Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şah İsmayıl” dastanında obrazların səciyyəsi

21.08.18, 7:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Dastan söyləyən aşıq öz təhkiyəsində və şeirlərin seçilməsində bədii ifadələrin, atalar sözlərinin, epitetlərin, alqışların, metaforaların və s. iştirakına xüsusi diqqət yetirir. Məsələn, “Qonağı qapıdan qovmazlar”, “Açılmaz qabağı, qaşı namərdin”, “Qazandığı nemət getsin yellərə”, “Bir iyid ki, ilqarından tez dönə, Mövlam ona qənim olsun sabahdan”, “Ərin yaraşığı iki gözüdü”, “Bu biçarə başıma çox ağırdı daşların”, “Yaman olur nazlı yarın acısı”, “Sinəm üstə düyün necə, dağ necə?”, “Ayrı düşə məşuqundan sağ, necə?”, “Yusif kimi ayrı düşdüm Kənandan”, “Sona kəklik tülək tərlan ovudu” kimi misralarda poetik fiqurlardan istifadə olunub.
Dastanda bənzətmələr bədii təsir faktı kimi daha çox özünə yer tapır. Adətən bənzətmələrdə yarın qaşı, gözü, yanağı, dodağı və s. ilə bənzədilən arasında poetik məna olur. Aşıq-dastançı belə bənzətmələrlə gözəlin poetik fiqurunu təsvir edir.

Qaşların cəlladdı, gözlərin sirdi,
Dodağın qaymadı, dişlərin dürdü,
Yanağın almadı, ləbin bülurdu,
Salıbdı aləmə şox məmələrin.

Sənətkar ustalıqla verdiyi bənzətmələrlə şeirin mənasını qüvvətləndirir, xüsusən dördüncü misranın təsir gücünü artırmış olur.
Dastanın nəsr hissəsində də bədii təsvir vasitələrindən istifadə olunduğunu görürük. “Şah İsmayıl” dastanının əvvəlində təşbehlərdən, bənzətmələrdən daha çox istifadə olunub. Bu təşbeh və bənzətmələrdə Gülzarın üzü on dörd gecəlik aya bənzədilir, yanaqları qızılgül qönçəsi, dodaqları qan piyaləsinə oxşadılır, andlardan istifadə olunur (“And olsun babamın tacına”, Şah İsmayılın at çapması “ildırım kimi at sürüb gedirdi” şəklində tərif edilir, bədii təyin kimi “Mən baxtı qaranın üstündə qılınc qırğınıdı” kimi ifadələrlə verilir. “Baxtı qara”, “ürək-dirək vermək”, “əlinə-ayağına düşmək” ifadələri məcaz, “bu bəzəkli otaqda bir qız yatıb, bir qız yatıb ki, elə bil qüdrətin kərəmi coşa gəlib, gözəllik paylananda ilk qələmi bu qıza çəkib” cümləsində qüvvətli təsvir, fikrin obrazlı, məntiqi deyimi, nitqin incəliyi və zərifliyi metaforik şəkildə ifadə olunub. “Şah İsmayıl” dastanındakı bədii təsvir vasitələrinin çoxçeşidliliyi onun poetik sisteminin zənginliyinin və mükəmməlliyinin göstəricisidir. Bu təsvir vasitələri ekspressiv-emosional duyğuların ifadə olunmasına kömək edir. Qəhrəmanın təsvirində bu bədii təsvir vasitələri aparıcı rol oynayır. Əgər belə təsvir vasitələrindən istifadə olunmasa, dastanın şeiriyyəti zəif alınar, sönük mahiyyət daşıyar. Ona görə də dastançı aşıqlar təhkiyədə belə üsullara yer verir, qəhrəmanların hiss və duyğularını bu bədii vasitələrlə təqdimə çalışırlar. Dastanın şeir dilindən əlavə nəsr dilində də poetik qəliblərdən istifadə olunması dastan dilinə bir axıcılıq, bədii gözəllik gətirir. Məhz bu bədii gözəlliyə görə, dastanlarda epitet, metafora, məcazlar, təşbehlər, andlar, qarğışlar və s. Fikrin bədii tutumunu artırmaq məqsədi daşıyır. Bu bədii ifadələr xalq arasında işlək olduğuna görə şeir dilinə də gətirilir. “Şah İsmayıl” dastanı bədii-poetik dəyərinə görə Azərbaycan dastan mətnləri içərisində özünə məxsusluğu ilə səciyyələnir. Bütün bunlar dastanın poetik sisteminin mükəmməlliyini, nitq janrları, bədiilik etiketləri ilə zənginliyini, unikal xarakterli olmasını göstərir.

