Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya üçün Ermənistanın strateji marağı azalır”

20.08.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın enerji sahəsində tanınmış eksperti Vaqe Davtyan Xəzər dənizi Konvensiyasının ölkəsinə verəcəyi zərərlər barədə danışıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Davtyan verdiyi müsahibədə bu müqavilənin Ermənistanı həm hərbi-siyasi, həm də iqtisadi cəhətdən pis vəziyyətdə qoyduğunu bildirib.
Müqavilənin təhlükəsizlik baxımından İran və Rusiyaya sərf etdiyini qeyd edən ekspert bunun Ermənistan üçün fəsadsız keçinməyəcəyinə diqqət çəkib.
Onun sözlərinə görə, Konvensiyanın Xəzərdə xəzəryanı ölkələrdən başqa digər ölkələrin hərbi fəaliyyətinə icazə verməməsi Rusiyanın regionda mövqeyini möhkəmləndirir. Nəticədə Xəzərdə ən güclü donanma saxlamaq gücünə malik Rusiya regionda söz sahibi olur. Beləliklə , həm Qara dənizdə, həm də Xəzərdə möhkəmlənən Rusiya üçün Ermənistanın strateji marağı azalır. Həmçinin bununla Ermənistana təzyiqlərin də arta biləcəyi məsələsi gündəmə gəlir.
Davtyanın sözlərinə görə bununla Rusiya regiondakı enerji layihələrinə təsir gücü əldə edir.
“Burada Avropaya enerji vasitələrinin ötürülməsi üçün nəzərdə tutulmuş, Türkmənistanı Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirəcək Transxəzər layihəsi məsələsi ortaya çıxır. Bu məsələ həmçinin layihəyə qoşulmaq istəyən Qazaxıstan və Avropanı əsas enerji bazarı kimi görən İranın da maraqlarına ziddir.
Xatırladaq ki, Rusiyanın Avropaya enerji vasitələri ilə təsir etməsinə əsas rəqib qüvvə Azərbaycanın həyata keçirdiyi layihələr idi. Bu layihələrlə Avropa alternativ enerji qaynağı əldə edirdi.
Bu konvensiyanın rəqib kimi Azərbaycanın mövqelərini möhkəmləndirdiyinə də diqqət çəkən erməni ekspert, bununla Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafının Ermənistan üçün pis nəticələnə biləcəyini vurğulayıb. Bu nəticələrin isə əsasən iqtisadi cəhətdən Ermənistana ciddi zərbə olacağını qeyd edib.
Çünki bu konvensiya sayəsində Azərbaycanın İranla da əlaqələrini mökənləndirdiyini bildirib. Beləliklə İran mallarının Rusiyaya ötürülməsi üçün potensial keçid olan Ermənistan koridoru öz əhəmiyyətini itirir.
Buna artıq Şimal-Cənub ticarət əlaqələri üçün Azərbaycandan keçən dəmir yollarının əhəmiyyətinin artması və müzakirələr aparılması məsələsi sübut ola bilər. Bunun sayəsində Ermənistan Şimal-Cənub dəhlizindən kənarda qalacaq.
Davtyan həmçinin Azərbaycanla İranın enerji sahəsindəki əməkdaşlığının artdığına diqqət çəkib. Avropa enerji xəttinə qoşulmaq istəyən İranın bunun üçün Azərbaycanı seçməsi daha yaxşı variant kimi görünür. Burada Rusiyaya idxal üçün nəzərdə tutulan və tikilişi gedən İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizi artıq sual altına düşür.
Ekspert 2018-ci ilin yanvar ayından Bakı, Tehran və Rusiya bu logistik marşrutun Azərbaycan vasitəsilə həyata keçirilməsi ilə bağlı rəsmi məsləhətləşmələr təşkil edildiyini söyləyib.
“Bildiyimiz kimi, İran yaxın vaxtlarda Azərbaycandan elektrik enerjisi idxalına başlayıb. Eyni zamanda o, Ermənistanla barter müqaviləsi üzrə enerji transferinin tələb olunmadığını bəyan edərək bu enerjinin Gürcüstana ixrac ediləcəyini qeyd edib” – ekspert bildirib.
Ekspert həmçinin bununla Ermənistanın onun üçün çox əhəmiyyətli bir bazarı itirdiyinə diqqət çəkib.
“Əlbəttə ki, bütün bunlar yuxarıda göstərilən Konvensiyasız baş verirdi, lakin, bu sənəd bu tendensiyaları gücləndirmək üçün əlavə əsaslar yaradır. Ümumiyyətlə, Konvensiyada Xəzər regionunda anti-erməni lobbisi ilə bağlı bəzi siyasi törəmələri var” – Davtyan sonda vurğulayıb.
Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Ermənistanın müxalif Respublikaçılar partiyasını da hərəkətə gətirib. Partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyan hökumətini “tostlar” səviyyəsində beynəlxalq əlaqələr qurmaqda, boşboğazlıqda və ölkəyə yeni təhdidlər cəlb etməkdə günahlandırıb. Onun qənaətinə görə, Nikol Paşinyanın 17 avqustdakı 100 günlük hesabat mitinqində vəzifədə olduğu bu müddət ərzində gördüyü işlər barədə hesabat vermək əvəzinə, baş nazir kreslosunda hələ uzun müddət oturmaq üçün təhdid dili ilə əleyhdarlarına ultimatum göndərməsi ölkənin siyasi səhnəsində növbəti tragikomik ssenarilərin işə düşə biləcəyindən xəbər verir.
Eduard Şarmazanov bildirib ki, Respublikaçılar heç də Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən yox, bu münasibətlərin pisləşməsindən narahatdır: “İrəvanın Moskva ilə münasibətlərinin əvvəlkitək olmamasında bilavasitə Paşinyan məsuliyyət daşıyır”. Şarmazanovun fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri heç də sadə çağırış yox, İrəvana xəbərdarlıqdır:
“Ermənistanla Rusiyanın gələcək münasibətləri üçün narahatlığa əsas var. Fikrimcə, Paşinyan bizdən daha çox narahatdır, çünki bir səhvin ardınca digərini təkrarlayır. Yeni hökumət Rusiya ilə münasibətlərini “tostlar” səviyyəsində qurur. Lakin beynəlxalq münasibətlər tost söyləməklə qurulmur. Necə deyərlər, siyasətdə başlıca məsələ boşboğazlıq yox, effektivlikdir. O da ki, yeni hökumətdə yoxdur. Paşinyan nə istəyir bəyan edə bilər. (Putinlə) görüşlərdən və telefon danışığından da bəhs edə bilər, amma əsas olan bu deyil. Əsas nəticədir. Bizim üçün nəticə isə Rusiya Xarici İşlər Nazirliyi və onun rəhbəri Sergey Lavrovun Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasəti sərt qiymətləndirməsi və tənqididir”, - deyə Şarmazanov vurğulayıb.
Parlamentin vitse-spikeri onu da bildirib ki, Paşinyan öz gələcəyindən və vəzifədən getməkdən qorxduğuna görə, şantaj və populizm yeni hökumətin əsas silahına çevrilib. Şarmazanovun sözlərinə görə, baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı konstitusiyaya dəyişiklik etmək istəyi də bununla əlaqədardır. Və gülməlisi odur ki, Paşinyan bunu heç gizlətmir də və mitinqdə əleyhdarlarından qorxduğunu açıq şəkildə nümayiş etdirib. Bu isə o deməkdir ki, Paşinyan üçün hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Ermənistanın gələcəyi və sabitliyi yox, baş nazir postunda möhkəmlənmək daha vacibdir.

Bu xəbər oxundu
- - -