Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti

14.08.18, 10:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, 1781-ci ilin noyabrında Hüseynəli xan oğlu Qulaməlinin başçılığı ilə Tiflisə dördüncü nümayəndə heyəti göndərdi. Nəhayət, bu dəfə sülh bağlandı. Kartli-Kaxetiya çarının nümayəndəsi İvane Muxran bəy də İrəvana gəldi. Bağlanmış müqavilənin şərtlərinə görə, Hüseynəli xan II İrakliyə ildə 30.000 rubl (3.000 tümən - E.Q.) məbləğində vergi verməyi öhdəsinə götürmüşdü. Bundan başqa, İrəvan xanı lazım olduqda qoşunu ilə II İrakliyə kömək etməli idi. Xanlar varislərini təyin etmək üçün hökmən gürcü çarı tərəfindən təsdiq edilməli idi. Əvəzində II İrakli İrəvan xanlığını xarici və daxili düşmənlərdən qorumasını öhdəsinə götürdü. Müqavilə nəticəsində sağ qalan əsirlərin bir hissəsi geri qaytarıldı.
Kartli-Kaxetiya qoşunlarına qarşı mübarizə, sülh danışıqlarının uzanması İrəvan xanlığının daxili vəziyyətini daha da ağırlaşdırmışdı. İrəvan xanının ağır şərtlərlə müqavilə bağlamasının əsas səbəbi də bu idi. Belə ki, vəziyyətdən istifadə edən bir çox elatlar qiyam qaldıraraq ölkədə qarışıqlıq yaratmağa çalışırdılar. Hüseynəli xan II İrakliyə yazdığı məktubların birində ölkədəki vəziyyəti belə qeyd edirdi: «Ölkədə baş verən hadisələr, üsyanlar, vaxtaşırı hücumlar İrəvan ölkəsi əhalisini var-yoxdan çıxarmışdı. Bizim xanlıq sülaləsinə qarşı keçmişdən ürəklərində kin bəsləyən, düşmən olan müxtəlif üsyançılar sakitlik, səssizlik ətəyindən əl çəkərək əyalətdəki kəndlərə od vururdular». Bu üsyanın əsas iştirakçıları kolanılar və vedililər idi. Kolanıların bu işdə fəallığı xüsusilə seçilirdi. Yuxarıda göstərildiyi kimi, Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində kolanılar ona qarşı qiyam qaldıraraq Qrabağ xanlığının himayəsinə keçmək istəmişdilər. Xan hakimiyyətinə qarşı düşmən hərəkət sonralar da davam etmişdi. Onların başçılarından biri Novruzəli bəy Hüseynəli xanın II İrakliyə qarşı mübarizəsindən istifadə edərək tez-tez hakimyyətə qarşı çıxırdı. Lakin Hüseynəli xan onu daim təqib edirdi. Təqibdən yayınan Novruzəli bəy kömək üçün Tiflis sarayına pənah aparmışdı. İrəvan xanlığını öz təsirində saxlamaq üçün belə qüvvələri dəstəkləyən II İrakli Novruzəli bəyi öz himayəsinə götürərək onu nümayəndə heyəti ilə birlikdə İrəvana göndərmişdi. Kartli-Kaxetiya çarı ilə yenicə sülh bağlamış Hüseynəli xan əlacsız qalaraq onun günahından keçmiş və öz elinə getməyə icazə vermişdi. Bir neçə gün İrəvanda qaldıqdan sonra öz elinə qayıdan Novruzəli bəy xanlığın ağır vəziyyətindən istifadə edərək yenidən qiyam qaldırdı. O, niyyətini həyata keçirmək üçün özünə müttəfiq də tapa bildi. Belə ki, Novruzəli bəy xan hakimiyyətinə düşmən olan vedili Əlisultan Şadlını öz tərəfinə çəkərək onunla ittifaq bağladı. Tezliklə xan hakimiyyətindən narazı olan qüvvələr qiyamçılara qoşuldu. Qiyamın gedişində Kolanı tayfası xüsusilə fəal idi. Qiyamçılar müvəffəqiyyət qazanmaq üçün Qarabağ xanı İbrahimxəlil xanla əlaqəyə girdilər. Onlar Qarabağ xanının yanına nümayəndə göndərərək yardım istəmiş və ona tabe olduqlarını bildirmişdilər. Qiyamçı qüvvələr kəndlərə hücumlar edərək qarətlə məşğul olurdular. Hüseynəli xan qiyamı yatırmaq üçün öz sərkərdələrindən birini qoşunla onlara qarşı göndərdi. Bu xəbəri eşidən qiyamçılar xan qoşununa müqavimət göstərmək üçün əlçatmaz dağlara çəkildi. Hətta öz ailələrini də əlçatmaz yerlərə köçürdülər. Lakin xan qoşununun yaxınlaşdığını eşidən Novruzəli bəy və Əlisultan Şadlı müqavimət göstərməyə cəsarət etməyərək, öz elini buraxaraq şəmşəddinli Əlisultanın yanına qaçdılar.
