Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Zəncir vurmaq qəbul edilən deyil”

21.08.18, 8:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Qurbanlı: ”Bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir”

“Bu il Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra Aşura olacaq”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
M.Qurbanlı bildirib ki, Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq. Bu plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq.
Komitə sədri əlavə edib ki, Məhərrəm ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər: "Fikrimcə, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər islami dəyərlərə söykənir. Məhərrəm ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir".
M.Qurbanlı qeyd edib ki, Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir. Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur:
"Məhərrəmlikdə zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Əgər dini ayinlərin icrası zamanı belə hallar olacaqsa, dini ayinlərin icrasında yol verilən nöqsan olacaq".
"Azərbaycanda mənəvi dəyərlərin aşınması təhlükəsi yoxdur, amma biz zamanın tələblərinə uyğun tədbirlər görməliyik ki, aşınmaya məruz qalmayaq. Bunun üçün isə biz çox güclü olmalıyıq"-deyən M.Qurbanlı bildirib ki, Azərbaycan qərb mədəniyyətinin təsiri altındadır. Böyük dövlətlər mədəniyyətlərin qarışmasına maraq göstərir: "Bütün bunlar bizim milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər. Ona görə də xalqımız öz dəyərlərini qoruyub saxlamaq instinktini inkişaf etdirməlidir. Biz bununla əsas mənəvi dəyərlərimizdən olan müstəqilliyimizi qorumuş oluruq. Eyni zamanda, dini icmalar, din xadimləri və mətbuat orqanları bu istiqamətdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar".
O əlavə edib ki, Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib. Bunu qorumaq üçün də vacib addımlar atılıb.
M.Qurbanlı əlavə edib ki, ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində yürütdüyü siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
Komitə sədrinin sözlərinə görə, mənəvi dəyərlərin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dini icmalar da əhəmiyyətli rol oynayır.

Bu xəbər oxundu
- - -