Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Balakəndə alban kilsəsində arxeoloji tədqiqatlar aparılır

08.08.18, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisindəki yerli əhəmiyyətli türbənin Qafqaz Albaniyası xristian abidəsinə məxsus zəng qülləsi olduğu müəyyən edilib.
İnstitutdan bildiriblər ki, 2018-ci il iyulun 2-dən 31-dək ekspedisiya Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyətyanı sahəsində yerləşən ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji qazıntı işlərini davam etdirib. Arxeoloji tədqiqat kilsənin ibadət zalında, tədqiqatı ötən il yarımçıq qalmış hissəsində aparılıb. Burada bişmiş kərpiclərlə döşənmiş ibadət zalı tam tədqiq olunub. Altar hissədə alban xaç altlığının yeri müəyyən edilib. Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənib. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri - zəng qülləsinin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerləri aşkar olunub.
Cari tədqiqat mövsümündə kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılmış tədqiqatlar nəticəsində müəyyən olunub ki, şimal giriş qapısı dörd sütun üzərində inşa edilib və bişmiş kərpiclərdən döşənib. Tədqiqatlar zamanı aşkar edilən döşəmənin üç yerdən şərq–qərb istiqamətində söküldüyü müəyyənləşib.
Arxeoloji tədqiqatlar zamanı döşəmənin sökülmüş hissələrində iki ədəd daş qutu, bir ədəd torpaq qəbir abidəsinin olduğu müəyyən edilib. Daş qutu qəbirlərdə təkrar dəfn izləri aşkar edilib. Bir nömrəli qəbirdə birinci skeletin az miqdarda sümüklərinə rast gəlinib, ikinci sarkofaqda birinci skeletin qalıqlarının ikincinin ayaq hissəsinə toplandığı aydınlaşıb. Üç qəbirdən aşkar olunan 5 skelet antropoloji tədqiqatların aparılması ilə əlaqədar müvafiq laboratoriyaya təqdim edilib. Ümumilikdə 300 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində şirsiz keramika nümunələrinə, kirəmitlərə və s. tikinti materiallarına rast gəlinib. İki il davam edən tədqiqatlar nəticəsində abidənin memarlıq quruluşu 70 faiz müəyyən edilib. Gələcəkdə abidədə və onun ətrafında mövcud olmuş həyat şəraitinin canlandırılması istiqamətində kompleks tədqiqatın aparılması nəzərdə tutulur. Natiq Alışovun bildirdiyinə görə, Qafqaz Albaniyasına məxsus xristian abidələrində aparılan arxeoloji tədqiqatlar bir daha xalqımızın zəngin maddi mədəniyyətinə olan əsassız iddiaların kökündə heç bir elmi əsasın olmadığını sübut etməkdədir.

Bu xəbər oxundu
- - -