Qiyamçıların qaçdığını görən xanın adamları onların mənsub olduqları el və tayfaları dağlardan endirmək, evlərinə qayıtmaları üçün danışıqlar aparmağa başladı. Əhaliyə qorxmadan öz evlərinə qayıtmağa icazə verildi. Çoxlu danışıq, söz-söhbətdən sonra əhali dağlardan enməyə və itaət etməyə razılıq verdilər. Onlarla razılığa gəldiklərinə əmin olan xanın adamları əhalini öz yerlərinə qayıtmağa nəzarət etmək məqsədilə orada 40 nəfərlik dəstə saxlayaraq, qalan qoşunla geri qayıtdılar. Lakin əsas qoşun hissələri getdikdən sonra qiyamçılar Qarabağdan aldıqları köməklə birlikdə orada saxlanılan dəstəyə hücum edərək hamısını qılıncdan keçirdi və əmlaklarını qarət etdilər. Bu xəyanətkar hərəkəti eşidən Hüseynəli xan dərhal ora yenidən qoşun göndərdi. Nizami qoşun qəti hücuma keçərək qiyamçıları məğlub etdi. Qalib gəlmiş xanın qoşunu qiyamçıların əmlakını və mal-qarasını qarət etdi».
Qeyd etmək lazımdır ki, bu üsyanın yatırılmasında II İraklinin də köməyi olmuşdu. O, üsyanın qarşısını almaq üçün sərkərdələrindən birini İrəvana göndərmişdi. Bu qiyam 1782-ci ilin baharında və yayında olmuşdu. Müdaxilə nəticəsində dağıntıya məruz qalmış xanlıq təsərrüfatını bərpa etməklə məşğul olan Hüseynəli xan tezliklə, qonşu Naxcıvan xanlığında baş verən siyasi hadisələrə qoşuldu.
XVIII əsrin 80-ci illərin əvvəllərində bir tərəfdən Xoylu Əhməd xan Dünbülü, digər tərəfdən isə Qarabağlı İbrahimxəlil xan, Kartli-Kaxetiya çarı II İrakli və İrəvan xanı Hüseynəli xan arasında Naxçıvan xanlığında möhkəmlənmək uğrunda mübarizə başlanmışdı. Müttəfiqlərin səyi nəticəsində kəngərli tayfasından olan Abbasqulu xan hakimiyyətə gəldi. Lakin bununla razılaşmayan Xoylu Əhməd xan Naxcıvan xanlığının daxili işlərinə qarışmaq üçün fürsət axtarırdı. Bu məqsədlə Əhməd xan Naxçıvanlı Abbasqulu xandan torpaq iddiası edərək həmin xanlığın tərkibinə daxil olan Nazik və Şükürlü kəndlərini ona güzəştə getməyi tələb etdi. Onun bu tələbi Abbasqulu xan tərəfindən rədd edildi.
Rədd cavabı alan Əhməd xan qoşunlarını Naxçıvan xanlığının sərhədlərinə yeritdi. Güclü Xoy qoşunlarına müqavimət göstərmək iqtidarında olmayan Abbasqulu xan Naxçıvanı tərk edərək Zəngəzura gəldi. Lakin Əhməd xan Naxçıvanda çox qala bilmədi. İrəvanlı Hüseynəli xan ona məktub yazaraq Naxçıvandan çıxmağı tələb etmiş, əks-təqdirdə Əhməd xana qarşı hərbi əməliyyata başlayacağı ilə hədələmişdi. Bunun ardınca İrəvan xanı Naxçıvana qoşun yeritdi. İrəvan xanının bu addımını İbrahimxəlil xanın və II İraklinin müdafiə etdiyini başa düşən Əhməd xan Naxçıvanı tərk etdi. Lakin İrəvan qoşunu da burada çox qala bilmədi. Buna səbəb Abbasqulu xanın yenidən Naxçıvana qayıtması olmuşdu. Lakin Əhməd xan öz məqsədindən geri çəkilmək niyyətində deyildi. O, Naxçıvanda baş verən hadisələri diqqətlə izləyirdi. Hakimiyyətə yenidən qayıdan Abbasqulu xanın siyasəti yerli əhalinin narazılığına səbəb olmuşdu.
