Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Biz torpaqlarımızı istəyirik

21.09.18, 13:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”

"Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyondan çox köçkün və qaçqınımız var, Azərbaycan uğurla inkişaf edir və inkişaf üçün çox gözəl perspektivlər var. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq".
Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda deyib.
Dövlət başçısı vurğulayıb ki, heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın: "Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu, məsələnin beynəlxalq hüquqi tərəfidir. Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir.
Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq".


“Nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır”

Azərbaycanın enerji siyasətindən danışan dövlət başçısı qeyd edib ki, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur: “Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Biz dənizləri birləşdiririk. Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk. Bu gün həyata keçirilən “Cənub Qaz Dəhlizi” bölgədə ən böyük infrastruktur layihələrindən biridir, ümumi dəyəri 40 milyard dollara bərabərdir. Demək olar ki, bu layihə enerji xəritəsini tamamilə yenidən yaradır. Əlbəttə ki, Azərbaycan öz coğrafi vəziyyətindən bundan sonra da uğurla istifadə edəcək. Nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb. Xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Mən bunu dəfələrlə demişəm. Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk. Bakıda keçirilən bir çox beynəlxalq tədbirlər ən böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”, - dövlət başçısı bildirib.

Bu xəbər oxundu
- - -