Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İkinci dünya savaşından sonra Rusiyanın təsiri ilə İrandakı gəlişmələr

05.09.18, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Bilindiyi kimi, 1945-ci ilin mayından etibarən Avropada 1939-cu ildən bəri davam edən savaş sona çatdı. Mayın 8-də dünya agentlikləri Almaniyanın şərtsiz təslim olması barədə xəbər yaydılar. Savaşın bitməsi, Almaniyanın məğlubiyyəti qəbul etməsi xəbəri İran siyasi dairələrində ölkədəki yabançı əsgərlərin çıxarılməsı yönündə bəzi ümidlər doğurmuşdu. Belə ki, Almaniyanın təslim olması xəbərinin gəldiyi 8 may tarixində saat 17-də Tehranda dövlət binalarının üzərində dalğalanan ingilis, sovet, Amerika və Çin bayraqları endirilmişdi. Xalq da öz evlərinə İran bayraqları asmağa başlamışdı. Üçtərəfli anlaşmaya görə altı ay ərzində rus və ingilis birlikləri İrandan çəkilməli idilər.
Bu vəziyyətə baxmayaraq, İranda siyasi dairələrdə hələ bir boşluq olduğu görünürdü. Çünki Murtəza Bəyat hökuməti aprel ayından istefaya getsə də, hələ yeni hökumət qurulmamışdı. Nəhayət, 13 mayda Qacarlar dövründə sülalənin həkimi olmuş 76 yaşlı İbrahim Həkimilmülkü baş nazir və daxili işlər naziri vəzifəsinə gətirilir. O, Seyid Həsən Tağızadə ilə birlikdə Tərəqqi partiyasının qurucularından idi. Həmin dövrdəki sovet qaynaqlarına görə isə İbrahim Həkimi nəinki İngiltərə meyilli idi, hətta mərkəzi Londonda olan Fraksion adlı gizli partiyanın üzvü qəbul edilmişdi.
İbrahim Həkimi hökumətinin xarici siyasətində ilk addım Tehrandakı sovet, ingilis və Amerika səfirlərinə qalib ölkə əsgərlərinin İrandan çıxarılması haqqında nota vermək olmuşdu. İranın xarici işlər naziri Ənuşirəvan Sipehbudinin sovet səfiri M.Maksimova verdiyi 19 may 1945 - ci il tarixli 1117 saylı notada deyilir: «Savaşın sona çatması münasibəti ilə ürəkdən sevindik. İran hökümətinin təbriklərini böyük müttəfiqlərin qəhrəman ordusu ilə birlikdə düşmənin qüvvələrini əzmiş, alman ordularını şərtsiz təslim olmağa məcbur etmiş SSRİ-nin qüvvətli ordusuna çatdırmağı özümüzə borc bilirik. İranla Sovetlər Birliyi arasındakı yaxşı münasibətləri təsdiq etməklə yanaşı İran hökumətinin aşağıdakı fikrini və ricasını zati-alinizin nəzərinə çatdırırıq. Belə ki, Avropada müharibə rəsmən bitib. Savaşın nəticəsi olaraq İrandakı mövcud vəziyyəti saxlamağa ehtiyac duymuruq. Ölkənin qısa müddətdə normala dönməsinin zəruriliyini və İran xalqının iradəsini ifadə edərək bildiririk ki, artıq İran ərazisində sizin dövlətininizin silahlı qüvvələrinin qalmasına ehtiyac yoxdur. Almaniya ilə savaşda bizim müttəfiqlərin qalibiyyətinə yardım məqsədilə imzalanmış üç dövlətin müqaviləsinin ruhuna uyğun olaraq İran hökuməti rica edir ki, Sovet İttifaqı silahlı qüvvələri İran ərazisini tərk etsin. Sovet səfirindən rica edirik ki, yuxarıda deyilənləri Sovetlər Birliyi hökumətinin nəzərinə çatdırsın və İran Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar öz hökumətinin razılığını bildirsin».
İngiltərə və Amerika səfirliyinə təqdim edilən notalar da bu məzmunda idi. Lakin İran siyasi dairələri Sovet İttifaqının ölkənin cənubundan asanlıqla çıxacağı haqqında fikir yürütməkdə yanılırdılar. Çünki Almaniya qarşısında əldə edilən qalibiyyətdən sonra rusların iştahı bir xeyli artmışdı. İndi soyuq savaşın isti nəfəsi Yaxın və Orta Şərqi, xüsusən də İran və Türkiyəni isitməkdə idi.
