Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya və Türkiyə arasında ciddi kriz yaşanmayacaq”

07.09.18, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İdliblə bağlı müəyyən proseslərin alovlanacağı, əməliyyatın başlaması gözlənilən idi. Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, Əsəd rejiminin bölgəyə tamamilə nəzarəti ələ keçirmə istəyi, eyni zamanda, Rusiyanın bu bölgədən təhdidlərin olması ilə bağlı açıqlamaları buna mesaj idi: “Amma bunun nə şəkildə olacağı bəlli deyil. Türkiyə-Rusiya-İran razılaşmasına əsasən, İdlibə nəzarət Türkiyəyə verilmişdi. Dolayısı ilə bu bölgə Türkiyənin nəzarəti altındadır. İndi bu məsələnin həll olunması, bir növ, Rusiya-Türkiyə münasibətləri üçün sınaqdır. Digər tərəfdən, burada ABŞ-dan gələn açıqlamalar çox maraqlıdır. Onların açıqlamalarında qəribə mesajlar var. Mesajların məqsədi bu əməliyyatlarda Rusiyanın fəaliyyətini dayandırmaqdır. ABŞ və Türkiyə arasında bu məsələdə tam bir razılaşma və ya uzlaşma yoxdur. Sadəcə, onların bu məsələdə mövqeləri üst-üstə düşür”.
Ekspert vurğulayıb ki, Rusiya bu məsələdə təzyiqləri artıracaq: “İdlibdəki bəlli qrupların bir qismini artıq Türkiyə də terrorçu olaraq yenidən siyahıya alıb. İdlibdə bütün tərəflərin maraqlarını nəzərə alan əməliyyat, təmizləmə işi həyata keçiriləcək. Bugünkü şərtlərdə bütün baş verənlərə baxmayaraq, Rusiya və Türkiyə arasında ciddi kriz yaşanmayacaq. Çünki tərəflər bir-birini bölgədə yaxşı tanıyır. Proseslərin əvvəlcədən bu həddə gələcəyi məlum idi. Tərəflər arasında razılaşma olacağını proqnozlaşdırmaq mümkündür. Xüsusilə son görüşmələr çərçivəsində bu məsələlərin nəticəsini görəcəyik. Türkiyə ilə Rusiya arasında ciddi bir böhran yaşanacağını düşünmürəm. Çünki Türkiyənin istəkləri bəllidir. Hazırda Rusiya Türkiyənin istəklərini nəzərə alaraq, hərəkət edəcək. Bu sahədə Rusiyanın həm Türkiyəyə, həm İrana, eyni zamanda, Türkiyənin də Rusiya və İrana ehtiyacı var. Bu üçlü formatın qarşıdakı zamanlarda da davam edəcəyini görəcəyik. ABŞ xüsusilə Suriyadakı fəaliyyəti ilə bu üçlü formatın birlikdə fəaliyyət göstərməsinə şərait yaradır. Burada yaşana biləcək ən böyük təhlükələrdən biri də yeni köç dalğasıdır. Təbii, belə bir hadisə baş versə, insanların ilk gələcəyi yer Türkiyədir. Bu isə yolverilməzdir. Belə bir insani faciənin təkrar yaşanmasının məsuliyyəti də Suriya rejimi ilə Rusiyanın üzərinə düşəcək”.

Bu xəbər oxundu
- - -