Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir”

11.09.18, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hikmət Babaoğlu:” Rusiya səfəri də nəticəsiz və uğursuz səfər kimi onun siyasi karyerasına yazıldı”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, Paşinyan natamam siyasətçidir və hələ də ciddi siyasətçi olmaqdan uzaqdır”. Bu sözləri millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili qeyd edib ki, Paşinyanın Rusiyaya səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bu ölkənin dəstəyinə nail olmaq, eyni zamanda, Ermənistan iqtisadiyyatının mümkün dirçəliş yollarını Rusiya prezidenti ilə müzakirə etmək idi: “Başqa bir məqsəd Ermənistanın atom elektrik stansiyasının mümkün uzunmüddətli istismar yollarının Rusiya ilə müzakirə edilməsi və bu məsələdə Rusiyadan təminat alması ilə bağlı idi. Amma görüşdən sonra səsləndirilən fikirlər onu göstərdi ki, Paşinyan məqsədlərinin heç birinə çata bilməyib. Xüsusilə də, özü üçün daha əhəmiyyətli olan, yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın dəstəyini qazanmaq məqsədinə nail ola bilməyib. Paşinyan bütün bu uğursuzluqları ört-basdır etmək üçün yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini siyasi manipulyasiya predmetinə çevirərək daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verdi. O, bu açıqlamalarında da qeyri-ciddi idi, çünki Paşinyan baş nazirdən daha çox adi vətəndaş kimi danışırdı. O qeyd etdi ki, “mənim təsəvvürümə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır”. Əlbəttə, bu cür fikirlər baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki xüsusilə də başqa bir ölkədə səfərdə olan baş nazir bəyanatlarını dövlət adından verməlidir”.
H. Babaoğlu bildirib ki, Paşinyan öz adından çıxış etməklə bir daha siyasi diletant olduğunu nümayiş etdirdi: “Paşinyan Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə gətirmək onun Ermənistanın rəsmi siyasətinin keçimişindən xəbərdar olmamasının və gələcək siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir. Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəldikdə isə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etmək iqtidarında olduğunu da sübuta yetirib. Ona görə də Paşinyanın öz bəyanatlarında bu problemin həlli istiqamətində güc tətbiqetmənin doğru yol olmadığını, məsələnin sülh yolu ilə həllinin vacib olduğunu, Ermənistanın kompromisə hazır olduğunu, bununla bərabər Azərbaycanın da kompromisə hazır olmasının zəruriliyini qeyd etməsi onun Aprel döyüşlərində Ermənistan ordusunun təxribatçı hərəkətlərinin qarşısını layiqincə alan Azərbaycanın hərbi qüdrətindən ehtiyat etməsidir. Bütün bunlar onu göstərir ki, Ermənistanın baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir. Rusiya səfəri də nəticəsiz və uğursuz səfər kimi onun siyasi karyerasına yazıldı”.

Bu xəbər oxundu
- - -