Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyan seçkilərədək vaxt udmağa və özünü xilas etməyə çalışır”

12.09.18, 11:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nikol Paşinyanın Rusiyaya səfərinin uğursuzluqla başa çatacağı gözlənilən idi. Bunu səfər öncəsi Ermənistanda yaranmış vəziyyət, həmçinin Rusiya rəsmilərinin açıqlamaları da sübuta yetirirdi. Əslində N.Paşinyanın Vladimir Putinlə görüşdən sonra aqressiv və bir-biri ilə kəskin şəkildə fərqlənən bəyanatlar verməsi də Ermənistanın baş nazirinin gözlədiyi nəticəni əldə etmədiyini göstərir. Rusiya tərəfinin Putin-Paşinyan görüşü ilə bağlı açıqlamalarında Rusiya-Ermənistan münasibətlərinin perspektivi ilə bağlı ciddi qəbul edilə biləcək hər hansı bir məqam yoxdur. Görüşün nəticəsi barədə yalnız Paşinyan danışır. Elə Putin-Paşinyan görüşünün jurnalistlər üçün açıq olan hissəsində də sadəcə Nikol Paşinyan danışırdı, Rusiya-Ermənistan münasibətlərinin perspektivi barədə təsəvvürlərini dilə gətirirdi. Görüşdən öncə müəyyən bir zaman kəsiyində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yumşaq diplomatik gedişlər etməyə çalışan Nikol Paşinyan Putinin qəbulundan çıxandan sonra tamamilə fərqli, həm də daha ziddiyyətli fikirlər səsləndirməyə başladı. Onlardan bir neçəsinə diqqət yetirək: Görüşdən dərhal sonra Nikol Paşinyan Dağlıq Qarabağı “Ermənistanın tərkib hissəsi kimi” gördüyünü bildirdi. Bir neçə saatdan sonra, Moskvada yaşayan erməni iş adamları ilə görüşdə Dağlıq Qarabağda yaşayan ermənilərin “öz müqəddəratlarını təyin etdiklərini” və Dağlıq Qarabağın “konstitusiyası”na əsasən Azərbaycanın separatçı bölgə ətrafındakı 7 rayonunun “Dağlıq Qarabağın ərazisi” sayıldığını vurğuladı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. Ekspert qeyd edib ki, erməni iş adamları ilə görüşdən dərhal sonra Paşinyan Ermənistan KİV-lərinə açıqlamasında “əgər Azərbaycan kompromislərə hazırdırsa biz də hazırıq” dedi. Göründüyü kimi, bu üç açıqlamanın bir-biri ilə yaxından-uzağa hər hansı bir əlaqəsi yoxdur. Birinci açıqlamada Dağlıq Qarabağın və ətraf 7 rayonun Ermənistana ilhaq edilməsi açıq şəkildə vurğulanır. İkinci açıqlamada işğal faktı inkar edilir və Dağlıq Qarabağın “müstəqilliyi”nə işarə edən “öz müqəddəratını təyinetmə” prinsipindən danışılır. Üçüncü açıqlamada isə kompromislərə hazır olduğunu bildirir. Şübhəsiz ki, Paşinyanın daha əvvəlki iki açıqlaması kompromislər üçün yer qoymur. Belə olduğu təqdirdə onun bir-biri ilə kəskin ziddiyyət təşkil edən açıqlamalarını bir neçə aspektdən şərh etmək olar. Paşinyan açıqlamalarındakı fərqi başa düşə bilməyəcək qədər siyasətdən və ümumiyyətlə, normal, ardıcıl düşünməkdən uzaq olan bir adamdır. Paşinyan Vladimir Putinlə görüşdən çaşqın vəziyyətdə ayrılıb və bu çaşqınlıq özünü onun açıqlamalarında da büruzə verir. O, görüş zamanı buraxdığı boşluqları, yaxud götürdüyü öhdəlikləri radikal bəyanatlarla kompensasiya etməklə Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışır. “Paşinyanın ziddiyyətli bəyanatlarına səbəb ola biləcək və mənim ən önəmli hesab etdiyim sonuncu məqam isə Azərbaycan Prezidentinin Rusiyaya səfərinin nəticələri, bu səfərin Ermənistanda doğurduğu rezonans və təbii ki, bütün bunların gurultulu bəyanatlarla arxa plana keçirilməsi cəhdidir. Paşinyanın Rusiyaya səfərindən sonra Ermənistanda baş verən olduqca qalmaqallı bir hadisə də zənnimcə çox ciddi məqamlardan xəbər verir. Söhbət Ermənistanın milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyanla Xüsusi İstintaq Komitəsinin rəisi Sasun Xaçaturyan arasında olan telefon danışığının ictimailəşdirilməsindən gedir. Ermənistan mətbuatının yazdığına görə, Artur Vanesyanın qardaşı uzun müddət Corc Sorosun Ermənistandakı şəbəkəsinə rəhbərlik edən şəxslərdən biri olub. Onun Rusiyanın “arzuolunmaz şəxslər” siyahısında yer alması da ola bilsin ki, elə buradan qaynaqlanır. Vanesyanla Xaçaturyanın ictimailəşdirilən telefon danışığında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi ilə bağlı “Xaçaturova toxunmaq olmaz” sözləri yer alır. Bu müstəvidə, Paşinyanın Putinlə görüşdə və daha sonra “Ermənistanın müstəqilliyi, Rusiya ilə bərabərhüquqlu münasibətlər”lə bağlı səsləndirdiyi fikirlərə diqqət yetirmək vacibdir”, - deyə siyasi ekspert bildirib. “Xaçaturova toxunmaq olmaz” deyiminin münasibətlərin qətiyyən bərabərhüquqlu olmadığını göstərdiyini deyən Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, ola bilsin ki, telefon danışığı münasibətlərin bərabərhüquqlu olmadığı barədə Paşinyana xatırlatma edilməsi üçün ictimailəşdirilib. Yaxud Paşinyan “arzuolunmaz şəxslər”dən birini qurban verməklə son öhdəliklərinə sadiq qaldığını nümayiş etdirmək istəyir. Hər halda proseslərin gedişi real mənzərəni ortaya çıxaracaq. Paşinyanın Azərbaycan torpaqlarının ilhaqı ilə bağlı səsləndirdiyi fikirlər isə Ermənistanın danışıqlar prosesindən yayınmaq üçün cəhd kimi də qiymətləndirilə bilər. Paşinyan seçkilərədək vaxt udmağa və özünü xilas etməyə çalışır.

Bu xəbər oxundu
- - -