Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağ bizə verilməyəcək, onu qaytaracağıq”

21.08.18, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sahib Alıyev: “Paşinyanın mitinqdəki çıxışı psixoloyi baxımdan ona hazır olduqlarını ortaya qoyur”


Ermənistanda vəziyyət günü-gündən gərginləşir. Hazırki baş nazir Nikol Paşinyanın hakimiyyətinin 100 günü tamam olsa da o, verdiyi vədləri yerinə yetirmir və bu səbəbdən ölkə əhalisinin etirazları səngimir. Qeyri-stabil mövqe sərgiləyən Paşinyan Dağlıq Qarabağ danışıqları ilə bağlı da ciddi səhvlərə yol verir. Eks-prezident Köçaryanın isə yenidən siyasi səhnəyə qayıtması gərginliyi daha da artırır. Ekspertlər hesab edirlər ki, Köçaryanın siyasətə qayıtması təsadüfi deyil və bu, Paşinyanın devrilməsinə hesablanıb. Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqində səsləndirdiyi fikirlərə isə həm Ermənistan, həm də Azərbaycanda münasibət bildirilib.
Ermənistan parlamentinin sədri Ara Babloyan Paşinyanı sərt tənqid edib. Aysor.am saytının məlumatına görə, o “inanıram ki, xalqın səsi eşidilməlidir, lakin bununla yanaşı, biz qəti şəkildə konstitusiya və qanunlarla hərəkət etməliyik, eyni zamanda, Ermənistan Respublikası üzərində öhdəmizə götürdüklərimizə əməl etməliyik”, - deyə vurğulayıb. Nikol Paşinyanın avqustun 17-də keçirdiyi mitinqdəki çıxışını kəskin tənqid edən Babloyan bildirib ki, mövcud vəziyyətdən ciddi narahatlıq keçirir: “Təəssüflə bildirirəm ki, ölkədəki vəziyyətdən ciddi narahatam. Ölkənin normal ictimai-siyasi həyatı, konstitusion hüquqlar, dövlət orqanları və vətəndaş həmrəyliyi təhlükə altındadır, cəmiyyətin inqilabçılara və əks-inqilabçılara parçalanması, dözümsüzlük tendensiyası açıq-aşkar görünməkdədir”.
“Bu narahatlıq xüsusilə baş nazir Paşinyanın çıxışından sonra daha da artıb”,- deyə qeyd edən Ermənistan parlamentinin sədri qarşı tərəfin fikirlərini sitat gətirib və həmin fikirlərin doğru olmadığını deyib: “Paşinyan deyir ki, “mən hər kəsə söz deməmişdən öncə fikirləşməyi məsləhət görürəm”. Bu, azad sözə məhdudiyyət qoymaqdır. Siz, əslində danışmamışdan öncə düşünməyi öyrənməlisiniz. Məhz bundan sonra azad ifadə etmək hüququnuz üzərində fikirləşməlisiniz. Etiraf edim ki, baş nazir Paşinyandan təhdid xarakterli bu cür ifadələri eşitmək mənim üçün gözlənilməz oldu”.
Erməni spiker Paşinyan tərəfindən “keçici ədalət” tezisinin irəli sürülməsinə də münasibətini bildirib və qeyd edib ki, belə fikirlər hüquqi çərçivəyə sığmır və qanunlara əksdir:”Belə ki, parlament vasitəsi ilə konstitusiyada dəyişikliklərin edilməsi məsələsi hüquqi dövlətə qarşı basqı və təhdiddir.
“Bu, mənim üçün xüsusilə aydın deyil və parlamentdə bənzər müzakirələrin aparılması, qərarların qəbul edilməsi sona çatmayıb”,- deyən Ara Babloyan bildirib ki, qeyd edilənlərlə bağlı o, Ermənistan prezidenti, baş nazirlə, hüquq müdafiəçiləri, yuxarı məhkəmə şurası və beynəlxalq diplomatik missiyalarla mövcud vəziyyətlə bağlı görüşməyi planlaşdırır.
Millət vəkili Sahib Alıyev isə deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqust mitinqində etdiyi çıxışında əlində sənədlər olduğunu və həmin sənədlərə dayanaraq sələflərinin "Dağlıq Qarabağı Azərbaycana vermək" istədiklərini açıqladı.
Millət vəkilinin sözlərinə görə, beləliklə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin torpaq bütünlüyümüzün heç vaxt danışıqlar predmeti olmadığı haqda dediklərini hayların liderləri də təsdiqləmiş oldu: "Sələfləri aydındır, bəs Paşinyan necə, öz təbirincə desək, "Dağlıq Qarabağı Azərbaycana verməyə" hazırdırmı? "Bunu mən yox, erməni xalqı həll etməlidir" sözlərindən görünür ki, bəli, o da işğalın gec-tez başa çatacağı düşüncəsindədir. Təbii ki, haylar Dağlıq Qarabağı bizə verə bilməzlər. Çünki bir şeyi başqasına vermək üçün o sənin olmalıdır. Dağlıq Qarabağ isə heç zaman hayların olmayıb, olmayacaq da. Dağlıq Qarabağ bizə verilməyəcək, onu qaytaracağıq. Paşinyanın mitinqdəki çıxışı hətta artıq hay elitasının belə, bunun qaçılmazlığını dərk etdiyini və onların psixoloyi baxımdan ona hazır olduğunu ortaya qoyur. Önəmli olan da budur".