Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyanın siyasi gedişləri Kremldə qəzəb doğurur

14.09.18, 9:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra da bəzi məsələlərdə öz mövqeyində qalır. Paşinyan rəqiblərinə qarşı başladığı təzyiqin miqyasını genişləndirəcək”.
Bunu Ermənistan mətbuatına müsahibəsində müdafiə və təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçuk bildirib.
O deyib ki, Paşinyan Rusiyanın Emənistanın daxili işlərinə müdaxilə etməsini istəmir.
Analitik hesab edir ki, Paşinyanın səfəri Rusiya ilə Ermənistan arasında olan problemləri azaltmayıb. Qeyd edib ki, əksinə, bundan sonra daha yeni problemlər ortaya çıxacaq.
Politoloq gələcəkdə Rusiyanın Ermənistanın daxili işlərinə hansı formada qarışıb-qarışmayacağı haqda sualı da cavablandırıb.
Onun sözlərinə Moskva Ermənistanın daxilindəki bütün siyasi proseslərlə maraqlanır, lakin bu, müdaxilə deyil.
“Bunu müdaxilə adlandırmaq olmaz, çünki Rusiya üçün Ermənistan yad ölkə deyil. Əgər Ermənistanda vəziyyət uçurumun dibinə gedəcəksə, bu, yalnız Avrasiya İttifaqının yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da digər üzvlərinə də təsir edəcək”-deyə Q.Trofimçuk bildirib.
O, Ermənistanın eks-prezidenti Robert Koçaryanın hakimiyyətə gəlmək üçün çalışmasının mənfi nəticələrə gətirib çıxaracağını proqnozlaşdırıb...
“Robert Koçaryan yüksək dövlət postuna gəlməyə qərar verəcəksə, bu, ölkədə stabilliyi pozacaq. Moskva sadəcə olaraq Koçaryana isti münasibət bəsləyir. Moskva Paşinyanın isə öz postundan ayrılmasına qarşı çıxmaz.
Qeyd edək ki, Paşinyanın siyasi gedişləri Kremldə qəzəb doğurur. Əgər ortaya yeni problemlər ortaya çıxacaqsa, o zaman Moskvanın əsəbləri tarıma çəkiləcək. Ekspertlər düşünür ki, Moskva bundan sonra Ermənistana daha ciddi təzyiqlərə başlayacaq.
Politoloq İlqar Vəlizadə isə deyib ki, Ermənistan rəhbərliyi son iddiaları ilə beynəlxalq hüquq normalarının ciddi şəkildə pozur. Belə olan halda, beynəlxalq ictimaiyyət, eləcə də ATƏT bu məsələyə nəinki reaksiya verməli, bu istiqamətdə əməli addımlar atılmalıdır.
Düşmən ölkə tərəfindən irəli sürülən bəyanatların heç bir əsası olmadığını deyən politoloq söyləyib ki, Paşinyanın iddiaları həm də ATƏT-in Minsk qrupunun fəaliyyətinə də təsir göstərməlidir: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasına baxmayaraq, təəssüf ki, bu günə qədər təşkilatın həmsədri məsələyə münasibət bildirməyib. Onlar əslində regiona dərhal səfər edib, Paşinyanla müzakirələr aparıb, ona bu ifadələrin düzgün olmadığını izah etməli idilər. Görünür Paşinyan söylədikləri fikirlərin fərqinə varmır”.
Azərbaycanın ATƏT-dən bu istiqamətdə konkret addımlar gözlədiyini dilə gətirən İ. Vəlizadə vurğulayıb ki, təşkilatın ifadə edəcəyi ümumi sözlər artıq qaneedici görünə bilməz.
Politoloq söyləyib ki, Paşinyanın son iddialarının əsas məqsədi cəmiyyətdəki elektoratın fikrini yayındırmaq, onları eyforiyada saxlamaqdır: “ Bildiyiniz kimi qarşıdan Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Paşinyan bu cür hərəkətlərlə reytinqini saxlamaq niyyətindədir. Cəmiyyətin bir hissəsi baş verənlərin oyun olduğunu anlasa da, digəri oyunun tərkib hissəsində qalmaqdadır”.
İ. Vəlizadə qeyd edib ki, Ermənistanda artıq hakimiyyət üzərində müharibə başlayıb: “Köhnə elita nümayəndələri xüsusilə də Koçaryan açıq şəkildə Paşinyana qarşı hərəkətə keçib. Biz onun arxasında Rusiyanın dayandığını da bilirik. Ermənistanda iki güc strukturunun rəhbərlərinin telefon danışığının da daha çox Rusiya KİV-lərində yayıldığının şahidi olduq. Bu, Ermənistanda nüfuzlu dairələrin müəyyən dərəcədə köhnə elitaya yardım göstərdiyini göstərir. Paşinyan onlara müqavimət göstərə bilməyəcəyini anladığı üçün müəyyən kütləyə, Qərb ölkələrinə vəziyyətə nəzarət etdiyini və onun dəstəyə ehtiyacı olduğunu göstərməyə çalışır. Paşinyanın bu addımları onu sevməyən qüvvələrin daha fəallaşmasına, eləcə də Rusiyanın qıcığına səbəb olur”.
Ermənistanda vəziyyətin qarışıq olduğun bildirən politoloq əlavə edib ki, AŞPA düşmən ölkədə baş verənlərin monitorinqini aparacaq.

Bu xəbər oxundu
- - -