcə azdır. Üstlərində inşaat kitabələri qalmadığından onların dəqiq tikilmə tarixini aydınlaşdırmaq mümkün deyil. Xudafərin körpüləri dəyərli tarix-memarlıq abidəsi olaraq keçən əsrdən tədqiqatçıları özünə cəlb etmiş və onların çoxu hər iki körpünün özüllərinin antik dövrdə qoyulduğunu ehtimal edir. Bu məşhur çay keçidində hələ eradan əvvəl Vİ əsrdə - Urartu dövründə körpü tikildiyini irəli sürənlər də var. Xudafərin körpüsü haqqında hələlik ən qədim məlumat tarixçi və coğrafiyaçı Həmdullah Qəzviniyə məxsusdur. O, XİV əsrdə bu haqda belə yazıb: «Zəngiyan yaxınlığında Araz çayı üzərində Xuda-Afərin körpüsü var ki, onu hicri 15-ci ildə (miladi 636) Məhəmməd peyğəmbərin (ə. s.) silahdaşlarından biri olmuş Bəkr ibn Abdullah tikdirib». Bu məlumatda tarixi yanlışlığa yol verilib. Belə ki, sərkərdə Bukayr ibn Abdullah xəlifə Ömərin əmri ilə 643-644-cü illərdə ərəb ordusunun Azərbaycana hərbi yürüşünü təşkil edib.
XIX əsr tarixçisi A.Bakıxanov da «Gülüstani -İrəm» əsərində hicri 22 (miladi 644)-ci il hadisələrindən bəhs edərkən mənbə göstərmədən bildirir ki, «Muğan vilayətlərini işğal edən zaman Bukayr ibn Abdullah Araz üzərində Xudafərin körpüsünü tikdirdi». Araşdırıcılar (Ə. Salamzadə, K. Məmmədzadə) bu tarixi məlumatlara əsaslanaraq VII əsrdə ərəblərin Xudafərin dərəsində ordunun sürətli keçişini təmin etmək üçün müvəqqəti körpü quraşdırdıqlarını, ya da mövcud uçuq körpünü təmir etdiklərini güman edirlər.
XVII əsrin Osmanlı-türk alimi Münəccimbaşıya görə, Azərbaycan Şəddadi hökmdarı I Fəzl 1027-ci ildə Araz çayı üzərində böyük və möhkəm bir körpü tikdirmişdir. Münəccimbaşının «əsəri əzim» (böyük əsər) adlandırdığı bu körpünü tarixçi V.Minorski onbeş aşırımlı Xudafərin körpüsü hesab edir. Ancaq Səlcuq tarixçisi Sədrəddin Əli ən-Hüseyni Sultan Alp Arslanın 1068-ci il Tiflis yürüşündən qayıdarkən ordusu ilə Araz çayından «gəmisiz və matrossuz» keçərək sağ sahildə olan Laryanis (indiki Xudafərin dərəsindən cənub tərəfdə olan Larcan) kəndinə gəldiyini bildirsə də, Xudafərində əsaslı körpünün olduğu haqda məlumat verməyib. Bütün bu məlumatlara və memarlıq-konstruktiv xüsusiyyətlərinə əsaslanaraq həm Avropa, həm də Azərbaycan alimləri onbeş aşırımlı Xudafərin körpüsünün XII əsrdə Azərbaycan Atabəylərinin ən qüdrətli çağında indiki görkəmini aldığı fikrini irəli sürüblər.
Böyük Xudafərin körpüsünün dayaqları çay yatağında sıralanan təbii qayalar üstündə tikildiyindən onun tağ aşırımları müxtəlif ölçülüdür. Aşırımları qayaların təbii yer quruluşuna uyğun atıldığı üçün körpünün planı düzxətli olmayıb bir qədər əyintilidir. Uzunluğu 200 metrə yaxın olan körpünün eni 4,5 metr, ən iri tağ aşırımı 10 metrdən çox, çay səthindən ən böyük hündürlüyü təqribən 10 metrdir. Körpünün üst səthi yanlara doğru yüngül enişli olduğundan onun həcmi mövcud relyeflə tam uyarlıqdadır. Böyük körpüdə dalğaqıranlar yaxşı yonulmuş daşlardan hörülüb. Müşahidələr göstərir ki, körpünün 15 aşırımının bütün tağları müsəlman dövrü memarlığı üçün səciyyəvi olan sivri formadadır və tağların arxivoltları da ilk dövrdə daşdan yığılmışdı. Körpünün qalan bütün kütləsi isə yonulmamış çay daşından tikilib. Üst keçid hissəsində körpü məhəccərləri bişmiş kərpicdəndir. Tikinti materiallarının faktura və rəng uyarlığı böyük Xudafərin körpüsünə aydın tektonik quruluş və özümlü bədii görkəm verib.
