Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiyanın parçalanması prosesi yenidən başlaya bilər”

21.08.18, 13:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Hesab edirəm ki, hansısa mərhələdə Rusiyanın parçalanması prosesi yenidən başlaya bilər. Bu, Qafqazda yeni dövlətlərin yarana biləcəyi ehtimalını özündə əks etdirir”.
Politoloq Sədrəddin Soltan belə düşünür. Onun “Gündəlik Teleqraf”a müsahibəsini təqdim edirik:
- ABŞ Suriya və İraqdakı qoşunlarını çıxarmayacağını, anti-terror əməliyyatlarını davam etdirəcəyini və əsas hədəfin də İŞİD olduğunu açıqladı. Sizcə, əsas hədəf həqiqətən İŞİD-dir?
- Corc Buş dönəmində İraqa hərbi müdaxiləsi, Körfəz müharibələri, İran – İraq müharibəsi vaxtı baş verən hadisələrdən sonra ABŞ Yaxın Şərqlə bağlı yeni strategiyasını və siyasətini irəli sürdü. Böyük Yaxın Şərq Planı da bu siyasətin əsasını təşkil edirdi. Çünki SSRİ-nin dağılmasıyla ABŞ-ın Yaxın Şərqdəki əsas rəqibi sıradan çıxdı. Yəni, Sovet İttifaqının parçalanması bölgədə Amerikaya geniş imkanlar yaratdı: fəaliyyətini genişləndirmək və region dövlətlərinə təsir etmək üçün yaxşı fürsətlər əldə etdi. Lakin sonrakı dönəmlərdə ABŞ-ın bu planlarını həyata keçirməsinə mane olan hakimiyyətlər var idi. Həmin siyasi rejimlər Sovet Rusiyasının təsir dairəsində idilər. İraqdakı Səddam Hüseyn, Liviyadakı Müəmmar əl-Qəddafi, Suriyadakı Hafiz Əsəd və Sosialist Yəmən Moskvanın təsir dairəsindəydilər. Həmin siyasi rejimlər ABŞ-ın bölgədəki fəaliyyətinə mane ola bilirdilər. Bu rejimlər ölkəni avtoritar qaydalarla idarə etdiklərinə görə, cəmiyyətlər onlardan narazı idilər. Rejimlərə qarşı böyük bir nifrət vardı. Sonrakı proseslərdə həmin avtoritar liderlərin heykəllərinin dağıdılması, devrilməsi bunu sübut edirdi.
Hafiz Əsədin də, Səddam Hüseynin də, Qəddafinin də heykəllərini aşırdılar. Sonrakı dönəmlərdə Misirdə Hüsnü Mübarək və Tunisdə Bin Əli rejimləri də eyni aqibətlə üzləşdilər. Həmin dövlətlərdə diktatura rejimlərinə qarşı hərəkatlar başlamışdı və bu, ABŞ tərəfindən dəstəklənirdi. ABŞ da elan etdi ki, bu ölkələrdə demokratiyanı dəstəkləyəcək və terrorizmə qarşı mübarizə aparacaq.
İlk olaraq, ABŞ İraqda terrorizmə qarşı əməliyyatlara başladığını bildirdi. Əl-Qaidənin İraqdakı qoluna və mərkəzi Bağdad hakimiyyətinə qarşı mübarizə apardığını elan etdi. Sonrakı dönəmlərdə isə Əl-Qaidə layihəsi köhnəldiyinə görə, İŞİD məsələsini ortaya atdılar. İŞİD də Suriya və İraqda “İraq – Şam İslam Xilafəti” elan etdi. Bu da bölgədə yaşayan insanlara qarşı yönəlmiş fəaliyyət idi. Çünki İŞİD yerli əhalini hədəfə almışdı, kütləvi qırğınlar həyata keçirirdi. Bunu da “Quran”ın əmri” adı altında həyata keçirdiyini iddia edirdi. Əlbəttə, bu vəziyyət ABŞ-ın əlinə oynayırdı və bu məqsədlə də terrorizmə qarşı mübarizəyə başladığını bildirdi.
- Amma siyahıda PKK-nın adı yox idi...
- Doğrudur, PKK-nı terror siyahısına salan ABŞ bu terror təşkilatının PYD və YPG kimi Suriyada fəaliyyət göstərən qollarına qarşı mübarizə aparmadı. Halbuki terrorizm əməliyyatları çərçivəsində bu terror təşkilatlarına qarşı da mübarizə aparılmalıydı. Bu vaxt məlum oldu ki, hər siyasi qüvvənin mübarizə apardığı ayrı-ayrı terror təşkilatı var. Hər siyasi qüvvə mübarizə apardığı təşkilatın adını özü qoydu. Amma mərkəzi hakimiyyətlər bölgəyə nəzarəti itidiklərinə görə, bölgə tamamilə nəzarətsiz qaldı. Hər kəs öz istəklərini həyata keçirirdi.
