Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xarici ticarət dövriyyəsi 35% artıb”

04.09.18, 14:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan iqtisadiyyatı getdikcə güclənərək əhalini həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.
Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və idarəetmə islahatları dərin və əhatəlidir: "Dövlət başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" aparılan iqtisadi islahatların strategiyasını müəyyən edir. Davamlı olaraq aparılan islahatların əsas hədəfi ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasının təmin edilməsidir. İslahatlar nəticəsində gözlənilən nəticə investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin güclənməsi və yüksək gəlirli ölkələr qrupuna daxil olmasıdır".
Millət vəkili vurğulayıb ki, aparılan iqtisadi islahatlar artıq iqtisadi rəqəmlərdə də öz əksini tapır: "Belə ki, 2018-ci ilin birinci yarısının yekunu üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı 1.3% artıb. Bundan əlavə, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8.8%, kənd təsərrüfatı məhsullarının istehsalı isə 7.6% artıb. İqtisadiyyatın bu artımı xarici ticarətin də həcminin artmasına səbəb olub. Bu dövrdə xarici ticarət dövriyyəsi 35% artıb. İxracın həcmi 34%, o cümlədən qeyri-neft məhsullarının ixracı 20% artıb. Xarici ticarətdə ixrac idxalı 4.2 milyard dollar üstələyib ki, bu da ölkənin tədiyə balansına müsbət təsir etməkdədir".
Onun sözlərinə görə, son illər ərzində yaradılan sənaye parkları bir tərəfdən ölkəyə xarici investisiya qoyuluşlarının həcmini artırıb, insanları yeni iş yerləri ilə təmin edib, digər tərəfdən, sənaye məhsulu istehsalının həcmini artırmaqla idxalı əvəz etməyə başlayıb:
"Hazırda sənaye parklarında 50-dən çox rezident fəaliyyət göstərir. 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sənayesində məhsul istehsalı həcmini 8.8% artması çox yüksək göstəricidir. Sumqayıtda kimya sənayesinin, Mingəçevirdə yüngül sənayenin, Neftçalada avtomobil sənayesinin inkişafı iqtisadiyyatın məhsul strukturunda mühüm dəyişikliklərə səbəb olmaqdadır. Açılması planlaşdırılan yeni sənaye müəssisələri isə nəinki idxalı əvəz edəcək, həmçinin ixracın həcmini artırmaqla ölkəyə valyuta axınını gücləndirəcək".
Tahir Mirkişili bildirib ki, ilin sonuna kimi iqtisadi artımın daha da süətlənərək 1.5%-ə çatması gözlənilir: "Ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik inflyasının həddini aşağıda saxlamağa imkan verir. Yeni müəssisələrin açılması (Sumqayıtda “SOCAR Polymer”, karbamid zavodu və başqaları) iqtisadi artımın alternativ mənbələrini daha da gücləndirəcək. Kənd təsərrüfatı sahəsində həyata keçirilən yeniliklər aqrar sahənin strukturuna dəyişikliklər edəcək. Ümumilikdə, dayanıqlı iqtisadi artım mərhələsində fəaliyyət göstərən Azərbaycan iqtisadiyyatı getdikcə daha da güclənərək əhalini həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək".

Bu xəbər oxundu
- - -