Dastanda obrazların səciyyəsi

Dastan elə mükəmməl yaradıcılıq nümunəsidir ki, orada hər bir elementin, formulun, janr sxeminin, təhkiyə aktının, məzmun yaddaşının, obraz sıralanmasının öz yeri var. “Şah İsmayıl” dastanında da bu bir sistem olaraq belədir. Ona görə də burada aydınlaşmalı problemlərdən biri obrazların tipologiyasının müəyyənliyidir. Məlum olduğu kimi, bütün məhəbbət dastanlarında qaynaq olaraq səciyyələnən arxaik yaddaş var. Etnokulturoloji proseslərin davamlı faktı kimi fundamental laylarla səciyyələnən folklor poetik-semantik qəlibləşmədə ciddi bir sistemlə təmsil olunur. Hadisələr, hərəkətlər isə obrazların ideallarına, amal və məqsədinə bağlanır. Epos ənənəsində olduğu kimi, “Şah İsmayıl” dastanında da obrazlar arxaik sistemdən başlanğıcını götürüb. Həm “Gözəl şahzadə haqqında nağıl”, həm də “Şah İsmayıl və Gülzar” dastanı obraz səviyyələrində biri digəri ilə qohumdu. Lakin eyni qaynaqdan qidalansalar da nağılın və dastanın arasında janr differensiyası nəzərə çarpır. “Gözəl şahzadə haqqında nağıl”dakı obrazlar kütlə tərəfindən qeyri-real həqiqət kimi, nağıla məxsus obrazlar kimi qəbul olunur. Dastandakı Şah İsmayıl, Gülzar və digər obrazlar, eləcə də hadisələr dinləyicilər tərəfindən daha ciddi aspektdən yanaşmalarla səciyyələnir.
Məlum olduğu kimi, “nəzəri fəaliyyət seyrin və təfəkkürün anlayışa çevrilməsidir. Nəzəriyyə həmişə “fikri bütövlük, fikri konkretlik şəklində bütövlük yaradır”. Söz sənəti isə öz aydınlığı və konkretliyi ilə varlığın müxtəlifliyini, onu özünə oxşar, onun formasında göstərir. Təsvirdə obraz görünür, varlığında həm konkret təsəvvür və anlayışların əlamətlərini, həm də qayəni – ideyanı daşıyır. Çünki obraz həyatı, dövrün hadisələrini ifadə etməyin, varlığın məna və məzmununu açmağın, zamanın ictimai ideallarını yaratmağın, insan iradəsinə, hiss və duyğusuna təsir göstərməyin xüsusi təfəkkür formasıdır, müəyyən bir əhvalatı, bir prosesi başqası ilə aşkarlayan metaforik fikirdir”. Dastan təfəkküründə bütün plafonik məzmun, ortaya qoyulmalı olan qayə obrazlarla reallaşır. “Şah İsmayıl” dastanındakı, eləcə də bütün digər məhəbbət dastanlarındakı obrazlar eyni düşüncə hadisəsinin faktı kimi görünür. Ancaq onun alt qtında, mahiyyətində etnosun zəngin mədəniyyəti, həyat münasibətləri cəmlənir. Bütün məhəbbət dastanlarında ortaq xətlər, birləşdirici motivlər, yaxın konstruksiya komponentləri var və bu, davamlı şəkildə təkrarlanır. Məsələn, aşiq, məşuqə, dərviş, ata-ana, qəhrəmana kömək edən obrazlar, eləcə də mənfi obrazlar, bütün qütbləşmələr zamanın və etnosun ictimai ideallarına hesablanır və sistemi müəyyənləşdirir. Bir sözlə məhəbbət dastanlarında, eləcə də “Şah İsmayıl”da bütün obrazlar özəl xarakterik xüsusiyyətləri, fərdi cizgiləri səciyyələnir. Ona görə də dastandakı obrazlar həm dəyişməz mühafizəkar (standart), həm də innovativ, proqressiv-inkişaf edən obrazlardır. Məhərrəm Cəfərli bu prosesi statizm və dinamizm kimi göstərib. “Məhəbbət dastanının hər bir obrazı statizm və dinamizmin təzahürü kimi meydana çıxır”. Şah İsmayıl da digər məhəbbət dastanlarının qəhrəmanları kimi qeyri-adi möcüzəli yolla – dərvişin verdiyi alma nəticəsində doğulur, sevgilisini tapmaq üçün yola çıxır, qarşısına çıxan çətinlikləri dəf edir, əks qüvvələr üzərində qələbə çalır və ən nəhayət sevgilisinə qovuşur. Sadalanan proseslər statik proseslərdir ki, bu da İsmayılın xarakterinin fərdiliyini açmağa, obrazın özünəməxsusluğunu göstərməyə imkan vermir. Obrazdakı mühafizəkarlığı dastanın yalnız nəsr hissəsində izləyirik. Qəhrəmanımızın təqdimatını canlandıran, özünəməxsusluğunu bəlli edən, dinamiklik verən dastanımızın şeiriyyətidir. Şeiriyyət obrazın hərəkətini, dinamik funksiyasını, ideallarını, canlı xarakterini daha çox müəyyənləşdirməyə imkan yaradır. Məsələn, Şah İsmayıl Gülzarla ilk görüşdən sonra məluldur.

