Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XX əsrin əvvəllərində Azərbaycanda siyasi hərəkatlar

25.09.18, 12:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hüseyn Baykara

1-ci yazı

Rus işğalından sonra Azərbaycanda kiçik feodal xanlıq üsulu ləğv edilmiş, əvəzində hərbi idarə yaradılmışdı. Dünən xanın rəiyyəti olan xalq, bu gün rus çarının təəbəsi olmuşdu. Abbasqulu Ağa da bu dövrün yazarıdır. Onun əsərinin qəhrəmanları əsasən xalq içindən çıxan tiplərdir. “Kitabi-Əsgəriyyə” əsərində Əsgərin sevgilisi sadə Azərbaycan-türk ləhcəsində ona xitab edir. Əsərin əsas mövzsusu bir-birini sevən iki gəncin azad olmaları və haqlarının tanınmalarından ibarətdir.
“Mişkatul-ənvar” adlı fars dilində yazılan əsər poemadan ibarətdir. Bu poemanın farsca yazılmasının, tiplərin İran və Hindistan həyatından alınmasının səbəbi, çar rus rejiminin doğrudan-doğruya tənqid edilməsidir. Abbasqulu Ağanın bu əsərləri başdan-başa simvoldur. Yazar əsərindəki mövzuları həyatdan alır. Onun mövzusunu haqq, ədalət, hüquq, dövlət, zalım padşah və məzlum xalq təşkil edir. Abbasqulu Ağa xalq içindən çıxan tipləri şahlara qarşı-qarşıya qoyur. Şahın verdiyi ədalətsiz hökmü satirik şəkildə tənqid edir. “Xudpəsənd əmir və tənqidçi”, “Kəndlinin şaha şikayəti”, “Şahın taxtından əl çəkməsi” kimi poemalarında bunun bir daha şahidi oluruq. Bütün bu yazıların altında demokratik fikirlərin yatdığı gözdən qaçmır. Bir qadının dilindən söylənən bu sözlər çox əhəmiyyətlidir:

Şah qafil yaşasa xalqdan, dövlətdən
Zövq alsa ancaq o, eyş-işrətdən
Dövlətin əsası verilər yelə.

Abbasqulu Ağa “Hind nağılı” hekayəsində Hindistan padşahının vəzifələrini belə qeyd edir:
1. Dövləti xalqın rəyinə uyğun olaraq idarə etməlidir.
2. Dövlət başçısı ağıllı, ədalətli, vətənpərvər olmalıdır.
3. Öz ölkəsini və xalqını sevməlidir. Cəmiyyətin səadəti üçün çalışmalıdır.
4 . Zülmə və haqsızlığa yol verməməlidir.

Bütün bunlardan anlaşılır ki, Abbasqulu Ağa Azərbaycana “dövlət, haqq, hüquq, ədalət” fikrini gətirənlərin birincisi olub. Yenə bütün bunlar, xalqımızın öz kökündə azadlıq, haqq, ədalət və istiqlal anlamlarının daha əvvəlcədən işlənmiş olduğunu göstərməkdədir (Azərbaycan ədəbiyyatı tarixi, II cild, Bakı, 1960 və H.Baykara. Azərbaycanda yeniləşmə hərəkətləri. Ankara, 1966).