Hətta xanın qohumları ilə münasibətləri çox kəskin idi. Hüseynəli xan Naxçıvan dövlət başçılarına, əyanlarına göndərdiyi məktubunda «...Abbasqulu xanın qohum-əqrəbələrinin ona olan pis münasibətləri ilə əlaqədar olaraq öz ana vətəni Naxçıvanı tərk etməyə məcbur olduğunu» yazmışdı. Naxçıvanda olan qarışıqlıqdan istifadə edən Əhməd xan planını həyata keçirmək məqsədi ilə əlverişli fürsətin yarandığını görərək kömək üçün İsfahan hakimi Əlimurad xan Zəndə müraciət etdi. İsfahan hakimi bu fürsəti əldən vermək istəməyərək sərkərdəsi Gülşirəli xanın başçılığı altında Naxçıvana qoşun göndərdi. Bu qoşunların köməyi ilə Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xan Naxçıvanda hakimiyyətə gətirildi. Hakimiyyətdən uzaqlaşdırılan Abbasqulu xan İrəvana gəlir və dost-tanışları ilə məsləhətləşdikdən sonra Tiflis sarayına pənah aparmışdı. O, hakmiyyəti geri qaytarmaq üçün II İraklidən hərbi yardım istəyir. Kartli-Kaxetiya çarı isə onun vəziyyətini həll etmək üçün öz nümayəndələrini xüsusi məktubla Hüseynəli xanın yanına göndərdi. O, göndərdiyi məktubda Hüseynəli xana nümayəndələrlə məsləhətləşib Abbasqulu xanın məsələsini həll etməyi tapşırmışdı. Lakin bölgədə qüvvələr nisbətinin dəyişməsi, Hüseynəli xanın ölümü İrəvanı bu mübarizədən kənarda qoydu.
İrəvan xanı Hüseynəli xan xarici siyasətində Azərbaycan xanlıqları ilə dostluq münasibətləri saxlamağa çalışırdı. Onun yazdığı məktublardan görünür ki, xan ömrünün sonlarına yaxın xoylu Əhməd xanla, qarabağlı İbrahimxəlil xanla münasibətləri nizama sala bilmişdi. Naxçıvanda baş vermiş hadisələrdə mənafelərinin toqquşmasına, II İrakli ilə Əhməd xan Dünbülünün düşmənçiliyinə baxmayaraq, Hüseynəli xanla Xoy xanı arasında səmimi münasibətlər yaranmışdı. Xanlar yazdıqları məktublarında dostluqdan bəhs edir və bir-birinə hədiyyələr göndərirdilər. Hətta Hüseynəli xan böyük oğlu Qulaməlini Əhməd xanın qızı ilə evləndirməklə onunla qohum olmaq niyyətində idi. Görünür, bu nikahla Hüseynəli xan güclü Xoy xanının hərbi qüvvəsindən yararlanmaq istəyirdı. Lakin Hüseynəli xanın qəfl ölümü bu niyyətin həyata keçməsinə mane oldu.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki, İrəvan xanlığının Qarabağ xanlığı ilə münasibətləri çox zaman dəyişkən olmuşdu. Yuxarıda Hüseynəli xandan əvvəlki dövrləri izlədikdə görürük ki, Qarabağ xanları daim İrəvanda möhkəmlənməyə çalışıblar. Qarabağ xanlığının banisi Pənahəli xan İrəvanın çətin vəziyyətindən istifadə edərək Göyçə gölündən şərqdə yerləşən, Tərtər çayına qədər torpaqları ələ keçirib öz xanlığına qatmışdı. Bu haqda aşağıda bəhs ediləcəkdir. Hətta «Qarabağnamə» müəlliflərinin əksəriyyəti iddia edir ki, İbrahimxəlil xan başqa ərazilərlə birlikdə İrəvanı da öz təsirinə almışdı. Guya burada kimi istəsə işdən götürmək, yenisini təyin etmək onun əmri ilə icra edilirdi. «Qarabağnamə» müəlliflərindən fərqli olaraq qeyd etmək lazımdır ki, Qarabağ xanları xanlıq daxilində baş verən hadisələrdən yararlanaraq İrəvanda möhkəmlənməyə çalışsalar da, heç zaman buna nail ola bilməmişlər. Bunun əsas səbəblərindən biri bölgə uğrunda güclü Qarabağ xanlığı ilə mübarizə aparan, Rusiya dövlətinə arxalanan Kartli-Kaxetiya çarının İrəvanda təsirinin böyük olması idi. İkincisi, Rusiya və Osmanlı dövlətləri arasındakı münasibətlər də bu cür vəziyyətin yaranmasında böyük rol oynamışdı. Bu münasibətlərdə xüsusilə İrəvan xanlığı uğrunda mübarizə əsas yeri tuturdu. Digər tərəfdən isə bacarıqlı dövlət xadimi Hüseynəli xan bölgədə baş verən hadisələri düzgün qiymətləndirir, İbrahimxəlil xanla dostluq münasibətləri saxlamağa çalışırdı.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -