Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan bütün beynəlxalq sənədlərdə işğalçı və aqressor kimi tanınır”

04.09.18, 10:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin Soçi görüşü Rusiyada müəyyən şərhlərin yaranmasına səbəb olub və bu, Ermənistandakı gərginliyi daha da artırıb.
Prezidentlərin görüşünə Rusiya mətbuatı xüsusi diqqət yönəldərək, Ermənistanın yanlış yolda olduğunu və Moskvaya xəyanətin astanasında olduğunu qeyd edib. Rusiyanın “News-front.info” saytında məqaləsi dərc olunan rusiyalı ekspert Valeri Usaçyov İrəvanı Rusiyanın adından daha açıq dillə təhdid edib. Belə ki, Ermənistan Baş naziri Paşinyanı oxlokrat adlandıran Usaçyov onu NATO-ya yaxınlaşmaqda ittiham edib:
“Brüssel sammitindən sonra alyans rəhbərliyinin xoşuna gəlmək və gələcəkdə NATO qüvvələri ilə Qarabağda möhkəmlənmək üçün İrəvan Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürdü. İrəvana təcili şəkildə Rusiya Müdafiə nazirinin müavini A.Fomin uçdu və küçədən gələn erməni rəhbərliyinə başa saldı ki, belə etmək yaxşı deyil, bunun nəticələri olacaq. İrəvan dərhal geriyə addım atdı, amma artıq gec idi. Rusiya xüsusilə Ukraynadan sonra xəyanəti əfv etmir”.
Ermənistanın bütün beynəlxalq sənədlərdə işğalçı və aqressor kimi tanındığını bildirən ekspert İrəvanı bu beynəlxalq sənədlərin icrasından yalnız Moskvanın qoruduğunu etiraf edib. Müəllif məhz İrəvan sayəsində Rusiyanın Azərbaycanla yaxınlaşdığını vurğulayıb:
“Bir müddət əvvəl Xəzərin hüquqi statusu ilə bağlı fundamental Konvensiya qəbul edilib. Onun qəbulu göstərdi ki, bütün fikir ayrılıqlarına rəğmən, Bakı və Moskva hər zaman konsensusa gələ bilirlər. Nikol Paşinyanın NATO-ya yardım xahişi ilə getməsi və ardınca Xaçaturovu həbs etdirməsi yalnız Rusiya-Azərbaycan əməkdaşlığını gücləndirir.
Əlbəttə, Rusiyanın Ermənistanla əlaqələri keçmişdən bu yana sıxdır. Ermənistan KTMT-nin üzvüdür. Ermənistan hər zaman türklər və ümumilikdə NATO ilə rəqabətdə əlimizdəki "tuz" olub. Lakin elə bir situasiya yaranır ki, Ermənistan yumşaq dillə desək, Ukraynanın yoluyla gedir. Bunun isə nə ilə nəticələnəcəyi aydındır. Yəni ərazilər itiriləcək. Əgər İrəvan Dağlıq Qarabağda nəsə etsə, o zaman Madrid prinsiplərinin bütün bəndləri tam həcmdə dərhal reallaşdırılacaq”.
Erməni jurnalist Qraçyan Qalustyan isə “Armenianreport” saytında Soçi görüşünə diqqət yetirərək, Moskvanı xəyanətdə ittiham edib:
“Sentyabrın əvvəlində Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Belə informasiya var ki, görüşdə əsas müzakirələrdən biri Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi olacaq. Məncə, bu məsələni müzakirə edilməməlidir. Biz şənbə günü Rusiyanın növbəti xəyanət aktını gördük”.
Qalustyanın fikrincə, Rusiya son zamanlar Ermənistanı rusofobluqda, amerikayönlü siyasətdə ittiham edərək, Ermənistandan məxməri inqilabın qisasını almağa çalışır. Onun sözlərinə görə, rus təbliğatının Ukrayna və Gürcüstanda sınaqdan çıxardığı hər şey indi də Ermənistanda təcrübədən keçirilir.