Mirzə Fətətli Axundzadənin siyasi və demokratik görüşləri

Mirzə Fətəli Axundzadə əsərlərində dövlət mövzusunu, özünün yaşadığı dövründə, XIX əsrin ikinci yarısının gerçəkliklərinə uyğun, xüsusilə 1872-ci il martın 3-də yazdığı “Məktublarda”, xalqın ehtiyac və istəklərinə siyasi, iqtisadi, maliyyə, maarif, hüquq və başqa yönlərinə cavab verəcək şəkildə bir ideoloq kimi araşdırıb. XIX əsrin ortalarına təsadüf edən “Aldanmış kəvakib” adlı əsərində M.F.Axundzadə cəmiyyətdəki ədalətsizliklərin barışıq yolu ilə ortadan qalxmasına inanır. Azərbaycanın tarixi inkişafında 1850-1860-cı illər əhəmiyyətli rol oynayıb. M.F.Axundzadənin doğma yurdunda feodalizm təsviyyə edilməkdədir.
1863-cü ildə Zaqatala üsyanı, azadlıq hərəkatının genişlənməsi və güclənməsi, cəmiyyətdə yeni qabaqcıl ziyalıların yetişməsi Axundzadəyə çox təsir edir və bir reformator olaraq onun cəmiyyət haqqında görüşü tam bir inqilabi şəkil alır. “Məktublar”da Axundzadə əvvəlcə “siyasi və iqtisadi” bərabərlik üzərində durur və yazır ki: “Tam anlamıyla azadlıq iki cürdür. Birincisi, dini azadlıqdır, ikincisi cismani azadlıqdır"...
M.F.Axundzadə “Məktublar”da xalqın imperialist bir xalq tərəfindən istismar edilməsini çox böyük cəsarətlə qəti şəkildə irəli sürür və deyir ki: “...Onlar nə üçün belə qorxusuz hərəkət edirlər? Onlar bizim canımızı, malımızı qoruyurlarmı? Yox. Onlar bizim sərhədimizi... düşməndən qoruyurlarmı? Yox. Onlar bizim üçün xəstəxanalar, məktəblər açmışlarmı? Yox. Onlar bizim ticarətimizə, qazancımıza bir xeyir vermişlərmi? Yox. Çox yaxşı. Onların vücudu nəyə lazımdır?”
İstər A.Ağa, istərsə də M.F.Axundzadə dahiyanə metod işlədərək İran və ya Hindistan hökmdarlarına xitab edərək senzuradan və rus çar istibdadının təqibindən özlərini qoruyub, beləliklə, əsərlərini çap etdirə biliblər. Yoxsa o dövrdə Rusiyada haqq, ədalət, hürriyyət varmı idi? “Ey İran xalqı, əgər sən azadlığın nəşəsini bilsən və insanlığın hüququndan xəbərdar olsaydın, belə zülmə və rəzalətə dözməzdin... Sən sayca və inanışda “despotdan” üstünsən. Sənə ancaq ürək birliyi və istiqamət birliyi lazımdır ki, inqilab edib itaətdən qurtulasan”.
M.F.Axundzadənin bu inqilabçı çıxış və çağırışı ümumiləşdirildikdə görürük ki, eynilə Azərbaycan və imperialist Rusiya münasibətlərinə uyğundur. Ədib əsərlərinin bir çox yerində doğma yurdu olan Azərbaycanın, xalqının öz haqqı və hüququ uğrunda mübarizə aparacaq, baş qaldıracaq səviyyədə olmadığına kədərlənir. Amma bununla belə bu çətin yolda addımlamaqdan və xalqını irəliyə doğru səsləməkdən çəkinmir.
O bu üzüntüsünü “Aldanmış kəvakib” adlı əsərində belə təhlil edir: “Xalq despot zülmünün təsirindən və məzhəbin çürük, boş inanışından qurtara bilmir, nəticədə başqa mədəni insanlardan elm və fəzilət yönündən geri qalmasını dərk edə bilmir”. Axundzadə bu üzüntülər içərisində yalnız öz xalqı üçün deyil, bir Şərq filosofu, ədibi kimi əzab çəkir: “Nə vaxta qədər Şərqdə istibdad üsulu, müstəmləkə təzyiqi hökm sürəcək...”
Çar II Aleksandr 1861-ci ildə rus kəndlilərini azad edəcək bir fərman verdi və kəndlilər üzərindən köləlik – təhkimçilik hüquqi baxımdan ləğv edildi. Ancaq rus mədəniyyətinin (?) Azərbaycana gətirdiyi bu köləlik hüququ hədiyyəsini (?) Azərbaycan kəndlilərinin üzərindən qaldırmadı. Axundzadəyə bu hadisə çox təsir etdi, o, qəzalara gedərək kəndlilərlə sıx əlaqə yaradır, onları istismarçılara qarşı mübarizəyə qaldırır və bu işdə onlara köməklik edirdi. O, Mirzə Yusif xana yazdığı məktubda (“Məktublar”) “70-ci illər fikirlərdə siyasi coşğunluğun ortaya çıxdığı bir zamandır” deyir və əlavə edərək yazırdı: “Zahiri itaətə baxmayaraq zülmə uğrayanların “zalimlərə” qarşı bəslədikləri kin və ədavət böyükdür”.
M.F.Axundzadə, A.Bakıxanov xalqı, Şərq ölkəsi üçün bir fikir rəhbəri, ideya xəzinəsidir. Bu fikirlərin yerini marksizm-leninizmin yalançı cənnət vədləri tutub və rus əsiri xalqlara istismarçılıq, köləlik, zülm və ölüm gətirib. Axundzadə yazırdı: “Padşah millətlə ittifaq etməlidir, millətlə ürək birliyi və fikir birliyi etməli, dövlət mülkünü ancaq öz malı kimi saymamalıdır. Özünü millətin vəkili hesab edərək xalqın iştirakı ilə qanun qoysun, “parlament” qursun və ölkəni qanuna görə idarə etsin, proqressiv olsun, sivilizasiya gətirsin...” (M.F.Axundzadə. Əsərləri. Bakı, 1924, səh. 30).

