Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda yeni siyasi meydan formalaşmaqdadır

29.08.18, 8:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“İşğalçı ölkədə erkən parlament seçkilərinin baş tutması Ermənistan siyasətinin əsas iştirakçılardan asılı olacaq”. Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert hazırda Ermənistanın daxili siyasətində iki qütbün qərarlaşdığını bildirib:“Bunlar köhnə siyasi elita ilə yeni siyasi elitanın tərəfdarlarıdır. Arada bəzi siyasi partiyalar və qruplar var ki, onlar da hazırda öz mövqelərini müəyyənləşdirirlər. Çarukyan Bloku Paşinyanın daxil olduğu Yelk Bloku ilə bir koalisiyanı təşkil edir. Ümumiyyətlə, bu partiyaların gələcəkdə kimi dəstəkləyəcəyi bilinmir. Çarukyanın partiyasında Köçəryana pərəstiş edən siyasətçilər kifayət qədər çoxdur. Bu fonda hesab edirəm ki, Köçəryanın siyasətə qayıtması Çarukyan Blokunu indiki hakimiyyətə dəstək verməkdən döndərə bilər. Bütün hallarda yaxın həftələrə daxili siyasi palitra daha da dəqiq müəyyənləşəcək. Bir məsələ var ki, hazırda Ermənistanın daxili siyasətində qərarlaşan qütblərin nümayəndələri öz tərəfdarlarını səfərbər etməyə çalışırlar. Hətta son həftə ərzində Sasna Çrer hərəkətı partiya qismində çıxış edəcəyini bəyan edib. Bildiyiniz kimi, Sasna Çrer 2016-cı ildə Ermənistanın daxili siyasətində fəal rol oynayıb. Əgər Sasna Çrer hərəkətı partiya qismində çıxış edərsə, o zaman mövcud partiyaların bir çox tərəfdaşları bu partiyaya qoşula bilərlər. Bu da Ermənistanın daxili siyasətində yeni bir siyasi hərəkatın başlanmasına gətirib çıxaracaq”.
Politoloq ümumiyyətlə belə bir şəraitdə Paşinyanın şansının çox olmadığını bildirib:
“Ermənistanda yeni siyasi meydan formalaşmaqdadır. Bütün siyasi oyunçular, o cümlədən də Paşinyan seçkilərə hazırlıq görürlər. Nikol öz mövqelərini qoruyub saxlamağa çalışır. O, bunun üçün müxtəlif piar addımlar atır, mitinqlər keçirir. Paşinyanın əsas hədəfi meydanı yenə öz təsiri altında saxlamaq və beləliklə daxili siyasi iştirakçıların daha çox rəğbətini qazanmaqdır. Ancaq onun bu hədəflərinə nə dərəcədə çata biləcəyi sual altındadır. Çünki Rusiya Ermənistanda seçkilərə müdaxilə edə və Paşinyana rəqib olan siyasi oyunçuları dəstəkləyə bilər. Söhbət təbii ki, ilk növbədə Köçəryandan gedir”.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı isə deyib ki, Paşinyanın hakimiyyətə gəlməsinin 100 günü dəyərləndirildiyində ölkənin qarşılaşdığı sosial-iqtisadi və təhlükəsizlik problemlərini deyil, ölkə daxilində apponentlərini zəiflətməyə yönəlik siyasət həyata keçirdiyini görmək mümkündür.
O bildirib ki, son 27 ildə ölkə anti-demokratik şəraitdə idarə edilib: “Ona görə də ölkə vətəndaşları yuxarıda sadalanan problemlərin həll edilməsindən çox, Paşinyan hökumətinin bir zamanlar siyasi piramidanın zirvəsində duranları necə cəzalandırılması ilə maraqlanır. Bundan başqa, xarici siyasətdə də ciddi problemlər var. Ermənistan ənənəvi ağası Rusiyanın orbitindən uzaqlaşmağa çalışsa da, hələlik buna nail ola bilmir. Rusiyanın bu ölkənin daxili ictimai-siyasi həyatına müdaxilə imkanı o qədər güclüdür ki, Paşinyan bu məsələdə ciddi irəliləyiş əldə edə bilməyib və etmə ehtimalı da olduqca zəifdir”.
Politoloq qeyd edib ki, Paşinyan hökuməti növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini hakimiyyətə gəldiklərinin ilk günlərində dilə gətirdi:
“Hətta seçkilərin cari ilin sonlarına doğru keçiriləcəyini bildirdilər. Paşinyan il sonuna qədər keçmiş hökumətdə təmsil olunan rəqiblərini zəiflədəcəyini düşünsə də, görünən odur ki, hələlik buna nail olmayıb. Növbədənkənar parlament seçkilərinin gələn ilin aprel ayında keçiriləcəyi haqda informasiyalar verilir. Amma 2019-cu ilin aprel ayında da növbədənkənar parlament seçkiləri keçirilməyə bilər. Bu, Paşinyan hökumətinin rəqibləri üzərində qələbə çalması ilə bağlı olan məsələdir”.
Politoloq vurğulayıb ki, Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün qarşılaşdığı hüquqi problemləri aşa bilmir:
“Konstitusiyada dəyişiklik etməsi üçün də parlamentdə əksər çoxluğa sahib deyil və Ermənistan Respublikaçılar Partiyası ciddi dirəniş göstərir. Paşinyan üçün ən ciddi problem bu məsələni öz xeyrinə həll etməsidir. Bu hüquqi problem həll edilmədən Paşinyan böyük bir ehtimalla növbədənkənar parlament seçkilərinə getməyəcək. Ancaq Paşinyan bu hüquqi problemi bir şəkildə həll edərsə, növbədənkənar parlament seçkilərini qazanma ehtimalı olduqca yüksəkdir. Hələlik Paşinyan özünü legitim hakimiyyət kimi görə bilmir”.
Politoloqun sözlərinə görə, növbədənkənar parlament seçkiləri keçiriləcəksə, yəqin ki, Ermənistan Respublikaçılar Partiyası parlamentdə təmsil edilməyəcək:
“Hazırkı hakimiyyətlə dialoq içərisində olan Çiçəklənən Ermənistan, Daşnaksütyun və digər kiçik partiyaların parlamentdə təmsil olunma ehtimalı var. Parlamentin yaş ortalamasının da gəncləşəcəyini düşünürəm. Yeni parlamentdə Rusiyaya olan münasibət daha da kəskinləşə bilər”.
Politoloq bildirib ki, əgər növbədənkənar parlament seçkiləri Paşinyanın iqtidarda olduğu mərhələdə keçiriləcəksə, onun seçkilərdən məğlub ayrılma ehtimalı yoxdur:
“Təbii ki, növbədənkənar parlament seçkilərinə qədər Paşinyan hökuməti iqtidarda qala biləcəksə...”

Bu xəbər oxundu
- - -