1945-ci ilin iyununda isə Güney Azərbaycanda işlərin bir xeyli ciddiləşməsində İranda yaşanan hökumət böhranının da təsiri olmuşdu. Bir tərəfdən İbrahim Həkimi istefa etmiş, digər tərəfdən yeni təyin edilən baş nazir (Rza şah dövründə ədliyyə naziri olan) Möhsün Sədr (Sədr əl-Əşrəf) məclisdən lazımi səs çoxluğu qazana bilməmişdi. Onun Məmmədəli şah dövründə ədliyyə naziri işləyərkən, Əsas Qanun (Qanuni-əsasi) və demokratiya uğrunda mübarizə aparan, Rusiyanın yardımı ilə həbs edilən demokratlara məhkəmə qurması, nəticədə tutulanların çoxunun Tehrandakı Şah bağında güllələnməsi, fikrimizcə, buna səbəb olmuşdu.
Digər tərəfdən Mircəfər Bağırov 1945-ci ilin ortalarında Moskvaya müxtəlif müraciətlərindən sonra 10 iyun 1945-ci il tarixində Xalq Komissarları Sovetinin başçısı Stalinə İranın cənubunda - Quzey Azərbaycanda sovet sənaye müəssisələri təşkil edilməsi haqqında gizli qərarı imzalada bilmişdi. Qərarda əsasən Təbriz və digər şəhərlərdə Sovet Azərbaycanı sənaye müəssisələrinmn şöbələrinin qurulmasından bəhs edilməkdədir. Bu müəssisələrin qurulması, onların mühəndis və işçi kadrları ilə, məhsulla təmin edilməsi sovetlərin və Azərbaycanın uyğun komissarlıqlarına göndərilir. Nəzərdə tutulan müəssisələr üçün 1 oktyabr 1945-ci il tarixinə qədər mexanizmlərin göndərilməsi tamamlanmalı idi.
Ayrıca qərarda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevə Təbrizdə və digər yerlərdə qurulacaq müəssisələr üçün torpaq sahəsi ayrılması məqsədilə öz təmsilçilərini İrana göndərməsi təklif edilirdi. Bu hadisələrdən də anlaşılır ki, Xalq Komissarları Sovetinin 10 iyun tarixli qərarı ilə Güney Azərbaycan yaxın bir gələcəkdə Quzey Azərbaycan ilə birləşdiriləcəkdi. Bundan sonra bu qərarın həyata keçirilməsi üçün çalışmalara başlanır. 11 iyun 1945-ci il tarixində Güney Azərbaycan və İranın quzeyindəki digər əyalətlərlə bağlı qərarı Molotov, Bağırov və Kavtaradzeyə, onlar isə Kremlə göndərirlər.
21 iyun 1945-ci il tarixində Stalin İranın cənubunda neftlə bağlı geopolitik araşdırma işləri haqqında müdafiə komitəsinin 9168 saylı qərarını imzalayır. Bu qərarda qısaca vurğulanır: «İranın cənubundakı neft sahələrində geopolitik araşdırmalar aparmaq üçün SSRİ Neft Komissarlığı Azneft Birliyinin nəzdində hidrogeoloji idarə yaradılsın; İranın cənubunda neftlə bağlı geoloji araşdırma işlərini görmək üçün nefi komissarı N.Baybakova və Azneftin rəhbəri Süleyman Vəzirova tapşırılsın ki, neft sənaye işçiləri arasından lazımi qədər hazırlanıb Qəzvindəki Sovet Ordusu qərargahında qurulmuş olan hidrogeoloji dəstələrlə birlikdə müəyyən edilmiş yerlərə göndərilsin».
Bu qərarla bağlı aparılan çalışmalar deməyə əsas verir ki, Sovet İttifaqının Güney Azərbaycan, xüsusən də İranla əlaqədar siyasətinin başlıca amilini neft məsələsi təşkil edirdi, iyun 1945-ci il tarixindən etibarən Güney Azərbaycanda Sovetlər Birliyinin müəyyənləşdirdiyi aparıcı siyasət neft uğrunda mübarizə idi. 6 iyun 1945-ci il tarixində Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu uzun tərəddüdlərdən sonra Güney Azərbaycanda və İranın şimalındakı digər vilayətlərdə parçalama hərəkətlərinin təşkili haqqında gizli qərar qəbul edir. Qərarda İranın tərkibindəki Azərbaycan əyalətlərinə geniş hüquqi, milli muxtariyyət verilməsi üçün hazırlıq işlərinə başlanması məqsədəuyğun görülür. Eyni zamanda Gilan, Mazandaran, Gorgan və Xorasan vilayətlərində parçalama hərəkatının genişləndirilməsi düşünülmüşdü.
