Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycan milli hərakatının yüksəlişi

11.09.18, 10:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı
1991-ci ildə soyuq savaşın bitməsi ilə dünya siyasi sisteminin mahiyyətində dəyişim gerçəkləşmişdi. İki qütblü dünyanın sona çatması ilə kommunizm iflas etmiş və ABŞ hegemonluğuna gedən yolu açan bu qlobal dəyişikliklə dünyada neoliberalizm güc qazanmışdı. Qlobal sistemdə neoliberalizmin güc qazanması qloballaşma prosesini çox çeşidli siyasi, ictimai və mədəni nəticələri olan bir siyasi sistem halına gətirmişdi. Qloballaşma prosesi İranda kimlik məsələsində fars mərkəzli iranlılıq sistemini sorğulamaya başlamışdı.
1979-cu ildən sonra İslam-şiə mərkəzli bir totalitar sistemin iflası kimlik məsələsində fars mərkəzli iranlılıq sisteminə ciddi zərbə vurub. İran İslam Cümhuriyyətinin öz siyasi davranışlarını Şiə-İslam idelogiyasına dayandırmaları ilə İranda siyasi İslam siyasətinin da ciddi nəticələri olmuşdu. İran İslam Cümhuriyyətinin bir siyasi rejim olaraq məşruiyyət böhranı Şiə-İslam böhranını da doğurub. İranda Şiə-İslamın siyasi müstəvidə böhranı iranlılıq kimliyini də tənəzzülə uğradıb. Çünki Şiə-İslam sistemi İranlılıq kimliyinin təməl nöqtəsi olub. İranlılıq kimliyinin təməl nöqtəsi olan Şiə-İslam sisteminin böhrana girməsi ilə iranlılıq kimliyinin tənəzzülü başlayıb. İslam Cümhuriyyətinin məşruiyyət böhranı ilə bərabər şiə ilə örtülən fars mərkəzli iranlılıq kimliyi də böhrana girib, ideoloji və siyasi platformada iflasa uğrayıb. Bu dönəm kimliyin milli boyutunun dini boyutuna qələbə çaldığı dönəmdir. Dinin şiəllik bağı zəifləyərək türk kimliyi İran türklüyündə inancın önünə keçəcək. Türkiyə türkçüləri ilə dayanışmalarında araya iki əngəl girmişdi. Bunlardan biri şiə-sünni ixtilafı və digəri laik-şerri yapılanma idi. İrandaki şiəliyin siyasi sahədə çöküşü bu əngəlin də aşılmasına səbəb olub. Şiəlik və sünnilik, laikli və islamcılıq kimi əngəlin aşılmasına Güney Azərbaycan milliyyətçiləri öncüllük ediblər.
İran siyasi sisteminin totalitar quruluşu İslam Cümhuriyyəti üçün çelişkili bir sonuç doğurub. Totalitar kimliyi səbəbilə xalqı siyasi səfərbərlikdə tutmaq üçün toplumu siyasiləşdirməyə çalışılıb. Həm 1979-cu il inqilabının təsiri ilə, həm də İslam Cümhuriyyətinin totalitar quruluşu üzündən siyasiləşən xalq, siyasi sistem içərisində özüni tapmayıb. Dövlət öz siyasi hədəfləri doğrultusunda səfərbər etdiyi xalqın ehtiyaclarını qarşılamaqda başarısız qalıb. Yeni insan, yeni toplum şüarı çərçivəsində çeşidli sahələrdə şiddət və basqıyı əsas alan bir sistem sərgiləyib. Bəhs olunan siyasi sistem ciddi problemlərə səbəb olub. Xalq dışlanmış və iqtidar barmaqla sayılacaq qədər insanın əlində dolaşmağa başlayıb. Bu durum İslam Cümhuriyyəti ilə İran xalqı arasında toqquşmalı məsafənin açılmasına şərait yaradıb.
İran 1979-cu ildən sonra ciddi əhali artımı ilə qarşılaşıb. İran iqtisadi sahədə də başarısız olub. Məhz bu cəhət İranda kütləvi yoxsullaşmağa yol açıb. Əhalinin artımı və dövlətin siyasi, iqtisadi və ictimai sahədə uğursuzluğu ümumilikdə ölkədə çeşidli əxlaqi və mədəni problemləri də ardınca çəkib gətirib. Bu proses milli kimlik böhranını da doğurub. İqtisadi, siyasi və ictimai sahədən dışlanan gənçlik iranlılıq kimliyinə də yabançılaşıb.
İran toplumu böyük problemlərlə müşayiət olunan çoxcəhətli bir böhran və sorunlar yaşamaqdadır. Geniş və çeşidli sorunlar içərisində qıvrılan İran toplumu bu “sorunları çözəcək ümidi verən” bir siyasi gücü də görməməkdədir. İrandakı qeyd etdiyimiz ümidsizlik İran mərkəzli bütün siyasi düşüncə və ideologiyaların iflasını təmin edib. Başqa bir ifadə ilə, İranda islam və kommunizm kimi ideologiyalar siyasi səfərbərlik güclərini itiriblər. İranda sağ və sol ideologiyaların iflası iranlılıq kimliyinin sorğulanması ilə nəticələnib. Çünki İrandaki sağ və sol ideologiyalar fars kimliyini mərkəz alan iranlılıq kimliyi təməlində qurulub.
Qlobal sistem, bölgədəki gəlişmələr və İran içindəki siyasi ortam, iranlılıq kimliyini böhrana salıb və bəhs olunan durumun sonucu olaraq etnik milliyyətçilik güclənməyə başlayıb. Kimlik məsələsində fars mərkəzli iranlılıq kimliyinin böhrana girməsi ilə bərabər İrandaki etnik kimliklər siyasiləşib. Siyasi hərəkətliliyin enerjisi mərkəzdən çevrəyə doğru hərəkət etməyə başlaması ilə mərkəzdən qaçma ciddi şəkildə güc qazanıb.