2016-cı ildə Rusiyanın Xəzər dənizindən Suriyanı vurması, onun bölgəyə marağının itmədiyini göstərdi. Rusiya bölgəyə yenidən girdi. Bu isə ABŞ-a bölgədə qalması üçün bəhanə oldu. Beləliklə, Amerika İraq və Suriyada möhkəmlənməyə başladı. Bu günlərdə də ABŞ elan etdi ki, İraq mərkəzi hakimiyyəti istədiyi vaxtadək İraq ərazilərində qalacaq. Yəni həm İraqda, həm də Suriyada terrorizmə qarşı mübarizəni davam etdirəcək.
Bir neçə gün əvvəl İŞİD-in Deyr Əz Zorda partlayış törətməsi, ABŞ və bölgədə maraqları olan digər qüvvələrə burada qalmasına əlavə şərait yaratdı. İŞİD-in bölgədə qalması həm region dövlətlərinə, həm də üçüncü tərəflərə - Rusiya, ABŞ, İran və digər ölkələrə sərf edir. İran və Rusiya Bəşər Əsədə görə, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün, ABŞ isə öz maraqlarını təmin etmək və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqçün bölgədədir. Bu da bölgənin nəzarətsiz olduğunu göstərir. Hakimiyyətlər öz ölkələrinə nəzarətləri itirdikləri üçün terrorizmə qarşı mübarizəni kənar dövlətlər aparırlar. Bu da ABŞ-a bölgədə qalması üçün fürsət yaradır.
- ABŞ-ın Yaxın Şərqdə möhkəmlənməyə başladığı tarixə də yenidən baxmaq maraqlı olardı...
- 2001-ci ildə Nyu-Yorkda baş vermiş terror hadisəsindən sonra elan edildi ki, göydələnləri Əl-Qaidə vurub. Demək ki, Əl-Qaidənin vurulması üçün plan hazırlanmışdı. Bu məqsədlə də, ABŞ Əfqanıstana ordu yeritdi, Taliban rejimini devirdi və Əl-Qaidə lideri Üsamə bin Laden məhv edildi. İndi də ABŞ öz milli maraqlarını kənardan qorumağa başlayıb. Ehtimal edir ki, İŞİD və Boko Haram kimi terror təşkilatlıarı ABŞ üçün təhlükə yarada bilərlər, buna görə də bu qruplaşmaları sıradan çıxarmağa çalışır. Amma hadisələrin inkişafında digər məsələlər də üzə çıxır.
Məsələn, Məhəmməd Mursinin başçılıq etdiyi Müsəlman Qardaşları terror təşkilatı deyildi və Hüsnü Mübarəkin hakimiyyətdən getməsi üçün fəal mübarizə aparmışdı, hakimiyyətə seçki yolu ilə gəlmişdi. Lakin Misirdə demokratik yolla hakimiyyətə gəlmiş Müsəlman Qardaşlarının devrilməsi və hakimiyyətə hərbi xuntanın (general əl-Sisi) gətirilməsi, hadisələrə fərqli baxış ortaya qoydu. Məlum olur ki, həmin ölkələrdə Qərbin maraqlarına xidmət edən siyasi qüvvələr hakimiyyətə gətirilməlidir. Buna görə də nə ABŞ, nə də Avropa İttifaqı Məhəmməd Mursiyə istədiyi 10 milyard dollarlıq krediti vermədi. Halbuki Qərb Mursiyə dəstək vermişdi, Mursi isə Misirdə demokratiyanın inkişaf etdiriləcəyi vədini vermişdi. 10 milyardı da vermədilər, 1 il sonra isə Mursinin hakimiyyətinə son qoydular.
Yəni, ABŞ-ın bölgədəki varlığı müvəqqəti deyil. Bu, Böyük Yaxın Şərq Planının tərkib hissəsidir. ABŞ bu bölgədə hələ indi möhkəmlənməyə başlayır. İndi ABŞ-ın İraq, Suriya, Səudiyyə Ərəbistanı, Liviya, Tunis və Körfəz ətrafında hərbi bazaları var. Əvvəllər Suriya və İraqa daxil ola bilməyən ABŞ indi bu ölkələrdə də möhkəmlənib. Bu, bölgənin siyasi xəritəsinin yenidən çəkilməsinə və yeni dövlətlərin yaranmasına işarədir. İran və Türkiyəyə olan təzyiqlər də bu planın tərkib hissəsidir. Səudiyyə Ərəbistanı da indiki perspektivdə bu formada qalmaya bilər.
- Böyük Yaxın Şərq Proyektindən danışdınız. Yaxın Şərqin sərhədlərində yerləşən Azərbaycan bu plana daxildir?
- Azərbaycan bu plana daxil deyil. Bu plana Şimali Afrika, İran, İraq, Suriya, bölgənin digər ərəb dövlətləri və müəyyən mənada Türkiyə daxildir. Azərbaycan tamamilə Qafqaz regionuna aiddir. Geosiyasi və geocorğrafi baxımdan da, Azərbaycan Yaxın Şərqə aid deyil. Qafqaza hələlik 3 dövlət (Azərbaycan, Gürcüstan və Ermənistan) daxildir, amma perspektivdə bu ölkələrin sayının artması ehtimalı da var.
- Bəs Qafqazın sərhədlərini hansı formada genişləndirmək, yaxud nəyin hesabına bu bölgədə ölkələrin sayını artıra bilərlər?