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistanın baş naziri Nikol Paşiyanın avqustun 17-də İrəvanda keçirdiyi mitinq inqilabçı baş nazirin hakimiyyətdə olduğu 100 günə həsr olunmuşdu: "Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya gücünü göstərdi. Mitinqə on minlərlə insan qatılmışdı. Ancaq mitinq rerursu Paşinyanın gücünu heç də artırmır". Politoloqun sözlərinə görə, Nikol Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur: "Birinci amil, onun parlamentdəki mövqeyinin zəifliyidir. O güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə proseduruna başlamasını təklif etməsi yetərlidir ki, Nikol Paşinyan baş nazir kreslosunu itirsin. Məsələn, Respublika Partiyası və Daşnaksütyun Partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Köçəryanı dəstəkləyir.
İkinci amil, Nikol Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn, Robert Köçəryan həbsdən azad olunan kimi onun Daşnaksütyun Partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Və ya məlum oldu ki, Köçəryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub".
Elxan Şahinoğlu deyir ki, üçüncü amil Rusiyadır: "Robert Köçəryan Nikol Paşinyanı zəif yerindən vurur. Köçəryan Paşinyanın "Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır" sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə bilə bir ifadə işlədib: "Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır". Köçəryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq. Paşinyanın hazırki reytinqi hələ ki, yüksəkdir. Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər".
Bir sıra ekspertlər isə Ermənistandakı durumun müharibə variantını daha da aktuallaşdırdığını düşünürlər.
Vəkil Rövşən Qasımov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində isə göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Qeyd edilən maddənin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdir: "Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir".
Onun sözlərinə görə, Qarabağ probleminin siyasi yolla həlli üçün beynəlxalq şərait də mövcuddur:”Belə ki, BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 №-li qətnaməsinin 3-cü bəndində göstərilir ki, bütün hərbi əməliyyatların təxirə salınmadan dayandırılmasını və münaqişədə iştirak edən işğal qüvvələrinin Azərbaycan Respublikasının Ağdam rayonundan və işğal olunmuş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmin qətnamənin 9-cu bəndinə əsasən Şura Ermənistan Respublikası hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 №-li qətnamənin müddəalarına əməl etməsi və ATƏM-in Minsk qrupunun təkliflərini həmin tərəfin qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır.
BMT Təhlükəsizlik Şurası 14 oktyabr 1993-cü il tarixli 874 №-li qətnaməsinin 3-cü bəndinə əsasən, 822 və 853 №-li qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yeniləşdirilməsini alqışlayır. BMT kimi mötəbər beynəlxalq təşkilatın bu qətnamələri bu günə kimi icra edilməyib.
Nəhayət, BMT Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il tarixli 884 №-li qətnaməsinin 4-cü bəndində Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), (S/26522, əlavə) saylı qətnamələrinin yerinə yetirilməsini, hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılmasını, Azərbaycan Respublikasının işğal olunmuş rayonlarından qəsbkar qüvvələrin çıxarılmasını maraqlı tərəflərdən tələb edir.
Burada haqlı sual meydana çıxır. Əgər BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın qətnamələri indiyə kimi icra edilmirsə, onda bu qərarlar kimin üçün və nəyə görə qəbul edilir? Bütün bunlar dünyada hələ də beynəlxalq səviyyədə müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını bir daha təsdiq edir.
BMT-nin San-Fransisko şəhərində 26 iyun 1945-ci il tarixdə qəbul edilmiş nizamnaməsinin 39-41-ci maddələrinə əsasən Təhlükəsizlik Şurası iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsi kimi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edə bilər. Lakin BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrinin bu günə kimi Ermənistan tərəfindən yerinə yetirilmədiyi halda, bu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilməyib”.

Əli

Bu xəbər oxundu
- - -