Azərbaycanın Qarabağda yeni müharibə başladacağını iddia edən jurnalist Putinin Soçi görüşündə buna aşkar şəkildə dəstək verdiyini bildirib. Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Putin-Əliyev görüşü zamanı iclas keçirməsini misal gətirən Qalustyan bunun müharibəyə hazırlıq üçün əsas sübut olduğunu deyib:
“Azərbaycan açıq şəkildə Bakıda da, Soçidə də müharibədən danışır. Paşinyan məhz bununla bağlı Putinlə danışmalıdır. Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi isə artıq üçüncü dərəcəlidir”.
Politoloq Elşad Mirbəşiroğlunun fikrincə, bu günki reallığa diqqət yetirsək, Rusiyanın dünyanın aparıcı dövləti olduğunu və dünya geosiyasəti istiqamətini müəyyənləşdirmək ixtiyarında olduğunu görmüş olarıq. Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar, turizm və digər sahələrin inkişafı hər iki ölkənin maraqları çərçivəsindədir: “Nəzərə almaq lazımdır ki, Rusiyanın regionda olduqca ciddi və konkret geosiyasi maraqları vardır. Eyni zamanda, bu gün Rusiya ilə geosiyasi rəqabət aparan Qərbin də regionda öz maraqları var. Bir reallıq var ki, bu fonda Rusiya yenə də regionun ən güclü dövləti olan Azərbaycanı öz yanında görmək, onunla sıx əməkdaşlıq etmək və bu əlaqələrin perspektivlərini genişləndirmək niyyətindədir. Bu baxımdan iki ölkə arasındakı münasibətlər bütün xırdalıqlarına qədər tərəflərin qarşılıqlı siyasi, iqtisadi maraqlarını təmin edir. Xüsusilə də təhlükəsizlik məsələlərində bu öz sözünü deyir. Bu məqamda Rusiya Azərbaycan münasibətlərinin mövcud vəziyyəti gələcəkdə daha da güclü bağların formalaşcağına işarədir. Birincisi onu xatırlatmaq istəyirəm ki, Rusiya İran-Azərbaycan arasında ikitərəfli əməkdaşlıq formatı istiqamətində ciddi addım atmışdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, ikitərəfli formatda münasibətlərin daha inkişafı üçün əsas platforma rolunu oynamaqdadır”.
Politoloq onu da qeyd edib ki, Rusiya ATƏT-in MİSK qrupunun həmsədr dövlətlərindən biridir və eyni zamanda münaqişənin mövcud olduğu regionda kifayət qədər güclü söz sahibidir. Bunu Rusiyanın opponentləri də qəbul edir: “Müvafiq olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində də Rusiyanın daha təsirli olduğunu inkar etmək olmaz. Təxminən 2 il öncə Almaniyanın Federal Kansleri Angela Merkel çıxışlarından birində “Ermənistan Azərbaycan münaqişəsinin tənzimlənməsində əsas rolun Rusiyada olduğunu” açıq şəkildə bəyan etmişdir. Bununla da Merkel Rusiyanın regiona real təsir imkanlarının olduğuna işarə edirdi. Təbii ki, bu baxımdan Azərbaycanın münaqişə vəziyyətində, ədalətli mövqelərinin dəstəklənməsində çox ciddi rolu ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan hər halda Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığı ilə öyünərək bir növ Azərbaycanı bununla şantaj etməyə cəhd göstərirdi. Görünən isə odur ki, bu gün Rusiya ilə Azərbaycan arasında hərbi texniki sahədə çox ciddi əməkdaşlıq mövcuddur. Bunun da əsas göstəricisi Rusiya ilə Azərbaycan arasında 5 milyard dollar dəyərində hərbi ləvazimatların, silah-sursatların alınması ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu razılaşma ona dəlalət edir ki, Rusiyanın regiondakı hərbi texniki sahədə əməkdaşlıq etdiyi yeganə dövlət Ermənistan deyil. Azərbaycan ondan daha perspektivli, daha güclüdür və Rusiya öz mövqeyi ilə bunu bir daha təsdiqlədi. Eyni zamanda bu əməkdaşlıqda bizim üçün ən vacib məqamlardan biri mən deyərdim ki, ərazi bütövlüyünün tənzimlənməsinə dair müzakirələrdir. Bu Ermənistan – Azərbaycan