- 1990-cı illərdə Rusiya daxilində bir sıra milli hərəkatlar baş qaldırmışdı. Sovet dönəmindən qalmış Çeçenistan-İnquşetiya, Kabardin-Balkar, Dağıstan, Qaraçay-Çərkəz, eləcə də Tatarıstan və Başqırdıstan kimi subyektlərdə Moskva əleyhinə yönəlmiş hərəkatlar gedirdi. Lakin Sovet İttifaqından sonra Rusiya daxilində bu respublikalara geniş muxtariyyət statusu verilmədi. Həmin vaxt Çeçenistanda başlayan silahlı mübarizə Rusiyanın tərkibindən çıxmaq cəhdləri idi. Dağıstanda da eyni proseslər gedirdi.
Lakin 2000-ci ildə Rusiyada baş vermiş hakimiyyət dəyişikliyi inzibati bölgələrə də təsir etdi. Rusiyada regional quruluşlar yaradıldı, muxtariyyətlərin səlahiyyətləri azaldıldı. Regional quruluşların yaradılmasıyla, bir neçə muxtar respublika bu regional quruluşlara tabe edildi. Bununla Qafqaz regionuna Moskvanın nəzarəti ikiqat gücləndirildi. Beləliklə, həmin muxtar subyektlərdə başlayan müstəqillik hərəkatlarının qarşısı alındı - Rusiyanın parçalanması istiqamətində gedən proses dayandırıldı. Bunun hansı dövrə qədər dayandırıldığını zaman göstərəcək. Hesab edirəm ki, hansısa mərhələdə Rusiyanın parçalanması prosesi yenidən başlaya bilər. Bu, Qafqazda yeni dövlətlərin yarana biləcəyi ehtimalını özündə əks etdirir.
- Lakin İŞİD Suriyada boy göstərməyə başlayanda, ABŞ-da bu terror təşkilatı adına “Böyük İslam Xilafəti”nin xəritəsi yayımlandı. Xəritənin bir hissəsi isə Qafqazı, yaxud Cənubi Qafqazı əhatə edirdi. Bu, hansı plan idi?
- SSRİ dönəmində Səudiyyə Ərəbistanı, İran, Küveyt, Misir və sair dövlətlər bu qapalı ittifaq ərazilərində islam məzhəblərinə ayrı-ayrılıqda diqqət ayırmağa cəhd edirdilər. SSRİ dağıldıqdan sonra isə İran, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə açıq formada Qafqaz və keçmiş Sovet coğrafiyasındakı digər müsəlman respublikalarında öz dini ideologiyalarını təbliğ etməyə başladılar. Hadisələrin sonrakı axarı isə göstərdi ki, məsələn, Səudiyyə Ərəbistanının yaymaq istədiyi təriqətin arxasında Ər-Riyad yox, başqa güclər dayanır. Bu gün Səudiyyə Ərəbistanını hansı qüvvələr dəstəkləyirlərsə, onun yaymaq istədiyi xilafətçilik, yaxud vəhhabilik təriqətini də həmin qüvvələr dəstəkləyirlər. Vəhhabiliyi də vaxtilə Britaniya imperiyası yaradıb. Bu gün də vəhabiliyi yaymağa çalışan böyük siyasi qüvvələr var. Bu, təkcə hədəfə alınan dövlətlərdə “İslam Xilafəti”nin yaradılmasına yox, İslam daxilində çoxməzhəbçilik yaratmaqla bu dini və həmin ölkələrin cəmiyyətlərini parçalamağa xidmət edən taktikadır.
Məsələn, Azərbaycanda ənənəvi şiə və sünni təriqətləri var. Azərbaycanda şiəliyin cəfəriliyi, sünniliyin isə daha çox sələfiliyi mövcuddur. Amma Azərbaycanda az qala İslamın bütün təriqətlərinin nümayəndələri var, Xristian dininə mənsub olan təriqətlərin də nümayəndələri kifayət qədərdir. Amma Azərbaycanda təriqət tərəfdarlarının təqlid etdikləri şəxslərin heç biri bu ölkədə deyil. Onların hamısı ölkə xaricindədir. Bu, təkcə Azərbaycana aid deyil. Gürcüstan və Rusiyanın Qafqaz bölgəsində yerləşən müsəlman subyektlərindəki təriqət tərəfdarlarının liderləri hamısı ölkə xaricindədir. Məsələn, Rusiyadakı müftilərin liderləri ya İrandadır, ya Səudiyyə Ərəbistanı, ya da digər ərəb ölkələrindədir.
Vaxtilə Şimali Qafqazda “xilafət” elan etdilər və Səudiyyə Ərəbistanından Çeçenistana döyüşçülər gətirdilər. Bəllidir ki, Çeçenistanda gedən mübarizənin kökündə müstəqillik ideyaları dayanırdı, sonradan isə buna dini don geyindirib, bu hərəkatı məhv etdilər. Prosesin xaricdəki dini qüvvələrə bağlanılması, bölgədə əlavə problemlərə yol açdı və bu gün də həmin problemlər qalır.

Bu xəbər oxundu
- - -