Güney Azərbaycanda bu hərəkata liderlik etmək üçün Azərbaycan Demokrat Partiyası yaradılmalı idi. Bu partiyanın təşkili üçün İran Xalq Partiyasının Azərbaycan şöbəsi köklü surətdə dəyişdirilməli və əhalinin bütün təbəqələrindən parçalanma hərəkatı tərəfdarları bu işə cəlb olunmalı idi. Azərbaycanda parçalanma ilə bağlı hərəkata öncüllük etməli olan məsul işçilər qrupu Təbrizdə yaradılmalı, onlar öz fəaliyyətlərini Təbrizdəki SSRİ Baş konsulluğu ilə əlaqəli şəkildə qurmalı idilər. Bu qrupa ümumilikdə başçılıq etmək vəzifəsi Bağırov və Yaqubova tapşırılmışdı. Siyasi Büronun 6 iyun tarixli qərarının 5-ci bəndi Güney Azərbaycandakı millət vəkili seçimlərinin aşağıdakı prinsiplərini müəyyənləşdirmişdi:
1. Dövlət və böyük torpaq sahibləri hesabına kəndlilərə torpaq payı ayrılması və onlara uzunmüddətli kredit verilməsi;
2. Müəssisələrdə işin inkişafı və genişlədilməsi, eyni zamanda digər ictimai vasitələrlə işsizliyin ləğv edilməsi;
3. Şəhərlərin gözəlləşdirilməsi və əhalinin su ilə təmin edilməsi;
4. Sağlıqla bağlı işlərin yaxşılaşdırılması;
5. Dövlət vergilərinin 50%-dən az olmayan qisminin yerli ehtiyaclar üçün ayrılması;
6. Milli azlıqların və tayfaların hüquq bərabərliyi, Azərbaycan, kürd, erməni, assuri dillərində məktəblər açılması, kitab və qəzetlərin nəşri, məhkəmə və yerli müəssisələrin yazışmalarının ana dillərində aparılması, əyalət idarələrinin, buna əsasən polis və jandarmanın yerli milli qüvvələrinin təşkil edilməsi, əyalət, vilayət və şəhər məclisləri kimi yerli idarələrin quruliası;
7. Sovet - İran idarələrinin köklü şəkildə yaxınlaşdırılması.
Siyasi Büronun qərarında nəzərdə tutulan bir cəhət diqqəti cəlb edir: «Güney Azərbaycanda separatçı hərəkatın fəallarının və sovetlərə tərəfdar olan şəxslərin özlərini qorumaları üçün əsgəri qruplar qurulmalı və onlar xarici markalı silahlarla silahlanmalıdır». Qərarın bu bəndinin icrası Bağırovla Nikolay Bulqaninə verilmişdi.
Qərarın digər bəndlərinə görə isə Güney Azərbaycanda mədəni təbliğat işini gücləndirmək üçün Azərbaycan SSR-nin İranla mədəni əlaqə cəmiyyəti qurulmalı; Təbrizdə «Sovet Azərbaycanı Dostları» cəmiyyəti təsis edilməli; Azərbaycanın bütün vilayətlərində və Gilanda bu cəmiyyətin şöbələri fəaliyyət göstərməli idi. Azərbaycan KP MK-ya İranda yaymaq üçün Bakıda aylıq dərgi və üç yeni qəzet nəşr edilməsi tapşırılmışdı. Nəşriyyat və Poliqrafiya Birliyinə Güney Azərbaycan Demokrat Partiyasının mətbəə xərclərini ödəmək üçün Azərbaycan KP MK-ya üç düz səthli makina verilməsi əmr edilmişdi. Ayrıca qərara görə, SSRİ Xarici Ticarət Komissarlığı Bakıda nəşr ediləcək dərgi və Güney Azərbaycanda 30 min tirajla çıxacaq qəzetlərin kağızlarını təmin etməli idi. İranda seçkilərin uğurla başa çatması üçün Azərbaycan Kommunist Pratiyası Mərkəzi Komitəsinə bir milyon manat həcmində xüsusi fond təsis edilmişdi.
Siyasi Bürosunun gizli qərarından üç gün sonra Vladimirovun 9 iyun «Pravda» qəzetində 6 iyun qərarına və onun həyata keçirilməsinin ideoloji hazırlığına həsr edilən «İranda mürtəce ünsürlərin fəaliyyətinin güclənməsi» adlı iri həcmli bir məqaləsi yayımlanır, onu Tehranda nəşr edilən «Neberd», «Zəfər», «Rəhbər», «Dad», «Fərman» və «Ajir» qəzetləri fars dilinə çevirərək çap edirlər. İranda hökumətə yaxın olan qəzetlər isə «Pravda»nı İranın daxili işlərinə qarışmaqda günahlandırırlar, Xalq Partiyasının yeganə demokratik qüvvə kimi göstərilməsi Vladimirovun xətası olaraq qəbul edilir. Xalq İradəsi Partiyasının orqanı olan «Raade emruz» qəzeti yazırdı: «Sovet hökuməti İranın daxili quruluşundan çox da razı deyil. Əgər İran qəzetləri SSRİ-nin ictimai quruluşunu tənqid etməyə başlasa, bu Sovet İttifaqının rədd edilməsinə səbəb olar. Onun üçün də İran xalqı İran hökumətini tənqid edən «Pravda» qəzetindən şikayət etməkdə haqlıdır. «Pravda» da sovet hökumətinin siyasətini və mövqeyini əks etdirmişdi».

Dr. Səbahəddin ŞİMŞİR
Balıkəsir, Türkiyə

Bu xəbər oxundu
- - -