Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın KTMT-yə girmək şərti və....

29.08.18, 10:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Angela Merkel ermənilərin Qarabağ ümidlərini puç edib.
Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviəlsi Təşkilatına (KTMT) girmək istəsə Ermənistan buna mane ola bilməz.
Bu barədə Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov bildirib.
Xatırladaq ki, Ermənistan XİN-nin mətbuat katibi vəifəsini icra edən Anna Naqdalyan məlumat verib ki, Ermənistan rəsmən Azərbaycanın KTMT-yə üzv olmasına qarşı çıxdı. Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük niyyətini bəyan etsə, Ermənistan veto haqqından istifadə edəcək. Onun sözlərinə görə, KTMT-də olduğu kimi, Avrasiya İqtisadi Birliyində də qərarlar iştirakçı ölkələrlə ortaq müzakirələrindən sonra verilir. "Ermənistan tərəfi öz fikrini səsləndirib".
A.Naqdalayan qeyd edib ki, Azərbaycanın KTMT-yə üzv olma imkanları analitik dairələrdə müzakirə edilir. “Əgər bu məsələ gündəmə gəlsə, Ermənistan veto hüququndan istifadə edəcək”.
Ermənistanın “Qrapark” qəzeti yazır ki, bu yaxınlarda KTMT-nin genişləndirilməsi məsələsi iştirakçıların sayının artırlması müzakirə olunub. Xüsusi halda, müşahidəçi statusu haqqında sənədlər paketi təqdim edilib.
Bu o deməkdir ki, yaxın gələcəkdə KTMT-nin Azərbaycanın üzvlük məsələsi ciddi müzakirə olunacaq. Bu da Qarabağ məsələsinin həlli baxımından çox təhlükəlidir. “Bildiyimizə görə, Yuri Xaçaturov KTMT-nin baş katibi bu məsələdə prosesin qarşısını almaq və müəyyən rol oynaya bilərdi. Lakin bir tərəfdən onun KTMT-dəki mövqeyini Ermənistanda ona qarşı qaldırılmış cinayət işini zəiflədir, digər tərəfdən isə artıq “çamadan əhval-ruhiyyəsi var” yəni getməyə hazırlaşır və xüsusi səy göstərməyə həvəsi yoxdur. Buna görə də, Azərbaycanın KTMT-yə daxil olması üçün demək olar ki, yaşıl işıq yanır”, – qəzet bildirib.
Qəzetin yazdığına görə, baş nazir Nikol Paşinyan hökumətinin hərəkətləri səbəbindən İrəvanın təşkilatda Xaçaturov kimi adamını itirməsi heç də Ermənistanın xeyrinə deyil. Çünki ən azı Xaçaturov bu prosesi gecikdirə bilərdi.
Qeyd edilir ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək.

Politoloq Fikrət Sadıqov bildirib: “Təbii ki, Azərbaycana ilkin mərhələdə KTMT-də müşahidəçi statusu lazımdır. Müşahidəçi olmaq üçün isə heç kimin razılığı lazım olmayacaq. Amma rəsmi Bakının heç bir açıqlaması olmadan, hər hansı bir ekspert səviyyəsində müzakirə Ermənistan XİN-in bəyanat verməsinə səbəb olubsa, deməli, ermənilər bu məsələdən çox qorxublar “.
Azərbaycanın KTMT-yə girməsinin mümkünlüyü barədə fikir millət vəkili Əli Hüseynov tərəfindən ortaya atılıb və yalnız ekspetrlər səviyyəsində müzakirə edilib. Bununla belə, açıqlama Ermənistan XİN-inin mətbuat katibi Anna Naqdalyanın qorxu dolu xüsusi bəyanatla çıxış etməsinə səbəb olub: “Əgər bu məsələ gündəmə gəlsə, Ermənistan veto hüququndan istifadə edəcək”.
Fikrət Sadıqov Ermənistanın qorxu üçün əsası olduğunu vurğulayıb: “Təbii ki, hərbi cəhətdən qat-qat güclü Azərbaycanın KTMT-yə daxil olması İrəvanın Qarabağ müharibəsində bu təşkilatın köməyinə bağladığı ümidləri sıfra endirər. Buna mane olmaq üçün Ermənistan hər bir imkandan istifadə edəcək. Amma bununla belə, əgər son mərhələdə Azərbaycan KTMT-yə girməyə qərar verərsə, Ermənistanın veto baryerini aşmaq çox asan olacaq. Rusiya bunu istəyərsə, Ermənistan veto hüququndan istifadə etməyə risk etməz”.
Politoloqun fikrincə, vaxtılə KTMT-dən çıxmağa çağıran Nikol Paşinyanın hətta Sarkisyandan da betər KTMT tərəfdarı kimi çıxış etməsi Merkelin İrəvana səfəri zamanı qeyri-rəsmi söhbətlərdə səsləndirdiyi gerçəklərlə də bağlı ola bilər: “Yəqin Paşinyan Qarabağ məsələsində Qərbdən heç bir dəstək ala bilməyəcəyini başa düşüb. Həm də o, 2019-cu ilin aprelində keçiriləcək parlament seəkilərinə hazırlaşır. Rusiyapərəst bəyanatlarla seçkini udmağa çalışır”.
İstənilən halda, Azərbaycan KTMT-yə girmək barədə tələsik qərar verə bilməz. Hər halda, KTMT-yə girməklə Azərbaycan hərbi komandanlığı Moskvaya tabe etməlidir, hava sahəsini Rusiya silahlı qüvvələrinin üzünə açmalıdır, xarici siyasətini Moskva ilə razılaşdırmalıdır, gələcəkdə yəqin ki, milli valyutadan da imtina etməlidir. Bu, SSRİ yaranana kimi mövcud olmuş Sovet Azərbaycanın vəziyyətindən heç nə ilə fərqlənmir.
Yəni Qarabağda Rusiyanın hansısa dəstək vədi müqabilində müstəqillikdən imtinaya dəyməz. Əksinə, münaqişənin həlli məsələsində Azərbaycan öz tələblərinin üzərində israrla dayanarsa, gələcəkdə, beynəlxalq vəziyyət imkan verərəsə (məsələn, Rusiya Cənubi Qafqazı tərk etməyə qərar verərsə), Azərbaycan İrəvan, Göyçə və Zəngəzur kimi tarixi torpaqlarını geri qaytarmağa imkan yaradan müharibə hüququ qazanar. Çünki Azərbaycanın bu hüququ üçün presendenti SSRİ-nin dağılması ərəfəsində Qorbaçovun ətrafındakı erməni lobbisi hesabına hələ 1987-ci ildən silahlandırılmış və bu silahların hesabına Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan yaradıb.
Onu da qeyd edək ki, Milli Məclisin komitə sədri Əli Hüseynlinin KİV-lərlə söhbədət Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil ola bilməsinə işarə vurmasına postsovet məkanından fərqli rəylər gəlib.