Güney Azərbaycan milli hərəkatının yüksəlişi
Fars mərkəzli iranlılıq kimliyinin böhran sürəci ən çox Güney Azərbaycanda görünməkdədir. İran tarixində türklər, özəlliklə Azərbaycan türkləri, hər zaman aparıcı rol oynayıblar. 1925-ci ildən öncə İran uzun zaman Türk xanədanları tərəfindən idarə olunub. 1925-ci ildən sonra İranda iqtidar Türklərin əlindən çıxsa da, hər zaman istiqamətverici mövqelərini qoruyublar. Çünki Azərbaycan türklərinin İranın əhali tərkibi içərisində çoxluğa sahib olması və siyasi olaylara qarşı həssas və açıq olması ilə İran siyasi hərəkətliliyi içərisində ya öncül rolu oynayıblar, ya da hərəkat içərisində aparıcı mövqe tutublar. Azərbaycan türkləri həm 1906-cı il Məşrutə inqilabında, həm də 1979-cu il İran islam inqilabında təməl, əsas və aparıcı rol oynayıblar. İranda geniş yayılmış bir ifadə olan "Təbriz istəməzsə, heç bir dəyişim olmaz" kəlməsi bu tarixi gerçəkliyin göstəricisidir.
İranda türklər uzun zaman iqtidarda olsalar da, farsları və digər etnik qrupları dışlayan və türk kimliyinə dayalı bir dövlət qurmayıblar. İranda uzun zaman iqtidarda olan türk xanədanları fars dilinə hər zaman sayğılı olublar və onun genişlənməsində və inkişaf etməsində önəmli rol oynayıblar. 1924-cü ildən sonra iqtidarı ələ keçirən fars milliyyətçiləri çox fərqli davranıblar. Türk kimliyini yox etmək üçün çeşidli üsulları olan bir assimilyasiya prosesi başladıblar. Türk xanədanların sayğın davranışlarına biganə qalan farslar iqtidarı ələ keçirdikdən sonra türkə qarşı politikaları sərgiləmələri Azərbaycan-türk kimliyinin siyasi müstəvidə oluşmasının əsası və təməl prinsipini təşkil etməkdədir.
Azərbaycan-türk kimliyinin siyasiləşməsi üçün aşağıdaki qlobal, sosial, siyasi, mədəni və məhəlli prinsiplər zəmin hazırlayıb:
- 1979-cu ildən günümüzə qədər totalitar sistemin əsas faktoru olaraq görünən və İran torpaq bütünlüyünün dayağı olan siyasi islamın (şiəliyin) iflası;
- Dövlətin iqtisadi uğursuzluğu və xalqın kütləvi yoxsullaşması;
- İnqilabın təsirindəki toplumun siyasiləşməsi;
- Bütövlükdə İranda səfərbərlik gücünə sahib olan və toplumu mərkəzə bağlayan ideologiyaların çöküşü (kommunizm, siyasi islam);
- Beynəlxalq miqyasda kommunizmin çöküşü və Orta Asiya və Qafqazda Türk Cümhuriyyətlərinin qurulması və bu bölgələrdə 1988-ci ildən sonra artan türkçülük hərəkatı;
- Quzey Azərbaycan Cümhuriyyətinin qurulması, Qarabağ problemi və Əbulfəz Elçibəy faktoru;