Ay həzərat, ay camaat,
Görün nələrdən ayrıldım.
Alma yanaq, ayna qabaq,
Dili şəkərdən ayrıldım.

Yar oduna qalanmadım,
Dilbərdən kamım almadım.
Bir gecə mehman olmadım,
Gülüzlü yardan ayrıldım.

İlk görüşdən sonra qəhrəmanların pərişanlığı, qəm dəryasına qərq olmaları məhəbbət dastanlarının qəhrəmanları üçün ənənəvi bir haldır. “Şah İsmayıl” dastanında arxaik ənənə ilə təsəvvüfi görüşlər birləşib. Bu da təbiidir, çünki dastanın işarələdiyi məzmun, ehtiva elədiyi informativ baza bir istiqa¬mətdə arxaik yaddaşa bağlanırsa, digər tərəfdən təsəvvüfi görüşlərlə səciyyələnir. Səfəviyyə təriqətinin, sufizmin orta çağ mərhələsində aparıcı tendensiyası dastan qəhrəmanının fəaliyyətində, təriqət ordeninə mənsubluğunda da ciddi tərəf kimi görünür. Dastan məhz qəhrəmanın canlı şəxsiyyət kimi fəaliyyətindən başlanğıcını götürsə də orada janrın xarakterik simmetriyası qorunur. Müxtəlif motivləşmə və qəlibləşmələrdə daha dərin yaddaş qatları müşahidə olunur. Dastanda süjetyaradıcı obyekt Şah İsmayıldı. Sevgi adlı nəcib hissin cazibəsini ilk dəfə dadan Şah İsmayıl, bütün gənclik ehtirası ilə sevgisinə təslim olur və Gülzarına qovuşacağı günü səbrsizlikə gözləyir. O, öz yüksək sevgisi uğrunda mübarizə aparmaqdan usanmır. Onun sevgisi sərhədsiz, coşqun və tükənməzdir. Gülzarından ayrı yaşamaq ona olduqca çətindi. Saxtakarlıq və qərəz bu sevgiyə yaddır. İsmayıl üçün sevgidən üstün heç nə yoxdur. Həyatda heç bir nemət qəhrəmana Gülzara olan sevgisini əvəz edə bilməz. Madar oğlunu düşdüyü sevdadan yayındırmaq üçün Ədil şah Qəndəharın bütün qızlarını “Gülşən bağı”na cəm etdirir. “Şah İsmayıl qızlara ha göz gəzdirdi, Gülzara bənzəyən bir gözəl görə bilmir və deyir:

Kimi al geyinib, kimi turabı,
Kimisi üzünə çəkib niqabı.
Deyil bunlar Şah İsmayılın babı,
Heç birisi Gülüzara bənzəməz.

Oğlunun heç bir qızı bəyənmədiyini görən ata, “mən bir qızdan ötrü Türkmana qoşun çəkib dava eləyə bilmərəm” deyir. Bu yolla da o, oğlunu bu uzaq səfərə çıxmasından çəkinəcəyini düşünür. Lakin ata yanılır. Qəhrəmanın hər şeydən üstün olan sevgisi onu sarsılmaz etmiş, sevgisinin dərinliyi ona güc, qorxmazlıq vermişdir. O, yenilməz gücü və coşqun qətiyyəti ilə sevgisi uğrunda silahlanır. Qarşısına çıxan bütün maneələri, olacaqları keçmək üçün hazırdır. Apardığı mücadilə, sevgi duyğuları onu bərkidib.
Qəmərdayına atılıb sevgisinin ardınca yola düşən İsmayıl onu nələr gözləyə biləcəyindən xəbərdardır. Rəmdar Pərinin qardaşları onu Ərəb Zəngi ilə qarşılaşmamaqdan ötrü üç aylıq yolla getməsini məsləhət görəndə İsmayıl deyir: “Qurddan qorxan qoyun saxlamaz. Mən ölümü gözümün qabağına alıb Türkmana qılınc zoruna qız gətirməyə gedirəm. Siz məni Ərəb Zəngi ilə qorxudursunuz”. Şah İsmayıl bu sözləri deməklə kifayətlənmir, bu gərgin mübarizədə öz məqsədinə nail olur. Dastanın gedişatında biz qəhrəmanı öz doğma vətənindən ayrı digər ölkələrdə görürük. O, təmiz sevgisi naminə qarşısına çıxan bütün maneələri aradan qaldıraraq sevgisini qürurla qoruyur.


Kəmalə İsmayılova
araşdırmaçı

Bu xəbər oxundu
- - -