Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbir keçirilib

07.09.18, 13:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilib. Forumda Azərbaycan və ABŞ-ın dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələri iştirak edib. Forum çərçivəsində əsasən Azərbaycanın əlverişli biznes mühiti, biznes və investisiyaların cəlb olunması üçün atılan addımlar, maliyyə, maliyyə sektoru üzrə perspektivlər, eləcə də, enerji, infrastruktur, vergi, kənd təsərrüfatına aid bir sıra məsələlər müzakirə olunub.
Forumun moderatoru, Beynəlxalq İnkişaf üzrə İş Şurasının (BCIU) vitse – prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticarət və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hesab edib. İştirakçıları salamladıqdan sonra C.Donald açılış üçün sözü Baş nazirin birinci müavini Yaqub Eyyubova verib. Y.Eyyubov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilib. Xüsusən də iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Bütün bu islahatlar nəticəsində Azərbaycan son illər dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Baş nazirin birinci müavini həmçinin bildirib ki, Prezidentin göstərişi ilə qəbul edilən qərarların yüksək səviyyədə icrası sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyinin təmin olunması, rəqabət prinsiplərinə əsaslanan biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi sahəsində mühüm islahatların həyata keçirilməsinə imkan verib və bu amillər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına səbəb olub.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib. Prezident İlham Əliyevin iqtisadi islahatlar kursunun ölkənin biomüxtəlifliyi və multikulturalizmi əsasında iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanların açdığını deyən V.Qasımlı əlavə edib ki, əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi, yeni iqtisadi artım nöqtələrinin müəyyənləşməsi, iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin cəlbi üçün münbit zəmindir: “Azərbaycandan dünya istehlakçılarının yarısını əhatə edən 50 ölkəyə uçuş 4 saat civarındadır. Azərbaycanın 270 milyonluq və 1,6 trilyon dollarlıq ÜDM-ə malik bazarlara azad ticarət sazişləri ilə çıxışı var. Bu günlərdə “The Economist Intelligence Unit”in dərc etdirdiyi “Qlobal Yaşam İndeksi Hesabatı”nda Bakı dünyanın yaşam şərtləri yüksək olan şəhərləri sırasına daxil edilmişdir. “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu, ölkəmizin inteqrasiyasına yeni imkanlar açır. MDB-də ən rəqabətədavamlı iqtisadiyyatı quran Azərbaycan dünyada m-rezidentlik təklif edən ilk və e-rezidentlik təqdim edən ikinci ölkədir. Bütün deyilənlər Azərbaycana xarici sərmayə cəlbini sürətləndirir. “Azərbaycan Rəqabətlilik Forumu 2018” hökümət və ABŞ biznes dairələri arasında davamlı iqtisadi inkişafı təmin edəcək sərmayə qoyuluşunun artırılması üçün yeni imkanlar açır. ABŞ Prezidenti Eisenhover tərəfindən Ağ Evin təşəbbüsü kimi qurulan Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) bir çoxu “Fortune 500”-ə daxil olan 200 üzv şirkətə malikdir. Belə bir qurumun “Azərbaycan Rəqabətlilik Forumu”nu dəstəkləməsi ölkəmizin biznes mühitinə və iqtisadi siyasətə olan böyük etimadın göstəricisidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və BCİU arasında imzalanan Anlaşma Memorandumu Azərbaycan-ABŞ iqtisadi əlaqələrinə töhfə olmaqla, ölkəmizə xarici sərmayə qoyuluşu, yeni texnologiyların tətbiqi, iş yerlərinin açılması və bütövlükdə rəqabət qabiliyyətinin güclənməsi deməkdir”.
ABŞ Dövlət Departamentinin İqtisadi və Ticarət İşləri üzrə köməkçisinin birinci müavini Brain McFeeters çıxışında Azərbaycan Rəqabətlilik Forumunun məqsədləri barədə danışıb, ABŞ şirkətlərini Azərbaycan üzrə planlarına dair məlumatları bölüşməyə dəvət edib. Bundan sonra müzakirələr müxtəlif sessiyalar üzrə davam edib.

Bu xəbər oxundu
- - -