Ən çox reaksiya verən erməni KİV-ləri olublar. Onlar Ermənistanın bir KTMT üzvü kimi bu məsələyə mane olmasını vacib sayıblar.
Məsələn, erməni şərhçi Akop Badalayan “Lragir”də yazdığı məqalə Ermənistanın bu məsələni nəzarətdən qoymamasını vacib sayır: “Azərbaycanın üzvlüyü KTMT-də türk amilinin xeyrinə balansın pozulması demək olacaq”.
Yəni erməni şərhçi bir KTMT üzvü kimi ölkəsini bu işə mane olmağa çağırır. Rusiyanın “Rosbalt” portalı isə Azərbaycanın KTMT-yə qəbulu məsələsində Ermənistanın ciddi rolu olmayacağını, hər şeyi Moskvanın həll edəcəyini vurğulayır: “Moskva ona təzyiq göstərmək üçün raıçaqlar tapacaq. Və İrəvanın “hə-yox”unun KTMT üçün heç bir həlledici rolu olmayacaq”.
“Rosbalt” Azərbacyanın KTMT-y əgirdikdən sonra əldə edəcəyi üç üstünlükdən bəhs edib: Birincisi, Azərbaycan Rusiyadan güzəştli qiymətlərlə silah ala biləcək. İkincisi, Rusiya Azərbaycanın tam təslimini yox, “Avrasiya loyallığını” əldə edəcək və onun çoxvektorlu xarici siyasətinə mane olmayacaq. Üçüncüsü, KTMT İrəvan və Bakının münasibətlərini Azərbaycanın maraqlarına daha az zərərə vurmaqla nizamlamağa çalışacaq.
Amma portalın fikrincə, Bakıda başlamış bu müzakirə Ermənistana və Qərbə xəbərdarlıq gedişi də ola bilər: “Birinci üçün özünü düzəltmək siqnalı ola bilər. İkinci üçün isə xəbərdarlıq sayıla bildər: Yəni Bakıya çox da təzyiq göstərməsinlər, yoxsa Azərbaycan da ciddi şəkildə “Avrasiya NATO-sunu” gücləndirə bilər”.
Rusiyalı politoloq, Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrovun fikrincə isə, KTMT istənilən perspektivli beynəlxalq təşkilatın getdiyi yolla gedir: “Əvvəla bu, bir neçə dövlətin ittifaqıdır. Təşkilat özünün effektivliyini göstərdikcə, digər ölkələr də onun işinə qoşulmaq arzularını ifadə edirlər. Hər ölkənin öz maraqları var. Bu, müxtəlif inteqrasiya səviyyələrini nəzərdə tutur. Beləliklə, müşahidəçilərin və tərəfdaşların statusu meydana çıxır. KTMT inkişafın elə bir mərhələsinə daxil olub ki, onun fəaliyyəti digər ölkələr üçün cazibədar olub. KTMT artıq çoxdan sərhəd mübahisələrinin həlli ilə məşğul olan təşkilatdan ciddi müdafiə ittifaqına çevrilib.
Azərbaycanın KTMT-nin yaranmasında rolu olub. Azərbaycan 1993-cü ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsini beş il müddətinə imzalayıb. Lakin beş ildən sonra Azərbaycan bu müqaviləni uzatmayıb. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bizim cənub qonşularımızla sərhəddə təhlükəsizlik elə Rusiyanın cənubunda təhlükəsizlik deməkdir. Moskva Azərbaycanın KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlara daxil olması məsələsinə əsla müdaxilə etməyəcək. Əgər Azərbaycan KTMT-yə daxil olmaq istəsə, onun atacağı ilk addım müşahidəçi üzv statusu almaqdır”.
Politoloq daha sonra qeyd edib ki, Azərbaycanın KTMT-yə üzv olması Bakının xarici zərbələrdən qorunmasına təminat verə bilər: “Bu fonda isə artıq dediyim kimi, Qarabağ məsələsinin həllində yeni dinamika müşahidə edilə bilər. Amma mən heç bir şeyə qarşı çıxmayacağam. Mənim nəzərimcə, bu mövzunun məhz indi Azərbaycanda qabardılması Rusiya ilə Ermənistan arasında, xüsusilə də orada baş verən hakimiyyət dəyişikliyindən sonra, ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Bütün bunlarla yanaşı, nə qədər ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi həllini tapmayıb, Bakı KTMT-yə dərin inteqrasiyaya getməyəcək. Bununla belə, Azərbaycanın KTMT-də müşahidəçi statusu almasının mümkünlüyü istisna deyil”.
Cavid

Bu xəbər oxundu
- - -