Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyan Dağlıq Qarabağ probleminin həlli üçün ancaq bir yol qoyur- o da savaşdır”

11.09.18, 11:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sahib Alıyev: “Onun hakimiyyətdə qalması çox da uzun çəkməyəcək”

“Erməni baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və səfər sonrası verdiyi açıqlamadan gəldiyim nəticə budur ki, onun hakimiyyətdə qalması və bu cür davranışı Dağlıq Qarabağ probleminin həlli üçün ancaq bir yol qoyur- o da savaşdır”. Bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib: “İkinci nəticə isə budur ki, onun hakimiyyətdə qalması çox da uzun çəkməyəcək. Ya Paşinyan hakimiyyəti harada, kimin diqtəsiylə almışdısa, onların diqtəsiylə də orada təhvil verəcək, ya da indi rəqib gözündə gördüyü Köçəryanın bir çox rəqiblərinin, o sıradan da Ermənistanın keçmiş baş naziri Vazgen Sərkisyanın üzləşdiyi reallıqla üzləşəcək. Həm də ona görə üzləşəcək ki, Köçəryanın "bir çox rəqibləri" bir qayda olaraq təkcə ona rəqiblik etmir, cızılan cızıqdan kənara çıxmaq haqda da fikirləşirdilər.
Düzdür, indi Köçəryan hakimiyyətdə deyil. Ancaq Ermənistanda hakimiyyətdə kimin olmasında mühüm rol oynayan Meydanın onu dəstəklədiyi faktıdır. Söhbət Paşinyanın dediyi Respublika Meydanından yox, Qızıl meydandan gedir. O Meydandan ki, Paşinyanı Moskvada "ciddi suallar"ın gözlədiyi haqda anonslar verilərkən orada yerləşən Kremlin yiyəsi Köçəryana telefon açaraq ad gününü təbrik etmişdi. Bu, Köçəryanın anadan olması ilə bağlı təbriki deyildi, onun bir siyasətçi kimi yenidən "doğulması"nın təbriki idi".
Millət vəkili deyir ki, indi regionda bu cür vəziyyət yaranıb və o, istənilən an savaşla nəticələnə bilər: "Nikol Paşinyanın Rusiyaya səfərindən sonra verdiyi açıqlamalar da bu savaş təhlükəsini daha da artırır və eyni zamanda rəsmi Moskvanı pis durumda qoyur. Niyə? Nikol Paşinyan Putinlə danışıqlardan dərhal sonra Mosvada hay iş adamları ilə görüşdə nə deyir. Deyir ki, gələcəkdə Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək. Bir daha vurğulayıram, bu açıqlama Rusiya prezidenti ilə görüşdən dərhal sonra və Moskvada verilir. Aydındır ki, Ermənistan öz gücünə heç vaxt bunu edə bilməz, etməyə qalxdığı təqdirdə isə bu regionda ola bilər hay qalsın, ancaq Hayastan adlı dövlət qalmaz.
Onda belə bir təsəvvür yaranır ki, Nikol Paşinyan Vladimir Putinin verdiyi hansısa bir vəddən ruhlanaraq bu cür başından böyük sözlər danışır. Həm də elə məhz həmin Putin və Merkellə görüşdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin olumlu açıqlamasından, Paşinyanın danışıqlarda konstruktiv mövqe tuta biləcəyinə ümidinin olduğunun dilə gətirilməsindən sonra.
