Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əsrin müqaviləsi” Azərbaycanın tarixində böyük əhəmiyyətə malikdir

20.09.18, 14:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1994-cü il sentyabrın 20-də Azərbaycan və dünyanın tanınmış neft şirkətləri arasında imzalanan “Əsrin müqaviləsi” əsas tarixi hadisələrdən biridir.
“Əsrin müqaviləsi”nin 24 illiyi ilə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə deyib. Millət vəkili “Əsrin müqaviləsi”nin imzalanmasının və onun tarixinin Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyib: “Azərbaycan bu mühüm müqaviləni çox ağır zamanlarında imzaladı. Həmin dövrdə “Əsrin müqaviləsi”nin imzalanmasına mane olan qüvvələr həddindən artıq çox idi. Çünki layihənin reallaşması həmin qüvvələri çox narahat edirdi. Nəhayət, ulu öndər Heydər Əliyev ölkəmizə qarşı bütün bu maneələri dəf etdi və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu nəhəng layihə iqtisadi cəhətdən Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki məhz bu müqavilə sayəsində Azərbaycanın neft-qaz sənayesinə külli miqdarda investisiyalar yatırıldı. Bu investisiyaların müəyyən hissəsi də ölkənin qeyri-neft sektoruna yönəldildi”.
Millət vəkili layihənin iqtisadi tərəfləri ilə yanaşı, siyasi əhəmiyyətinə də xüsusilə diqqət çəkib: “Birincisi, bu layihə imzalandıqdan sonra iri dövlətlərin Azərbaycana maraqları həddindən artıq artdı. İkincisi, 1995-ci ildə ölkədə yaranan bir neçə dövlət çevrilişinin qarşısı alındı. Azərbaycanda stabilliyin bərpa olunması ölkəmizə maraq göstərən dövlətlər üçün də mühüm idi. Buna görə də “Əsrin müqaviləsi” Azərbaycanın müstəqillik tarixində böyük əhəmiyyətə malikdir. Müqavilənin 2050-ci ilə qədər uzadılması da olduqca təqdirəlayiqdir. Hazırda 21-ci əsrin müqaviləsi olan TANAP və TAP layihəsi də məhz Prezident İlham Əliyev təşəbbüsü sayəsində həyata keçirilir. Bu müqavilələr tarixi əhəmiyyətlidir və Azərbaycanın müstəqilliyi, iqtisadi inkişafının yüksək səviyyədə aparılması üçün çox böyük önəm daşıyır”.

Bu xəbər oxundu
- - -