Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şabranda arxeoloji qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb

06.09.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Şabran şəhəri” Tarixi Qoruğu ərazisində arxeoloji qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb. Tədqiqatlar yeni çəkilən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun qoruğun ərazisindən keçəcək hissəsində aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ilkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr və divar qalıqları aşkar olunub. Qazıntı ərazisində su borusu yerləri, çox sayda qırmızı, yaşıl və göy boya ilə rənglənmiş saxsı qablar üzə çıxıb. Arxeoloqlar ərazidə, həmçinin kəhriz olması ehtimal edilən bişmiş kərpicdən tikili də üzə çıxarıblar.
Tədqiqat işləri zamanı Şabrançay çayına qədər olan 900 metr məsafədə ərazi tamamilə öyrəniləcək.
“Şabran şəhəri” Tarixi Qoruğunda ötən əsrin 70-80-ci illərindən başlayaraq mütəmadi qazıntı işləri aparılır. Hazırda isə tədqiqatlar qədim şəhərin Narınqala hissəsindən kənarda qalan ərazidə aparılır. Əsas məqsədimiz bu ərazidə əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir. Beləliklə də yol çəkilişi zamanı qoruğa hər hansı bir ziyan dəyməsinin qarşısı alınacaq. Hazırda qazıntı apardığımız sahələrdə üzə çıxan materiallar Azərbaycanın digər orta əsr şəhərlərində aşkarlanan materiallardan fərqlənmir. Tikinti nümunələri də həmin dövr üçün xarakterikdir”, - deyə ekspedisiyasının rəhbəri bildirib.
Tədqiqatlar başa çatdıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri arxeoloji qazıntıların əhəmiyyəti barədə rəy verəcək.
Qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib. “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şirvanşahlar dövlətinin, bütövlükdə isə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Bu xəbər oxundu
- - -