Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İraqda İranyönümlü şiələr istədikləri nəticəni əldə edə bilmədilər

11.09.18, 11:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İraqda keçirilən son parlament seçkilərində iranyönümlü şiələr istədikləri nəticəni əldə edə bilmədilər. Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Cənubi İraq şiələrinin hərəkatının lideri Müqtəda əs-Sədr Səudiyyə Ərəbistanına səfərindən sonra vətənində iranyönümlü qüvvələrə qarşı əks mövqe aldı: “Müqtəda əs-Sədr Kərkükdə qətliamlar edən Haşdi-Şabinin bu şəhərdən çəkilməsini tələb etdi. Bununla kifayətlənməyən əs-Sədr Kərkükü Haşdi-Şabidən təmizləmək üçün ordusunu bu şəhərə göndərdi. Səudiyyə Ərəbistanı yavaş-yavaş İraqda istədiyinə nail olur. Bu ərəb ölkəsində vətənpərvər şiələrlə iranyönümlü şiələr qarşı-qarşıya gəliblər. İraqda millətçilik məzhəbçiliyi üstələdi. Bu yaxşı haldır. Bu aksiyaların arxasında isə Səddam devriləndən və İraq ABŞ tərəfindən işğal ediləndən sonra hakimiyyətə gətirilən iranyönümlü qüvvələrin yarıtmaz siyasəti durur”.
Politoloq vurğulayıb ki, həmin qüvvələrin əli ilə İran İraqı öz növbəti ostanına çevirmək istədi: “İraqda ABŞ-ın bilavasitə iştirakı ilə iqtidara gətirilən iranyönümlü şiələr sünnilərdən intiqam almağa başladılar. Artıq vəziyyət o yerə çatıb ki, İraq şəhərlərində Xameneinin böyük şəkilləri asılmağa başlayıb. Abadi Tehranın əlində bir oyuncağa çevrilib. Üstəlik korrupsiya, acınacaqlı sosial vəziyyət bu narazılıqları daha da şiddətləndirir”.
Politoloq qeyd edib ki, İraq İranla 8 il müharibə etmiş dövlətdir: “Aydın məsələdir ki, iraqlılar İranın ölkələrində belə at oynatmasına sona qədər dözən deyildilər və dözmədilər də. Parlament seçkilərində Abadi məğlub olandan sonra iğtişaşlar başladı. Gözlənildiyi kimi, ilk etiraz dalğası Cənubi İraqın qeyri-rəsmi paytaxtı Bəsrədən gəldi. Cənubi İraq şiələrinin lideri Müqtəda əs-Sədrin şəhəri Bəsrə İraq tarixində çox böyük önəmə malikdir. İranda Təbrizdirsə, İraqda Bəsrədir. İran Suriyada hələlik qalib gəlsə də, İraqda məğlub olmaqdadır. Bağdad qədim sivilizasiya, dövlətçilik tarixinə malik olan ərazidir. İraqda ərəb millətçiliyi şiə məzhəbçıliyini üstələdi. Bu da İrana ətrafında "şiə qurşağı" qurmaq yönündə böyük zərbə oldu”.
Qeyd edək ki, 8 iyuldan İraqın Bəsrə şəhərində başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçılara qarşı güc tətbiq etdikləri üçün Bəsrədə polis və ordu rəhbərliyi dəyişdirilib.

Bu xəbər oxundu
- - -