münaqişəsi vəziyyətində ədalətli mövqeyimizin təsdiq edilməsi baxımından çox önəmlidir. Hesab edirəm ki, Rusiya öz davranışları ilə bunu açıq şəkildə bildirir və bu isə bütövlükdə iki ölkə arasındakı münasibətlərin strateji xarakterinə təsir göstərir. Düşünürəm ki, bundan sonra qeyd etdiyimiz istiqamətlərdə tərəflər arasında ciddi addımlar atılacaq və bu da ən etibarlı tərəfdaşlığın ən ideal nümunəsini ortaya qoyacaq. Xüsusilə qeyd edilməli məqamlardan biri də Rusiya tərəfinin Azərbaycana olan etimadının qərəzsiz olmasıdır. Rusiya Azərbaycana son dərəcə güvənir. Buna sübut olaraq Rusiya Hərbi Baş Qərargah rəisi ilə ABŞ Hərbi Qərargah Rəisi arasında iki görüşün də Bakıda keçirilməsi, eləcə də Türkiyə-Rusiya arasındakı son münasibətlərin normala qaytarılmasında Azərbaycanın imkanlarının real qiymətləndirilməsini diqqətə çatdırmaq lazımdır. Bu da o deməkdir ki, Rusiya Azərbaycana kifayət qədər potensiallı tərəfdaş kimi baxır və onunla münasibətlərin daha da yaxşılaşdırılmasında birbaşa şəxsi iradəsini ortaya qoyur”.
Millət vəkili Elman Nəsirov isə bildirib ki, bu səfər çərçivəsində diqqətdə saxlanılan ən mühüm məsələ regional təhlükəsizlik, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələ idi:
“Prezident İlham Əliyev bir daha Rusiya prezidentinə, KİV-nə, ictimaiyyətinə bəyan etdi ki, hələ də torpaqlarımızın 20%-i işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqınımız var. Bu münaqişə, Ermənistanın bu təcavüzü regioanal təhlükəsizlik üçün çox ciddi maneədir. Yalnız bu problemin aradan qaldırılması regiona sülh, əmin-amanlıq və inkişaf gətirə bilər. Heç şübhəsiz ki, bu münaqişənin həlli Ermənistanın düşdüyü mövcud böhranlı vəziyyətdən çıxması üçün də ən düzgün yoldur. Bunun alternativ yolu yoxdur. Yalnız işğala son qoyulması Ermənistanın gələcəyi deməkdir. Eyni zamanda, Vladimir Putin bu məsələlərlə bağlı dövlətin mövqeyini bir daha açıqladı ki, Rusiya həmsədr kimi bu münaqişənin dinc yolla həllini istəyir və bundan sonra da sülh prosesinə daha ciddi töhfələr vermək niyyətindədir”.
Millət vəkili qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin danışıqlarında diqqət mərkəzində saxlanılan bir məsələ də hərbi-texniki sahədə gələcək əməkdaşlıqla bağlı oldu:
“Azərbaycan tərəfindən Rusiyadan alınan hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və gələcəkdə də bu prosesin genişləndirilməsi əsas hədəflərdən biridir. Ermənistan bu məsələyə çox qısqanclıqla yanaşdığını nəzərə almalıyıq. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Almaniyaya səfəri zamanı Angela Merkelə Vladimir Putindən şikayət etmişdi. O, Rusiyanın Azərbaycana silah satması ilə Ermənistanı çıxılmaz vəziyyətə qoyduğunu iddia etmişdi”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməsi Ermənistanda vahimə yaradır:
“Hətta Paşinyan ötən gün sosial şəbəkədə Rusiyaya səfər edəcəyini qeyd edib. O, bu səfərlə nə baş verdiyini aydınlaşdırmaq istəyir. Əslində heç nə baş vermir. Azərbaycan və Rusiya arasındakı münasibətlər ənənəvi əməkdaşlıq münasibətləridir. Bu münasibətlərin inkişafında hər iki tərəf maraqlıdır. Azərbaycan iqtisadi baxımdan inkişaf etmiş dövlətdir, daha böyük bazarı, imkanları var. Buna görə də Rusiya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Ən başlıcası isə Azərbaycan balanslı siyasət həyata keçirir. Buna Rusiya çox böyük qiymət verir. Bütövlükdə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafına dinamizm verə bilən hadisə kimi qiymətləndirilməlidir”.

Cavid

Bu xəbər oxundu
- - -