Ermənistanın konstruktiv yanaşma sərgiləyəcəyi gözlənilən baş naziri isə bir tərəfdən danışıqların formatının dəyişdirləməsini, Dağlıq Qarabağ separatçılarının da tərəf olaraq ora qatılmasını tələb edir, digər tərəfdən isə həmən Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyi kimi ziddiyyətli və sərsəm fikirlər səsləndirir". Sahib Alıyevin qənaətincə, ola bilməz ki, Rusiya prezidenti onun bu sərsəm və ziddiyyətli fikirlərini dəstəkləsin: "Hazırkı reallıqları nəzərə alsaq, ona Rusiyanın problemin ancaq sülh yolu ilə həllinə çalışacağından başqa hansısa bir vədin verilməsi də inandırıcı deyil. Sadəcə, Paşinyan Putini pis vəziyyətdə qoyur. Həm də təkcə bu məsələdə deyil. Diqqət edin, onunla görüşdə Prezident Putin bildirir ki, Rusiyanın qazı ən ucuz qiymətə satdığı ölkə Ermənistandır. Ermənistana qazın min kubmetri 150 dollara satılır. Paşinyan isə Moskvadan dönər-dönməz deyir ki, Rusiyanın "Qazprom" şirkətinin Ermənistandakı təmsilçisi fırıldağa əl ataraq əslində bu qazın min kubmetrini haylara Putin bildirdiyindən iki dəfə baha qiymətə satır. Beləliklə də o, "Qazprom"la yanaşı, elə Rusiyanın dövlət başçısının özünü də fırıldaqçılıqda ittiham edir. Bütün bunlar və səfər zamanı nəzərə çarpan digər reallıqlar cənab İlham Əliyevin Rusiyaya səfəri ilə, Nikol Paşinyanın səfəri arasında çoxlu və böyük fərqlərin olduğunu üzə çıxardı".
Millət vəkili onu da deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan təkcə populistlik etmir, həm də özünü küçə, meydan adamı kimi aparır: "Aparır və elə sanır ki, o, "hakimiyyətin yerləşdiyi meydan"ın adamı deyil, elə həm də meydanın özüdür-meydan adamdır. Bu meydan adamın məntiqinə fikir verin. Deyir ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində tutduğu sərt və barışmaz mövqe onun Ermənistandakı inqilabın Azərbaycana da keçəcəyindən qorxmasından irəli gəlir. Primitivliyin və demaqoqluğun hansı həddə olduğunu görürsünüzmü? Bu anlamır ki, əksər azərbaycanlılar kimi, Azərbaycan Prezidenti üçün də Dağlıq Qarabağ məsələsi hakimiyyət yox, namus, qeyrət və şərəf məsələsidir. Heç olmasa ətrafındakılardan buna deyən yoxdur ki, ay meydan adam, məgər 2016-cı ilin aprel döyüşlərində Ermənistanda inqilab baş vermişdi? Bu döyüşlərin arxasında duran məhz sizin işğalçılıq siyasətinizə qarşı yönəlmiş həmən o sərt və barışmaz mövqe deyildimi?"
Sahib Alıyev onu da diqqətə çatdırıb ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı faydaya dayanır: "Elə bunun nəticəsi idi ki, cənab Prezidentin rəsmi Soçi səfərində 10 müxtəlif səpkili əməkdaşlıq anlaşmaları imzalandı. Paşinyan isə Moskvaya bir şüşə konyakla gedib, öncədən anons edilən "ciddi suallar" eşidərək qayıtdı, vəssalam. Səbəb budur ki, Ermənistan-Rusiya əlaqələrində yemlənən və yemləyən tərəf var. Amma nə yemlənən bundan razıdır, nə də yemləyən. Yemlənən daha çox yemlənmək və istədiyini etmək, yemləyən isə bunun qarşılığında sədaqət, çızdığı çevrədən çıxılmamasını istəyir. Bunlar elə istəklərdir ki, indiki reallıqlar, Paşinyanın xarakteri və hay xisləti ona tam əməl olunmasını istisna edir. Ona görə də sözdə iki ölkə arasında əlaqələrin əla olduğu bildirilsə də, qarşılıqlı narazılıqlar baş alıb gedir. Bunun gizlədilməməsi və artıq hər iki tərəfin dilə gətirməsi göstərir ki, o, daha da artacaq”.

Bu xəbər oxundu
- - -