Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əgər ermənilər bu regionda yaşamaq istəyirlərsə...”

15.08.18, 10:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Quliyev: “Qonşuları ilə münasibətləri normallaşdırmalı, müxtəlif əsassız iddialardan əl çəkməlidirlər”



Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi ilə bağlı heç bir yenilik yoxdur. Ermənistandakı hakimiyyət dəyişikliyi və qeyri müəyyənlik vəziyyəti daha da mürəkkəbləşdirir. Hazırda Ermənistanda durum yenə də gərgindir və baş nazir Nikoil Paşinyanın uzun müddət hakimiyyətdə qalmayacağına inananlar çoxdur.
Onu da əlavə edək ki, Paşinyan avqustun 17-də ümumxalq mitinqi keçirməyə hazırlaşır. Göründüyü kimi, İrəvanda sular durulmur, əksinə proseslər getdikcə daha da qəlizləşir.
“Avropa-Asiya maliyyə mərkəzi” holdinqinin rəhbəri Aşot Qriqoryan 1in.am saytının rusdilli bölməsinə açıqlamasında deyib ki, hələ baş nazirliyinin 100-cü günündə Nikol Paşinyan suallara cavab verməli, bizləri inandırmalıydı ki, o seçilməmiş baş nazirdir və buna baxmayaraq, öz işinin öhdəsindən gələcək: “Gəlin səmimi olaq, kim ötən müddət ərzində öz həyatında iqtisadi dəyişiklik hiss edib? Düşünürəm ki, yox, həqiqəti gizlətmək olmaz. Artıq 90% ziyalılar artıq narahat olmağa başlayıblar ki, nə baş verir, hanı bizim yeni hökumətdən olan gözləntilərimiz, hanı inqilabdan dərhal sonra başlanılmalı olan iqtisadi bum?”
Azərbaycan isə Dağlıq Qarabağın tezliklə azad olunmasını istəyir.
Millət vəkili Musa Quliyev bildirib ki, Ermənistan kimi cırtdan və gücsüz dövlətlər heç zaman müstəqil siyasət yürüdə bilmirlər, kiminsə vassalı, şəraitdən asılı olaraq əl maşası, yaxud qapazaltısı olurlar: “Bu mənada, Ermənistan nəinki istisna deyil, tarix səhnəsində biabırçı bir nümunədir. Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edirlər. İşğalçı Köçəryan-Sərkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir. Hər halda fikrimcə, bu dəyişmədə ermənilər həmişə olduğu kimi yenə də alət rolunu oynamaqdadır. Əsas reallıq bundan ibarətdir ki, Ermənistanda ictimai- siyasi sabitlik pozulub və yaxın zamanlarda hadisələrin daha da kəskinləşməsinin şahidi ola biləcəyik. “Qarabağ klanı” deyilən Köçəryan-Sərkisyan bandasının iqtidardan və ölkədən qovulması prosesinə start verilib. Amma nəzərə alaq ki, Ermənistan bütövlükdə kriminal bir dövlətdir və Paşinyan da faktiki olaraq çevriliş yolu ilə hakimiyyətə yiyələnib. Onun hansısa demokratik-hüquqi islahatlar aparacağına inanmaq lazım deyil.
Bəli, Ermənistan iqtisadi, siyasi böhran, sosial səfalət içərisindədir. Ölkədə yoxsulluq 30, işsizlik 20 faiz həddindədir, hər il Ermənistanı 50 min insan, özü də əmək qabiliyyətli əhali tərk edir və geriyə qayıtmır. Ölənlərin sayı doğulanların sayını üstələyir, Ermənistan qocalan və içərisindən çürüyən bir ölkə halındadır. Bu proses getdikcə dərinləşməkdədir. Paşinyan adminstrasiyasının Qərb qarşısında müxtəlif referanslar etməsinə baxmayaraq, ermənilərin Rusiyadan asanlıqla qopacağına inanmaq çox çətindir”.
O həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı Qarabağ məsələsi ilə bağlı söylədiyi fikirlər həm Ermənistanın yeni rəhbərliyinə, həm də dünya birliyinə bir mesaj idi ki, Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək: “Ancaq Paşinyan hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, konstruktiv mövqe nümayiş etdirməli, öz sələflərinin səhvlərini təkrar etməməlidir. Erməni rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmayana qədər ədalətli sülhdən danışmaq olmayacaq. Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək. Müxtəlif bəhanələrlə danışıqlardan yayınan erməni rəhbərliyi anlamalıdır ki, danışıqları uzada bilərlər, amma Azərbaycan torpaqlarını uzun zaman işğal altında saxlaya bilməyəcəklər. Dünyanın ən güclü 30 ordusundan biri olan Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini gözləyir və bir həftə yetərlidir ki, bütün işğal olunan torpaqlarımızda üç rəngli bayrağımız dalğalansın. O gün uzaqda deyil. Lələtəpə və Günnüt əməliyyatları da bu həqiqəti əyani şəkildə göstərdi. Əgər onlar bu regionda yaşamaq istəyirlərsə, qonşuları ilə münasibətləri normallaşdırmalı, müxtəlif əsassız iddialardan əl çəkməlidirlər”.