Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qax rayonunda antik və orta əsrlər dövrünə aid abidə aşkarlanıb

11.09.18, 10:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6 avqust - 4 sentyabr 2018-ci il tarixlərində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı rayon ərazisində yerləşən tarixi-arxeoloji abidələrin xəritələri və GPS koordinatları hazırlanıb, bəzi abidələrdə çöl-tədqiqat işləri həyata keçirilib. Ekspedisiya tərəfindən Qax rayonunun Qıpçaq kəndinin cənubunda, Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə çatmamış sağ hissəsində, yerli əhali tərəfindən “Əyrinin tapı” (Əyriçayın təpəlikləri) deyilən ərazidə Qıpçaqtəpə abidəsi ilk dəfə qeydə alınıb.
Möhtəşəm yaşayış yerlərindən biri olan Qıpçaqtəpə abidəsi 4 ha ərazini əhatə edir. Cari mövsümdə Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Arxeoloji kəşfiyyat sahələrində aparılmış tədqiqatlar nəticəsində abidənin mədəni təbəqələri müəyyənləşdirilib və üst təbəqələrdən maddi mədəniyyət nümunələri kameral şəkildə işlənilib. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib. Qazılmış sahələrin planı hazırlanıb.
İlkin tədqiqatlar nəticəsində Qıpçaqtəpə yaşayış yerinin antik və ilk orta əsrlər dövründə Üzümlü-Ağyazı istiqamətində olan şosse yoluna yaxın hissədə yerləşdiyini, daha sonra son orta əsrlərə doğru yaşayış yerinin öz ərazisini qərbə doğru genişləndiyini söyləmək mümkündür. Qıpçaqtəpə abidəsinin qərbində yerləşən Sarı pir adlı qəbristanlığa da baxış keçirilib və fotoşəkillər çəkilib. Qəbir daşları üzərində olan yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür. Ekspedisiya tərəfindən, həmçinin Zərnə kəndində yerləşən ilk orta əsr Zərnə qalasında da arxeoloji tədqiqat işləri aparılıb, qala divarlarının qalıqları əsasında onun planı hazırlanıb. Tədqiqat mövsümündə Qax rayonu ərazisində yerləşən ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilib və arxeoloji xəritəsi tərtib olunub.

Bu xəbər oxundu
- - -