Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiya tarixi anlaşmadır”

15.08.18, 10:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Eldar İbrahimov: “Əməkdaşlığın inkişafına, eləcə də sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir”

Rüstəm Məmmədov: “Xəzərin hüquqi statusu ilə məsələ Azərbaycan tərəfindən gündəmə gətirilib”

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Həsən Ruhani və Türkmənistan Qurbanqulu Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiya tarixi anlaşmadır və Xəzər regionunda əməkdaşlığın inkişafına, eləcə də sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir: “Bu Konvensiyanın imzalanmasında Azərbaycanın da rolu danılmazdır”.
Komitə sədri bildirib ki, 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı: “Çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşırdı. Azərbaycan sözügedən məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətə çatdırdı ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”.
E.İbrahimovun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir: “Yaranmış əməkdaşlıq mühiti beynəlxalq yükdaşımalarında Xəzəryanı ölkələrin payının artmasına mühüm töhfələr verməklə yanaşı, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına da əlavə stimul olacaq. Belə ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir ”.
Azərbaycanın Xəzərin ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilməsi istiqamətində mümkün olan hər şeyi etdiyini deyən deputat əlavə edib ki, ölkəmiz regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə də öz dəyərli töhfəsini verməkdədir.
ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək. Mərkəzin rəhbəri qeyd edib ki, ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması uzun müddətdir davam edən danışıqların nəticəsi idi: “Konvensiyada ən çox diqqətçəkən maddə bundan ibarətdir ki, Xəzərə başqa ölkələrin bazalarının və hərbi qüvvələrinin girişi birmənalı, çox açıq şəkildə qadağan olunur. Ancaq sahilyanı ölkələrin buna dair haqqa sahib olduğu ifadə olunur”.
E.Soltanov bildirib ki, burada Azərbaycanı maraqlandıran iki əsas mövzu var: “Bu, Türkmənistan və İranla sərhədlərin müəyyənləşdirilməsidir. Yəni ölkəmizin haqqı olan ərazilərin Azərbaycanın istifadəsinə verilməsidir. Çünki Türkmənistan və İranla bizim dondurulmuş və mübahisəli yataqlarımız var idi. Hansı ki bura Azərbaycan əraziləridir. Azərbaycan bunların birmənalı olaraq beynəlxalq hüquq nöqteyi-nəzərindən özünə aid olduğunu bilir, ortaya qoyur və bunun qəbul edilməsini istəyir. Bu məsələ bizim üçün əhəmiyyətlidir. İkinci məsələ də “Transxəzər” boru kəməridir. Xəzərin dibi ilə Türkmənistandan təbii qaz və Qazaxıstandan isə neft boru kəmərləri çəkilə bilər. Bu da əhəmiyyətlidir, amma daha ikinci dərəcəli mövzulardır. Konvensiyada boru kəməri mövzusuna bir az daha aydınlıq gətirilib. Xüsusən Rusiya, bəzən də İran bu mövzuda ətraf mühit arqumentini ortaya atırdı. Fikrimcə Konvensiya ətraf mühitin əhəmiyyətini vurğulanmaqla yanaşı, bunu diqqətə aldığımız müddətcə boru kəmərlərinin mümkünlüyünü göstərdi. Müəyyən ölçüdə bu məsələdə “yaşıl işıq” yandırıldı. Daha əhəmiyyətli mövzu isə Azərbaycan-Türkmənistan və Azərbaycan-İran arasında dənizin dibinin, buradakı dondurulmuş və mübahisəli yataqların bölünməsi məsələsi idi. Bu məsələ ölkələr arasındakı ikili danışıqlara həvalə edilir. Yəni, bu o deməkdir ki, əslində bu məsələ uzadılır, konkret sözlər deyilmir. Getdikcə bu mövzuda daha konkret maddələrin olub-olmadığını daha yaxşı başa düşəcəyik. Çünki bu Konvensiyanın imzalanması ilə İran istədiyini əldə etdi. Eyni zamanda, Rusiya da “Transxəzər” boru kəməri mövzusunda hər zaman müqavimət göstərib. Özünün Avropada olan dominant mövqeyinə zərbə vuracağını düşünür. Rusiya hərbi mövzuda aldığı inam qarşılığında “Transxəzər” boru kəməri mövzusunda geri addım atıb. Mənə elə gəlir ki, hər iki ölkə bu mövzunu çox açıq ifadə eləmir. Düşünürəm ki, yaxın günlərdə xüsusən də dənizin dibinin bölünməsi mövzusunda, müəyyən ölçüdə də “Transxəzər” boru kəməri mövzusunda İranın və Rusiyanın bir az daha konstruktiv addımlar atmasının şahidi olacağıq. Azərbaycan və Türkmənistan tərəfinin də borular mövzusunda qazancı bundan ibarət olacaq. Yəni, Rusiya və İran hərbi mövzuda istədiklərini əldə etdilər. Növbə artıq Azərbaycan, Türkmənistan və Qazaxıstanındır”.
Politoloq Rüstəm Məmmədov isə diqqətə çatdırıb ki, Qazaxıstanın Aktau şəhərində Xəzərin statusu haqqında imzalanan Konvensiya ilə Azərbaycan Xəzər dənizindəki fəaliyyətini konkret olaraq beynəlxalq hüquq əsasında qoyacaq. Konvensiyanın imzalanmasında Azərbaycan diplomatiyasının böyük rola malik olduğunu deyən politoloq söyləyib ki, Xəzərin hüquqi statusu ilə bağlı məsələ illər öncə ölkəmizin konkret mövqeyi ilə gündəmə gəlib. Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə məsələ Azərbaycan tərəfindən gündəmə gətirilib: “Azərbaycan tərəfindən Xəzərin mövcud statusunun köhnəlməsi və yeni statusa ehtiyacı olması barədə təklif qeyri-müəyyən formada qarşılanmışdı. Hətta Türkmənistan nümayəndə heyəti bu anlayışı başa düşmür, Qazaxıstan isə məsələyə biganə, Rusiya isə ehtiyatla yanaşırdı. Həmin dövrdən uzun illər keçsə də, Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verdi”. R.Məmmədov söyləyib ki, məsələnin gündəmə gəlməsinin əsas məqsədi 1921-40- ci il sazişlərinin öz qüvvəsini itirməsi və Xəzər dənizində tənzimlənmənin həyata keçirilməməsi idi: “1991-ci ildən Xəzərdə yeni geosiyası vəziyyət yaransa da, burada məsələlərin tənzimlənməsində müəyyən problemlər meydana gəlmişdi. Vaxtilə SSRİ ilə İran arasında olan Xəzər dənizi 5 dövlət tərəfindən sərhədə malik oldu. Müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”. Politoloq qeyd edib ki, Konvensiyanın imzalanması ilə Azərbaycan qanuni sürətdə Xəzər dənizinin dibindən istifadə edəcək: “ Ölkəmiz neft-qaz yataqlarından səmərəli istifadə etmək üçün öz imkanlarını genişləndirəcək. Balıq ehtiyatları ilə bağlı mələsə də gündəmdədir ki, artıq bununla əlaqədar razılaşma da əldə edilib”.



Əli

Bu xəbər oxundu
- - -