Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək

04.09.18, 10:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.
Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və incəsənətin yaşadılması məqsədi daşıyan Festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.
Altı əsr əvvəl yaşamış böyük şair İmadəddin Nəsiminin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar məna qüvvəsi və kəsərli səmimiliyi ilə hər kəsi vücudun sirri qarşısında fikrə dalmağa, qəlbin ən dərin qatlarına seyr etməyə çağırır.
Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək.
Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.
Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq.
Şamaxının Meysəri kəndində “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı da keçiriləcək. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş libaslar nümayiş etdiriləcək.
Daha sonra AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar önündə” adlı akustik və elektron musiqi axşamı keçiriləcək. Proqramda Sahib Paşazadə, İrşad Hüseyn (Azərbaycan), Ali Phi (İran), Sati Kazanova (Rusiya), Rabih Beaini (Livan/Almaniya), Abdel Karim ( Livan), "Hanoy" dueti: Nguen Le (Vyetnam/Fransa) və Ngo Hong Quang (Vyetnam), Görkem Şen (Türkiyə), “Ar Bərd” dueti (Fransa) iştirak edəcəklər.
Sentyabrın 28-də isə Bakıda, Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsiminin müasir kontekstlərdə dərk edilməsi” mövzusunda mühazirəsi keçiriləcək.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Canlı həyat” (“Live Life”) sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun (Barjeel Foundation) təqdim etdiyi “Hürufiyyə” sərgisi isə 26 rəngkarlıq və qrafika əsərlərindən ibarət olacaq.
Daha sonra proqram “ambient musiqi” janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayan İnonun (Brian Eno) “77 milyon rəsm” musiqi və video-art instalyasiyası ilə davam edəcək.
Tədbirin rəsmi açılış mərasimi də Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də axşam Mərkəzdəki konsert proqramında Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar, XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri üzərinə gənc və orta nəsil bəstəkarların Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı üçün yeni işləmələri, dahi bəstəkar Fikrət Əmirovun “Nəsimi haqqında Dastan” əsəri, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı səslənəcək. Konsertdə Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif də çıxış edəcək.
Festivalın həmin günü Kamera və Orqan musiqisi zalında Azərbaycanın əməkdar artistləri Rain Sultanov və İsfar Sarabskinin mənəviyyat və əbədi dəyərləri vəsf edən “Silsilə” (“Cycle”) musiqi layihəsinin təqdimatı ilə başa çatacaq. Bu layihədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edəcək.
Sentyabrın 29-da, həmçinin Şirvanşahlar sarayında görkəmli alman bəstəkarı Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus deb sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək.
Sentyabrın 29-da, həmçinin Daş Salnamə Muzeyində dünyaşöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi olacaq, ardınca isə sual-cavab sessiyası keçiriləcək.
Həmin gün, həmçinin Dənizkənarı Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs edən qrupun çıxışı olacaq.
Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq.
Həmin gün “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq olacaq, Paraqvayın məşhur, uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestrinin konsert proqramı təqdim ediləcək.

Bu xəbər oxundu
- - -