Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bilik Fondu Bakıda və Neftçalada təmizlik aksiyaları keçirib

10.09.18, 11:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Ekoloji maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərində və Neftçala rayonunda təmizlik aksiyaları keçirib. Fonddan bildiriblər ki, Bakının Səbail rayonundakı “Dostluq” parkında təşkil olunan aksiyada Bilik Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal və Səbail rayonlarının məktəbliləri, müəllimlər, Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər. Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla aksiya iştirakçıları ilə söhbətində XXI əsr texnologiya dövründə təbiətin mühafizəsinin hər birimizin ümdə borcu olduğunu vurğulayıb və bu təşəbbüsün son vaxtlar respublikamızda aparılan genişmiqyaslı təmizlik işləri ilə üst-üstə düşdüyünü söyləyib.
Fondun baş məsləhətçisi Nüşabə Hüseynli bizə miras qalan yerüstü və yeraltı sərvətlərimizin nəsildən-nəslə ötürülən əmanət olduğunu bildirib, bu əmanəti göz-bəbəyimiz kimi qorumağın, gələcək nəslə layiqincə çatdırmağın vacibliyini vurğulayıb. Fondun baş mütəxəssisi Elnarə Əliyeva aksiyanın Beynəlxalq Savad Gününə həsr olunduğunu söyləyib, aksiya iştirakçılarına uğurlar arzulayıb. Digər çıxış edənlər də aksiyanın əhəmiyyətini qeyd edib, belə tədbirlərin ekoloji baxımdan faydalı olduğunu bildiriblər. Məktəblilər mövzuya dair yazdıqları esseləri oxuyub, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyini əks etdirən rəsm nümunələrini nümayiş etdiriblər.
Sonra parkda təmizlik işlərinə başlanılıb. Aksiya iştirakçıları parkın böyük bir hissəsini tullantılardan və yabanı bitkilərdən təmizləyiblər. Aksiyada fəal iştirak edən 53 nömrəli məktəbin kollektivinə xüsusi təşəkkür bildirilib, ekologiya mövzusunda kitablar və geyim dəstləri hədiyyə edilib. Xəzər dənizinin Neftçala rayonu Şirvanlı kəndinin ərazisindəki sahilində yerləşən çimərliyin plastik tullantılardan təmizlənməsi aksiyası isə Bilik Fondunun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbinin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü ilə keçirilib. Aksiyanın hər həftənin bazar günü davam etdirilməsi planlaşdırılır.

Bu xəbər oxundu
- - -