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, “Armeniasputnik”am saytı Yuxarı Larsda erməni məhsullarının günlərlə blokadada qalmasını aradan qaldırmaq üçün Gürcüstan dəmir yolu vasitəsilə yüklərin Azərbaycan ərazisindən Rusiyaya daşınmasını mövzusunu gündəliyə gətirdi: “Əlbəttə, o bu yadasalmanı özünəməxsus şəkildə etdi. Guya kimsə bu ideyanı ortalığa atıb, Gürcüstanda və Ermənistanda isə bu yolla yüklərin daşınmanın əleyhinədirlər. Paşinyan hökumətindən əvvəlki Karen Karapetyan hökuməti də bir neçə dəfə Ermənistanın Azərbaycanın nəqliyyat kommunikasiyalarına, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını müzakirə etmişdi. Mehri dəmir yolunun İran kontekstindən açılması da Ermənistan hökumətinin müzakirə etdiyi məsələlərdən biri idi”. Politoloq bildirib ki, indi Yuxarı Larsa alternativ kimi ermənilərin Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolu daşımasını gündəliyə gətirməsi mövzunun müəyyən mənada inkişafı deməkdir: "Əgər Yuxarı Larsda vəziyyət gərginləşəcəksə erməni ictimaiyyətində hətta Mehri dəmir yolunun açılmasını tələb edənlər tapılacaq. Ən azı Paşinyan hökumətinin iqtisadi proqramında kənd təsərrüfatının inkişafı çox ambisiyalı qoyulub. Ermənistanın kənd təsərrüfatı məhsulları üçün ən böyük bazar Rusiya bazarıdır. Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıyan dövlətlərin sayının artması fonunda Gürcüstanla Abxaziya arasında dəmir yolu əlaqələrinin bərpası qeyri-mümkündür. Həm də indi Gürcüstan rəhbərliyinin də Ermənistana konseptual yanaşması tam dəyişib. B.İvanişvili Ermənistanı Gürcüstanın satellitinə çevirmək istəyir. Bununla da Gürcüstanın daha güclü dövlət olduğunu nümayiş etdirmək istəyir. Artan kənd təsərrüfatı yüklərinin daşınması Gürcüstandan kənar marşrutları Ermənistan üçün zəruri edir".
M.Əhmədoğlu əlavə edib ki, məsələnin daha aydın tarixinin mövcudluğunu N.Paşinyanın mitinqləri ortalığa qoydu: "Möhlət hüququ uğrunda mübarizə aparan tələbələr Paşinyanın mitinqlərinin əsas kütləsi idi. Hərbçilər, o cümlədən Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçanlar da mitinq iştirakçıları arasında heç də az saylı deyildi. Əhalinin də böyük əksəriyyəti Paşinyanı məhz Dağlıq Qarabağ məsələsində Serj Sərkisyandan fərqli mövqeyin daşıyıcısı olduğuna görə dəstəklədilər. Mitinqlərinin Dağlıq Qarabağ məsələsindəki bu imperativliyini danması Paşinyana baha başa gələcək. Ən azı bu gün baş verənlər də bunu sübut edir. Ermənistan Ümummilli Hərəkatının tanınmış fəallarından Zoya Tadevosyanın ətraf əraziləri Azərbaycana qaytarmaqla bağlı çağırışı ilk dəfə deyildi. Lakin bu dəfə onu belə çağırışa inamlı edən sosial şəbəkələrin erməni seqmentində analoji çağırışların sayının hədsiz çox artması idi. Tadevosyan baş nazir Paşinyanın aşkar hədəsi qarşısında dediyi fikirlərə görə üzr istədi. Amma o Serj Sərkisyanın dövründə də ən azı 2 dəfə belə çağırışlar etmişdi. Heç kəs Tadevosyanı üzr istəməyə vadar edə bilmədi. “Respublika” partiyasının rəhbərlərindən biri olan Aşotyan Ermənistandakı indiki vəziyyəti “bankada əqrəblə bir yerdə olmaq” kimi xarakterizə etdi. 37-ci ilin Ermənistana qayıtdığını iddia edənlərin sayı çoxalır.
Tadevosyanın çağırışından sonra Dağlıq Qarabağın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Qaramyan torpaqların Azərbaycana qaytarılması ilə bağlı erməni seqmetindəki artan çağırışlara qarşı mitinq keçirməyə çağırış etdi. Onun bu çağırışını Ermənistan parlamentinin keçmiş təhlükəsizlik komissiyasının sədri, Dağlıq Qarabağ separatçı rejiminin de-fakto baş nazirinin müavini işləmiş, iki silah zavodunun sahibi və kifayət qədər maliyyə imkanlı, daşnak Aqabekyan da daxil olmaqla bir sıra qatı xəstə erməni millətçiləri də dəstəklədilər. 15 gündən çox vaxt keçməsinə baxmayaraq hələ də Ermənistanda bu çağırış əsasında mitinqin keçirilməsi barədə məlumata rast gəlməmişik. Buna Ermənistanda bir qrup xəstə millətçinin ifşası kimi yanaşmaq olar. Amma hələ ki, Paşinyan əhalinin bu əhval-ruhiyyəsini də görmək istəmir”.

Əli

Bu xəbər oxundu
- - -