Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kartof bazarında mövcud vəziyyət

11.09.18, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kartof dünyada ən çox istifadə edilən əsas qidalardan biridir. “İkinci çörək” adlandırdığımız bu məhsul hər bir ailənin mətbəxində əvəzsiz yer tutur. Beləliklə, kartofun bazarlardakı qiyməti də hər bir azərbaycanlı ailəsinin büdcəsinə təsirsiz ötüşmür. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndəsi, ekspert Nicat Nəsirlinin kartof bazarında mövcud vəziyyətlə bağlı açıqlama verib.
Bu il ölkədə 743 min ton kartof istehsalının proqnozlaşdırıldığını deyən Nicat Nəsirli bildirib ki, kartofun əkin sahəsi 59 min hektara, məhsuldarlığı isə 15 tona çatıb. Bu məhsul üzrə istehsal həcminə görə, Gədəbəy liderlik (12 min ha) edir. Sonrakı yerləri Tovuz (7 min ha), Şəmkir (6,5 ha) və Cəlilabad (5 min ha) tutur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 59,3 min hektar kartof əkini sahəsinin 20 min hektarından (33,8 faiz) 304,3 min ton məhsul yığılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci il 3 avqust tarixli qərarına əsasən, ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsinin 30 faizə qaldırılması 2 aylıq müddətdə yerli məhsulun realizə olunmasını nəzərdə tutur: “Azərbaycan özünü kartof üzrə 85,5 faiz təmin edir və rəqəmlər deməyə əsas verir ki, indiki vəziyyətdə daxili bazarda kartofun qiymətinin qaldırılmasına cəhdlər olarsa, bu, yalnız spekulyativ xarakter daşıyacaq və “psixoloji qiymət artımı” kimi qiymətləndirilməlidir. Həmçinin kartof idxal etdiyimiz ölkələrdəki vəziyyətin təhlili göstərir ki, daxili tələbatın artdığı dövrdə (noyabr-aprel ayları) belə bahalaşma iqtisadi xarakter daşımayacaq. Belə ki, kartof idxal etdiyimiz xarici ölkələrdə istehsal yüksək səviyyədədir və həmin ölkələrin özündə də kartof bahalaşmayıb”.
İl ərzində ölkəmizə 160 min ton kartof idxal olunduğunu və bunun da daxili tələbatın cəmi 16 faizini təşkil etdiyini bildirən ekspert deyib ki, son illər İranın idxalda çəkisi artmaqdadır, bunun səbəbi coğrafi yaxınlıq və məhsulun ucuz başa gəlməsidir (0.30 - 0.33 qəp.). İran Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2018-2019-cu təsərrüfat ilində 146,2 hektarda əkilmiş sahədən 4,99 milyon ton kartof istehsalı gözlənilir. Ötən il də 4,9 milyon ton kartof istehsal edilmiş, 109,7 milyon dollar dəyərində 647,7 min ton məhsul ixrac olunmuşdu. Azərbaycan isə hər il 50 min tondan artıq kartofu bu ölkədən alır və buna 9 milyon dollardan çox pul xərcləyir. Rusiya kartof təminatında Azərbaycan üçün ikinci mühüm ölkədir. Ötən il 43 min tondan artıq məhsul alınıb. Bu il Rusiyada rekord həddə istehsal gözlənilir. 2017-2018-ci ildə bu ölkədə 33,6 milyon ton kartof istehsal olunub ki, bu da ötən ilkindən 16 faiz çoxdur.
Digər ölkədən - Gürcüstandan ildə 40 min tondan artıq kartof alırıq, bu ölkədə də istehsal qənaətbəxşdir. “Kartof idxalımızda 16 min tonluq həcmlə dördüncü yerdə Türkiyə dayanır. Bu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2017-2018-ci il üzrə ölkədə istehsal 5 milyon ton proqnozlaşdırılır və ümumi istehlakdan artıq qalacaq 300 min ton məhsul ixrac ediləcək. Azərbaycan ötən il qardaş ölkədən aldığı “ikinci çörək” üçün 4 milyon dollardan artıq vəsait ödəyib. Kartof aldığımız sonrakı ölkələr sırasında Belarus (6 min ton), Ukrayna (2,5 min ton) və Pakistan da var. Pakistan da Azərbaycanın kartof təminatında mühüm ölkələrdəndir. İl ərzində bu ölkədən 3 min tona qədər kartof alırıq. Pakistanda cari mövsüm əlverişli olub və illik istehsal bu ölkədə 4 milyon ton təşkil edəcək”, - deyə Nicat Nəsirli bildirib. Ekspert qeyd edib ki, göründüyü kimi, yaxın aylarda nə daxili istehsal, nə də xarici bazarlardakı istehsal həcmi ciddi bahalaşmanın olacağına əsas vermir.

Bu xəbər oxundu
- - -