- Kommunizmin çöküşü və neo-liberalizmin uluslararası sistemdə güc qazanması;
- Qloballaşma siyasəti;
- Dövlətin totalitar quruluşu səbəbi ilə ortaya çıxan siyasi müşküllər və siyasi sistemin darlığı;
- Dövlətin müxalifəti əzməsi və fəaliyyət göstərməyə imkan verməməsi.
Dünya İranda islahatçı-mühafizəkar qarşılaşmasının dışında başqa heç bir siyasi sistem ilə ilgilənməsə də İran mahiyyət etibarı ilə ciddi dəyişim keçirməkdədir. İranda bütün İranlı kimliyini müdafiə edəcək faktorlar ciddi biçimdə zərbə alıb. Bu durum iranlılıq kimliyinin sorğulanması ilə nəticələnmiş, ədəmi-mərkəziyyətçi siyasi təmayülü əsas və aparıcı faktor olaraq ortaya çıxarıb.
Güney Azərbaycan milli hərəkatının böyüməsi tam olaraq bunun göstəricisidir. Siyasi prosesin dinamizmi nə islahatçı, nə də mühafizəkar çatışması olmaqdan çıxmış, çox fərqli bir zəminə söykənib. Çünki bu gün Güney Azərbaycanda milli söyləm aparıcı və dominant söyləm halına gəlib. Dəyişim tələblərinin də dinamizmi Güney Azərbaycandan gələn milli hərəkatdadır. Güney Azərbaycan milli hərəkatı potensial olaraq Güney Azərbaycandakı siyasi proseslərin ana dinamizmini təşkil etməkdədir. Güney Azərbaycan milli hərəkatının heç bir alternativi yoxdur.
Yuxarıdaki faktorlar Güney Azərbaycanın siyasi öncəliklərini dəyişdirib. Milli kimlik arayışı birinci və aparıcı siyasi öncəlik halına gəlib. Güney Azərbaycan tarix boyu siyasi enerjisini ya sağ, ya da sol ideologiyalara verib. İndi isə solçular və sağçıların siyasi enerjisi Güney Azərbaycan məsələsinə doğru çəkilməkdədir. Başqa sözlə, Güney Azərbaycan milli hərəkatı çox fərqli siyasi enerjilərin çəkim mərkəzinə dönüşməkdədir.

Nəticə və ümumi dəyərləndirmə
Güney Azərbaycan milli hərəkatı, bu gün Güney Azərbaycanda siyasi hərəkətliliyin təməl və əsası dinamizminə çevrilib. Güney Azərbaycanda iranlılıq kimliyi zəiflədikcə İran mərkəzli siyasi hərəkətlilik də gücsüzləşib və bu prosesin məntiqi davamı olaraq Güney Azərbaycan milli hərəkatı güc qazanıb. İranlılıq kimliyinin çöküş prosesinə girməsi və azərbaycanlılıq kimliyinin güclənməsi Güney Azərbaycan milli hərəkatının yüksəlişini təmin edib. Başqa sözlə, iranlılıq kimliyi zəiflədikcə azərbaycanlılıq kimliyi güc qazanıb və azərbaycanlılıq kimliyi güc qazandıqca Güney Azərbaycan milli hərəkatı güclənib.

Dr. Yaşar KALAFAT
Arif KƏSKİN

Bu xəbər oxundu
- - -