Onbeşaşırımlı körpü bu gün də işlək durumdadır. Ancaq dəfələrlə dağıntılara uğrayıb təhrif edilmiş bu qədim abidənin üzərində sonrakı dövrlərin təmir və yenidən qurma işlərinin izləri qabarıq görünməkdədir. Bu körpü, görünür, son dəfə Qacarlar dövründə - Azərbaycanın şimal hissəsində xanlıqların yaranması zamanı çox ciddi dağıntıya məruz qalıb. Tarixçi A.Bakıxanovun yazdığına görə «Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Qarabağı fəth etmək istəyəndə qarabağlı İbrahim xanın uçurtduğu Xudafərin körpüsünün tikintisini bərpa etdi». İran tarixçisi Z.Mənsuri də təsdiq edir ki, Qarabağ xanı İbrahim Xəlil Cavanşir gözlənilən hücum zamanı Ağa Məhəmməd şah Qacarın ordusunun qarşısını almaq məqsədi ilə böyük Xudafərin körpüsünü dağıdıb. Müəllif bu hadisəylə bağlı bunları da bildirib: «Şah Xudafərin körpüsü yaxınlığında Zövrəqli (?) bir yeni körpünün tikilməsini və eyni zamanda dağıdılmış körpünün təmir olunmasını əmr etdi. Cavanşirin adamları körpünün dayaqlarını dağıda bilmədiklərindən yalnız tağlarını uçurmuşdular. Şah həmin körpülərin yenidən ən keyfiyyəli tikinti materialları ilə inşa edilməsi barədə göstəriş verdi». Xudafərin körpüləri 1797-ci ildə - Ağa Məhəmməd şahın Qafqaza ikinci hərbi yürüşündən öncə də dağıdılmışdı. Onbeşaşırımlı Xudafərin körpüsünün bu günkü vəziyyəti tarixçilərin məlumatlarını təsdiq edir. Belə ki, körpünün yenidən qurulan tağlarında arxivoltların uçurulmuş üst hissələri bişmiş kərpicdən yığılıb. Tağlararası hissələrdə də həmin dövrün təmir işləri kərpicdən aparılıb və bu yenidənqurma işləri körpünün qədim hissələrindən aydın seçilir.
Milli simvol olmaqla yanaşı, Xudafərin körpüləri gözəl dağlıq landşaftlı təbiətə üzvi daxil olduğundan bu gün də insanın ətraf mühitlə qarşılıqlı münasibətlərinin uğurlu örnəklərindən sayılmağa layiqdir. Ümumdünya əhəmiyyətli tarixi hadisələrə və proseslərə bağlılığına, füsunkar təbiətlə sıx birliyinə, yüksək mühəndis-memarlıq həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli abidələrdir. Ancaq təəssüf ki, bütün bu keyfiyyətləri nəzərə alınmadığından Xudafərin körpüləri illər boyu lazımınca qorunmayıb və onların taleyi bu gün daha çox təhlükə altındadır. Xudafərin körpüləri indiki tarixi durumda Azərbaycan xalqının ən müqəddəs abidələridir. Bu ulu tapınaqların bəşəri dəyərlərin düşmənlərinin əlində girovda saxlanması təhlükəlidir və təhqirdir. Xudafərin körpüsünün üstündən 1068-ci ildə böyük səlcuq sultanı Alp Arslan qələbə yürüşü ilə, XVI yüzildə isə Aşıq Qurbani əsir kimi keçib:

Qolubağlı keçdim Xudafərindən.
Üzüm gülməz, heç açılmaz, ah, mənim!

Nə yazıqlar ki, bu gün də Xudafərin adı gələndə o taylı, bu taylı Azərbaycan türkünün üzü gülmür.

Cəfər Qiyasi
professor

Bu xəbər oxundu
- - -