Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bal almaq istəyən yaxşı məhsulun ünvanını özü axtarıb-tapır

15.08.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aran Qarabağın arıçılıq təsərrüfatlarında yay balının süzümü mövsümü başa çatmaq üzrədir. Bölgənin digər rayonlarında olduğu kimi, Ağcabədi arıçıları da bəslədikləri arı ailələrindən mövsümün ikinci və sonuncu balını tədarük edirlər. Ağcabədi rayonundan olan arıçı Rəfayət Musayev arı ailələrini respublikanın müxtəlif regionlarında bəsləyərək, həm aran, həm də dağ balı istehsal edir. R.Musayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu il də təsərrüfatındakı 250 arı ailəsinin bir qismini aran bölgəsində saxlayıb, bir qismini isə Goranboy rayonunun Ballıqaya ərazisinə aparıb. “İldə iki dəfə bal süzürük - may balı və yay balı. May balının süzümü başa çatdıqdan sonra iyunun 15-də arı ailələrinin bir qismini dağa apardıq. İki ay ərzində arılar dağda cökə, kəklikotu, qantəpər, dağ qanqalı, aranda qalan arılar isə biyan, akasiya, yulğun, böyürtkən, yağtikanı, yonca və digər çiçəklərdən bal topladılar”.
Arıçı bu il məhsuldarlığın ötən ilə nisbətən aşağı olduğunu bildirir. Hər il orta hesabla bir arı ailəsindən 20 kiloqram bal götürən təsərrüfatçı bu mövsüm dağdakı arı ailələrindən 5 kiloqram, aranda qalan arı ailələrindən isə 10 kiloqramdan artıq bal götürdüyünü deyir. Məhsulun az olmasına baxmayaraq, balın qiyməti dəyişməyib. Belə ki, may balı 30 manata, aranda toplanan yay balı 25 manata, dağ balı isə 30-50 manata təklif edilir.
Məhsulun satışını əsasən evdə və yarmarkada həyata keçirən arıçı deyib: “Bal ilə yanaşı arı südü, çiçək tozu, güləm, mum güvəsinin cövhəri, arı ölüsünün cövhəri, arı südü kremi də istehsal edirik. Müştəri yaxşı məhsulun ünvanını özü axtarıb-tapır. Hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının satış yarmarkasında iştirak edirəm. Balın satışı üçün yaradılan yarmarkalar həm alıcının, həm də satıcının işini asanlaşdırır. Bu il də yarmarkaya 100-150 kiloqram bal və digər arı məhsulları çıxaracam”.
Rəfayət Musayev qeyd edib ki, arıçılar hazırda bal süzümü ilə bərabər, qışa hazırlıq prosesini, parazitlərə qarşı dərmanlama tədbirlərini də həyata keçirirlər. “Gələn ilin məhsulu üçün hazırlığa bu ildən başlanılmalıdır. Bal süzüldükdən sonra gənəyə qarşı dərmanlama aparılır. Bu dövrdə arıların qış yeminə xüsusi diqqət yetirmək lazımdır. Hər bir pətəyə qış yemi üçün arının sayından asılı olaraq 10-15 kiloqram bal qoyulmalıdır”, – deyə arıçı bildirib. Ağcabədili arıçı damazlıq-seleksiya işinin aparılmasının arıçılığın inkişafında, məhsuldarlığın yüksəldilməsində mühüm rol oynadığını deyib: “Bizim regionda tarixən mövcud olan “Boz Qafqaz” arı cinsi cırlaşdığından məhsuldarlıq aşağı düşüb. Damazlıq arıların məhsuldarlığı isə yüksək olur. Şəxsən mən öz təsərrüfatımda belə arı pətəklərindən iki dəfə çox məhsul götürürəm. Odur ki, Ukraynadan Karpat, Almaniyadan Karniyol cins arıların damazlığını gətirib sürfə köçürmə yolu ilə yetişdiririk”.
Qeyd edək ki, gəlirli sahə olduğundan son illər Ağcabədi rayonunda arıçılığa maraq xeyli artıb. Belə ki, beş il əvvəl rayonda 418 arıçılıq təsərrüfatı mövcud idisə, hazırda 567 ailə bu işlə məşğul olur. Rayonda arı ailələrinin sayı da hər il artmaqdadır. Əgər 2015-ci ildə rayonda 1243 arı ailəsi var idisə, indi arı ailələrinin sayı 1484-ə çatıb.

Bu xəbər oxundu
- - -