Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BSU-nun professoru beynəlxalq konfransda çıxış edəcək

05.09.18, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov sentyabrın 6-dan 9-dək Moskvada Bədii ədəbiyyat tərcüməçilərinin V beynəlxalq konfransında iştirak edəcək. BSU-dan Trend-ə verilən məlumata görə, konfrans “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında keçiriləcək. R.Novruzov konfransın fəaliyyəti, iş prinsipləri barədə aşağıdakıları bildirib:
- Ədəbiyyat tərcüməçilərinin Moskvada keçirilən beynəlxalq konfransı ilk dəfə 2010-cu ilin sentyabrında təşkil olunub. Həmin konfransda 20 ölkədən 150 tərcüməçi iştirak edib. O vaxtdan başlayaraq hər iki ildən bir konfrans dünya tərcüməçilərini bir yerə yığır və bədii tərcümənin ən aktual problemlərini müzakirə edir. Bu günlərdə baş tutacaq V konfransla I konfrans arasında kəmiyyət və keyfiyyət baxımından çox böyük dəyişikliklər baş verib. İlk növbədə onu deyim ki, konfransa cəlb olunan ölkələrin sayı üç dəfə artaraq 20-dən 60-a çatıb. Mövzular daha ciddi problemləri əhatə etməyə başlayıb. Proqramla tanışlıq göstərir ki, bu dəfə tərcümənin heç bir nəzəri aspekti diqqətdən kənarda qalmayıb.
- Proqramda daha nələr nəzərdə tutulub?
- Konfransın birinci günü 31-ci beynəlxalq kitab sərgisi çərçivəsində A.S.Puşkin adına kitabxanada Moskva meri ilə görüş olacaq. Bundan əlavə, konfrans müddətində məşhur müasir rus yazıçıları Oleq Pavlov, Kseniya Draqinskaya, Aleksey Salnikov, Lev Danilski, Aleksandr Arxangelski və digərləri ilə görüşlər planlaşdırılır.
- Konqresin məram və məqsədi barədə nə deyə bilərsiniz?
- Bu gün humanitar əlaqələri möhkəmləndirmək, ideya, bilik və yaradıcılıq nailiyyətlərinin mübadiləsini genişləndirmək son dərəcə vacibdir. Bunsuz insanlar və xalqlar arasında qarışılıqlı anlaşma mümkün deyil. Bədii ədəbiyyat bu mübadilədə çox önəmli rol oynayır, çünki məhz onun vasitəsilə müxtəlif ölkələrdə oxucular əsl həqiqəti öyrənirlər. Bundan əlavə, tərcüməçi bu gün müxtəlif ölkələrin oxucuları arasında vasitəçi, mədəni diplomatiyanın aktiv xadimidir.
- Azərbaycanda həmişə rus dilindən tərcümə üstünlük təşkil edib, bu, bizim eyni geopolitik məkanı bölüşməyimizlə yanaşı, həm də uzun zaman bir dövlətdə təmsil olunmağımızla bağlıdır. Azərbaycanın müstəqillik qazanması rus dilinin vasitəçilik missiyasına necə təsir edib?
- Bu gün ingilis, alman, fransız, fars, ərəb və s. dillərdən birbaşa tərcümə edən istedadlı tərcüməçilərimizin sayı xeyli artıb. Bu, həm elmi və elmi-publisistik, həm də bədii mətnlərə aiddir. Mən bu mənada onlarla istedadlı gəncin, orta nəslin nümayəndəsinin adını çəkə bilərəm. Ancaq onu da qeyd edim ki, rus dili hələ öz üstünlüyünü saxlamaqdadır, onun vasitəçilik missiyası azalsa da, klassik və daha çox müasir rus ədəbiyyatına Azərbaycan oxucusunun marağı azalmayıb. Rus dilindən bədii ədəbiyyatın tərcüməsinə ehtiyac bizim üzərimizə bu sahə üzrə daha yaxşı tərcüməçilər hazırlamaq vəzifəsi qoyur.
- Siz özünüz hansı mövzuda çıxış edəcəksiniz?
- Mənim mövzum Hafiz Şirazinin rus dilinə tərcüməsi əsasında hazırladığım “Mətnin fəlsəfəsi və onun tərcümədə verilməsi” adlanır. Mən sufiliyin eşq, ilahi məqam, mey və s. kimi dəyərlərinin tərcümə prosesində ötürülməsi məsələləri ətrafında danışacağam. Ümid edirəm ki, məruzəm yaxşı qarşılanacaq.

Bu xəbər oxundu
- - -