Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanda telefon danışığının yayılması hamının yadına Rusiyanı saldı”

14.09.18, 8:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Bu da təsadüfi deyil”

“Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri ilə Ermənistanın istintaq qrupunun rəhbəri arasındakı telefon danışığının yayılması hamının yadına Rusiyanı saldı və bu da təsadüfi deyil”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan təmsilçiləri harada olmasından asılı olmayaraq onların arasında Rusiyanın adamları olur və yaxud Rusiyanın texniki imkanları hədsiz güclüdür: “Maraq üçün bir fakt deyək ki, 2009-cu il Sürix protokolları ərəfəsində Ermənistanla Türkiyə arasında danışıqların tam mətnini Rusiya tərəfinin yazıb Azərbaycana ötürülməsi ilə bağlı məlumatlar yayıldı. Sonradan bu məlumatlar heç kim tərəfindən də təkzib olunmadı. Rusiya bununla hadisələrin gedişinə təsir etdi. İndi də Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri ilə Ermənistanın istintaq qrupunun rəhbəri arasındakı telefon danışığı 2 prizmadan dəyərləndirilə bilər:
I. Bu, N. Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməsi ilə bağlı bildirdiyi fikrə Rusiyanın reaksiyasıdır. Bu bəyanatla Paşinyan AİB-ə zərbə vurmuşdu.
II.Ermənistanda Frankofoniya sammitinin keçirilməsinin prelyüdiyasıdır. Frankofoniya sammiti zamanı Ermənistana xaricdən çoxlu qonaqlar gələcək və onların öz ölkələri ilə əlaqə saxlaması təbiidir. Bu zaman Rusiyanın yenə nə vəziyyət yaradacağını da heç kəs deyə bilməz.
Yaranmış vəziyyətdə Rusiyanı günahkar hesab etmək o qədər də düzgün deyil. Çünki Rusiya-Ermənistan münasibətlərinin əsas xarakterini müəyyənləşdirən Ermənistan tərəfidir. Ermənistan özünü Rusiyanın strateji müttəfiqi adlandırır, amma digər tərəfdən Rusiyanın arxasına xəncər saplamaqla məşğuldur. Bu kursu ermənilər özləri müəyyənləşdiriblər. Əslində bu kurs deyil, manera stilidir və ermənilərin xəyanətkarlığına qarşı Rusiyanın dözümü son həddədir. Reaksiya vermək məcburiyyətindədir. Ona görə Ermənistan tərəfinin atdığı addımlara qarşı Rusiya belə cavab verməyə sanki məcburdur. Həm də o da nəzərə alınmalıdır ki, Nikol Paşinyanın inqilabı tipli hadisələrin həm Ermənistanda, eləcə də bütövlükdə MDB məkanında kökünün kəsilməsi, bir daha baş verməməsi Rusiyanın marağındadır. Ona görə “məxməri inqilab” yolu ilə hakimiyyətə gələn Paşinyanın heç vaxt ciddi bir uğuru ola bilməz və N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan elə halda olmalıdır ki, bu digər MDB məkanında olan dövlət və xalqları qorxutsun.
Frankofoniyanın keçirilməsi Rusiyanın əlində Ermənistanın kimə məxsus olduğunu, necə bir dövlət olduğunu beynəlxalq ictimaiyyətə sübut etmək üçün çox əla bir imkandır və yəqin ki, Rusiya bundan istifadə edəcək. Yalnız Makronun V.Putindən Ermənistandakı Frankofoniyanın keçirilməsi məsələsini müzakirə edərək razılıq aldıqdan sonra Ermənistanda Frankofoniya insidentsiz keçirilə bilər.
Ermənistanın vəziyyətinin düzəlməsi üçün bu ölkə hökmən işğalçılıqdan, qonşulara qarşı ərazi iddialarından əl çəkməli və Dağlıq Qarabağ problemini həll etməlidir. Bunları etməklə regional coğrafiyaya daxil olan Ermənistan, regiondakı qonşularının köməyi ilə özünü tədricən ayaq üstə qaldıra bilər”.

Bu xəbər oxundu
- - -