Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gimnaziyanın XI sinfini bitirən bütün uşaqlar ali məktəbə qəbul olunub

10.09.18, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı hər yerdə olduğu kimi, Ağdaş rayonunda da öz bəhrəsini verir. Rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Beş kənddə modul tipli məktəb binası tikilib və yeni dərs ilində öz qapılarını şagirdlərin üzünə açacaq. Hazırda Nizami adına şəhər tam orta məktəbinin binası əsaslı təmir edilir. Daha 5 kənd məktəbi üçün yeni modul tipli məktəb binasının inşasına başlanıb. Ümumiyyətlə, son illərdə 22 məktəb binası inşa olunub, 6 tədris ocağı əsaslı təmir edilib. Bu məlumatlar Ağdaşda təhsil işçilərinin “2017-2018-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr”ə həsr olunan ənənəvi sentyabr konfransında səsləndirilib.
Rayon təhsil şöbəsinin müdiri Hürü Əliyevanın məruzəsində, eləcə də müzakirələrdə qeyd olunub ki, ötən tədris ilində rayonda 67 ümumtəhsil məktəbi və bir gimnaziya fəaliyyət göstərib. Tədris ocaqlarında 15629 nəfər şagird təhsil alıb, onların təlim-tərbiyəsi ilə 2116 nəfər müəllim məşğul olub. Əldə etdikləri nailiyyətə görə 2 nəfər qızıl, bir nəfər gümüş medala layiq görülüb. Habelə, 14 nəfər IX sinif şagirdi ümumi orta təhsil haqqında fərqlənmə attestatına, 35 nəfər XI sinif şagirdi tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. XI sinfi bitirən 774 nəfərdən 590 nəfəri ali məktəblərə qəbul üçün ərizə verib və onlardan 284 nəfəri öz istəyinə çatıb. Qəbul olunan məzunların 16 nəfəri 600-dən, 67 nəfəri isə 500-dən yuxarı bal toplayıb ki, bu göstərici əvvəlki ildəkindən çoxdur. Gimnaziyanın XI sinfini bitirən 48 nəfərin hamısı ali məktəblərə qəbul olunub.
Məruzə və çıxışlarda tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin respublika əhəmiyyətli müsabiqə və yarışlarda iştirakının təmin olunması və digər məsələlərlə bağlı görülən işlər, qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova və Təhsil Nazirliyinin məsul işçisi İntiqam Cəbrayılov konfransda çıxış edərək yeni tədris ilində qarşıda duran vəzifələrdən danışıblar. Konfransda bir qrup qabaqcıl müəllimə fəxri fərman verilib.

Bu xəbər oxundu
- - -