Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bunlar təkcə Azərbaycan torpaqlarını deyil, erməni xalqını da işğal etdi”

25.09.18, 10:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fəzail İbrahimli: “Ermənistanda vətəndaş müharibəsi səviyyəsinə gedib çata biləcək daha ciddi fəsadlar baş verəcək”

“Ermənistanda gedən proseslər hər kəsə məlumdur. Ermənistan indi SSRİ dağıldıqdan sonra siyasi həyatının ən gərgin anlarını, qeyri-müəyyən bir dövrünü yaşayır. Sovetlər İttifaqı dağılandan sonra orda bütün keçmiş sovet respublikaları silkələndi. Ermənistan həmin prosesləri o zaman keçmədi. SSRİ-nin dağılmasına xidmət edən qüvvələr, Moskvadan maliyyələşdirilən həmin quldur qrup bunları hakimiyyətə gətirdi. Məqsəd də o idi ki, Qafqaz siyasətini Ermənistanın vasitəsilə həyata keçirsinlər”.
Bu fikirləri hazırda Ermənistanda olan siyasi sistemi şərh edərkən millət vəkili Fəzail İbrahimli deyib.
O bildirib ki, vaxtı ilə Moskva əli qana batmış insanların siyasi hakimiyyətini təmin etdi: “Ter-Petrosyan dövründə müəyyən qədər məsələlərin həllinə rəvac verildiyi bir məqamda o, hakimiyyətdən uzaqlaşdırıldı. Yaxud parlamentdə Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş bir addım atmaq düşüncəsində olanlar güllələndi. Bax, bu quldur dəstə hakimiyyəti ələ keçirib Ermənistan xalqını rəzil vəziyyətə saldı. Bütün beynəlxalq kəmərlərdən azad qaldı, təkləndi, qonşularla düşmən münasibət yarandı, Azərbaycanın torpaqlarını işğal etdi, Türkiyə ilə sərhədləri bağlandı. İran onlara qismən nəfəs versə də, amma aydındır ki, kənardan gələn çörəklə heç kəs yaşaya bilməz. Moskvadakı müəyyən qüvvələr, həmçinin Rusiya tərəfinin özü də bu hakimiyyəti qorumaq üçün köməklik etdi, ancaq xalqın iradəsinə söykənməyən hakimiyyət heç vaxt əbədi, əzəli ola bilməz. Bunlar təkcə Azərbaycan torpaqlarını deyil, eyni zamanda, erməni xalqını da işğal etdi”.
Deputat qeyd edib ki, Ermənistanda onları bu quldur dəstədən azad edəcək bir nəfər lazım idi: “O prosesi Paşinyan yerinə yetirdi, qabağa durdu. O sadəcə missiyasını yerinə yetirdi. O, nə dövlətin qüdrətinə rəvac verə bilmək potensialına malik deyil, nə intellektual səviyyəsi yoxdur, nə də beynəlxalq hüququ, münasibətləri bilmir. Belə bir adam müvəqqəti orda oturub. Zalımın başı qarışıqdır, məzlum da bildiyin edir. Bu gün isə artıq o, özünün xalqla birgə irəli sürdüyü, tələb etdiyi problemlərin içində boğulur. Yəqin ki, xalq bunu da kənara atacaq. Ermənistanda bu proseslər uzun gedəcək, yəni orada siyasi hakimiyyətin möhkəmlənməsi məsələsi 6 ayın, 1 ilin işi deyil. Yeni hakimiyyətə gələn qüvvə yeganə özünün xilasını onda görə bilər ki, işğal olunmuş torpaqlardan əl çəksin, beynəlxalq hüquq normalarına əməl etsin, qonşu dövlətlərlə münasibətləri qaydaya saldıqdan sonra beynəlxalq kəmərlərə qoşulub pul qazanıb iqtisadiyyatını dirçəldib xalqa rəhbərlik edə bilsin. Gedən proseslər isə onu göstərir ki, Ermənistanda vətəndaş müharibəsi səviyyəsinə gedib çata biləcək daha ciddi fəsadlar baş verəcək”.

Bu xəbər oxundu
- - -