Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

101 ölkəyə məhsul ixrac edirik

12.09.18, 13:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17 milyard 474,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 698,5 milyon dollar, idxalın dəyəri 5 milyard 776,2 milyon dollar təşkil edib, nəticədə 5 milyard 922,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6 faiz, real ifadədə isə 0,7 faiz, o cümlədən ixrac 0,8 faiz, idxal 0,5 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,8 faizini İtaliyaya, 8 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 5,3 faizini Hindistana, 4,7 faizini Tayvana (Çinin əyaləti), 4,3 faizini İndoneziyaya, 4 faizini Kanadaya, 3,9 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Portuqaliya və Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,2 faizini Gürcüstana, 3 faizini Fransaya, 2,6 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla İsveçrə və Yaponiya, 2,4 faizi Birləşmiş Krallıq, 2,2 faizi Belarus, 27,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bu xəbər oxundu
- - -