Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Artıq region müəsisələri mövcuddur”

20.09.18, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Hüseynov: “Bu da regionların daha da inkişafına gətirib çıxaracaq”


“Bu gün regionların sosial-iqtisadi inkişafı cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm hissəsini təşkil edir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramların birbaşa müəllifi dövlətimizin başçısıdır. İndiyədək həyata keçirilən Dövlət proqramları Azərbaycanın regionlarında dönüş yaratdı və bölgələrin sürətli inkişafını təmin etdi. Bugünkü nailiyyətlərimizin böyük bir hissəsi də həmin proqramların uğurla həyata keçirilməsinin nəticəsidir". Bu fikirləri millət vəkili Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, bu proqramların əsas xüsusiyyətləri Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, eləcə də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasətin strateji hədəfi ölkəmizin qüdrətini artırmaq və onun müstəqilliyini möhkəmləndirməkdir: “Regionların inkişafı daima dövlət başçısının nəzarətindədir. Belə ki, cənab Prezident mütəmadi olaraq bölgələrə səfər etməklə görülən işlərin icra vəziyyəti ilə tanış olur. Bu isə görülən işlərin həm keyfiyyətini artırır, həm də həyata keçilən tədbilərin daha geniş vüsət almasına səbəb olur. Demək olar ki, indiyədək həyata keçilən tədbirlər nəticəsində regionlarla mərkəz arasında fərq aradan qaldırılmaq üzrədir. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı istiqamətində görülən işlər də tamamilə yeni mərhələyə qədəm qoyub. Bundan başqa, görülən işlərin nəticəsi olaraq son 14 il ərzində Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. On dörd il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bu da çox böyük göstəricidir. Azərbaycan iqtisadiyyatı 14 il ərzində 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Bu kimi böyük nailiyyətlərimiz çoxdur. Yəni, iqtisadi potensialımızın düzgün şəkildə qiymətləndirilməsi, maliyyə qaynaqlarının düzgün şəkildə istiqamətləndirilməsi və cənab Prezidentin layihələrin icra edilməsini mütəmadi olaraq nəzarətdə saxlaması iqtisadi nailiyyətlərimizi şərtləndirən əsas səbəblərdir”.
Millət vəkili vurğulayıb ki, regionlarda sənaye məhəllələrinin, sənaye parklarının yaradılması da iqtisadi baxımdan əlverişlidir:
“Sənaye məhəllələrinin, sənaye parklarının yaradılmasına cənab Prezident tərəfindən xüsusi diqqət yetirilir. Xüsusilə sənaye məhəllələrini yaradılması regionlar üçün nəzərdə tutulub. Çünkü regionlarda sənaye məhəllələrinin yaradılması həm də əlverişlidir. Ona görə ki, orada orta tutumlu layihələr tələb olunur, yəni o qədər də böyük maliyyə tələb etmir. Bir tərəfdən artıq regionların təminatında heç bir problem yoxdur və birgə sənaye məhəlləsinin yaradılmasıyla bağlı tələb olunan bütün münbit şərait regionlarımızda mövcuddur. Dövlət proqramlarının olması, sənaye məhəllələri ilə bağlı prezidentin xüsusi tapşırığının olması və eyni zamanda qeyri - neft sektorunun şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi, bütün bunların hamısı ona gətirib çıxaracaq ki, doğrudan da artıq regionlarda böyük sənaye müəsisələri fəaliyyətə başlayacaq. Neft emalı müəsisələri, kənd təsərrüfatının tərkib hissəsi olan və onun nəzərində fəaliyyət göstərəcək kənd təsərrüfatı müəsisələri də olacaq. Artıq region müəsisələri mövcuddur. Bu da regionların daha da inkişafına gətirib çıxaracaq".

Bu xəbər oxundu
- - -