Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan ordusunu bir neçə həftəyə məhv edə bilərik”

21.08.18, 13:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan – Azərbaycan cəbhə xəttində müharibənin başlaması ehtimalı yüksəlir. Xüsusilə də, son bir neçə ay ərzində vəziyyət daha da gərginləşib.
Bunu Teleqraf-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.
Ekspertin sözlərinə görə, bölgədə vəziyyət Ermənistan tərəfindən gərginləşdirilir:
“Son məlumatlara görə, ermənilər cəbhə xəttində yerdəyişmələr edirlər. Artıq Ermənistan təmas xəttinə yeni hərbi qüvvələr cəlb etməyə başlayıblar. Daxili Qoşunların təmas xəttinə göndərilməsində əsas məqsəd isə budur ki, Ermənistan bu xətdəki mövqelərini gücləndirmək istəyir. Çünki 2016-cı ilin aprel döyüşlərində Ermənistan cəbhəyə keçmiş Qarabağ müharibəsinin iştirakçılarını göndərmişdi.
Bunun da ağır nəticələrini gördülər. Sonradan məlum oldu ki, onlar döyüşlərə silah oğurlamaq üçün qatılıblar. Eyni zamanda, çağırışçılar bilərəkdən minalanmış ərazilərə göndərilmişdi. Qocalarla yeni çağırışçılar arasında silahlı insidentlər baş verdi. Nəticədə Ermənistan ordusunda ziddiyyətlər ortaya çıxdı və məlum oldu ki, qocalar orduda əl-ayağa dolaşırlar.
Buna görə də, onları ordu sıralarından azad etmək istəyirlər. Bu məqsədlə Daxili Qoşunları ön xəttə göndərmək barədə qərar verdilər”.
Rəşad Süleymanov Azərbaycan tərəfinin təmas xəttində və Ermənistan ordusunda baş verən yerdəyişmələrini izlədiyini bildirib:
“Azərbaycan Müdafiə Nazirliyi də bəyan edib ki, işğalçı tərəfdən təxribat cəhdi müəyyən edildikdə bunun qarşısı dərhal alınacaq. Ehtimal edilən müharibənin hansı vaxtadək davam edəcəyi məsələsinə gəlincə, hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri döyüşləri, yaxud müharibəni bir neçə həftəyə yekunlaşdırmaq imkanına malikdir. Azərbaycan ordusu düşmənin əvvəldən müəyyən edilmiş hədəflərini məhv edərək, qısa müddətdə verilmiş tapşırığı yerinə yetirmək gücündədir. Bunu səfərbərlik etmədən və ehtiyatlardan istifadə etmədən həyata keçirmək mümkündür.
2016-cı ilin aprel döyüşlərini xatırlamaq lazımdır. Həmin döyüşlərdə Azərbaycan ordusu qısa vaxtda bəlli əraziləri işğaldan azad edib möhkəmlənə bildi. Həmin döyüşlərdə Azərbaycan ordusu çatışan və çatışmayan tərəflərini də müəyyən edərək, özünü daha da təkmilləşdirib və bu proses davam edir.
Bu da imkan verir ki, Azərbaycan ordusu müharibə vaxtı verilmiş tapşırıqları qısa vaxtda icra etsin. Bu tapşırıqları yerinə yetirmək üçün ordunun sərəncamında müasir raket sistemləri, artilleriya vasitələri və hərbi texnikaları var.
Aprel döyüşlərindən sonra yeni hərbi texnikalar, artilleriya vasitələri alınıb. Bu da nəinki düşmənin təmas xəttindəki, həm də dərinlikdəki strateji obyektlərini, stasionar bazalarını, hərəkət edən qüvvələrini aşkarlayıb məhv etməyə imkan verir”.

Bu xəbər oxundu
- - -