XX əsrin əvvəllərində siyasi hərəkatlar

XX əsrin əvvəllərində Azərbaycanda güclü və çoxsaylı ziyalı kadrı yetişmişdi. Amma Azərbaycanda müəyyən və proqramlı bir siyasi təşkilat yox idi. Azərbaycan ziyalıları ən çox maarif sahəsində çalışır və xalqın oxuyub, yaza bilməsinə xüsusi əhəmiyyət verirdilər. Bu ziyalılara müasir Azərbaycan tarixçiləri “maarifçilər” adını veriblər. O dövrdə maarifçilər Azərbaycan xalqının maddi və mənəvi inkişaf yolunda mədəniyyətin oynayacağı böyük rolu aydın gördükləri üçün bu yolda yorulmadan çalışırdılar. Qeyd etmək lazımdır ki, onların əməkləri hədər getmirdi. Maarifçilər bütün bu işlərini çar rejiminin maneələri ilə mübarizə apararaq həyata keçirirdilər. Çox vaxt siyasi səbəblər üzündən maarifçilərin səyləri boşa çıxırdı. Bu vəziyyət Azərbaycan xalqının gələcəyi, azadlığı üçün çox təhlükəli və qorxulu idi. Bunu başa düşən ziyalılar xalqın maariflənməsinə daha çox çalışır, xalqın öz azadlığı uğrunda mübarizə aparacağı günü səbirsizliklə gözləyirdilər.
1901-ci ildə Bakıda ilk rus “sosial-demokrat” dərnəyi yaradılır. Bakı o dövrdə Qərb anlamında bir sənaye şəhəri idi. Burada neft emalı, balıqçılıq, ipəkçilik və başqa sahələrdə çoxlu fəhlə qüvvəsi çalışırdı. Sənayedə çalışan fəhlələrin bir qismi ruslardan ibarət idi. O dövrdə Peterburqdan Bakıya göndərilən rus sosial-demokratları və inqilabi hərəkatda iştirak etdikləri üçün Bakıya sürgün edilən ruslar, Tiflisin qeyri-leqal sosial-demokrat təşkilatından olan gürcülər Bakıda 1901-ci ildə sosial-demokrat təşkilatını yaratdılar.
Kapitalistlər tərəfindən istismar olunan fəhlələrin azadlığı uğrunda mübarizə aparan sosial-demokratlar onların böyük rəğbətini qazandılar. Bakı sənayesində çalışan fəhlələrin yarıdan çoxunu Cənubi Azərbaycandan gələn fəhlələr təşkil edirdi. Sosial-demokrat partiyası bu fəhlələri öz mübarizələrinə cəlb etməyə başladı və bu partiyanın nəzdində bir türk təşkilatı yaratmağı qərara aldı. O dövrdə Azərbaycan türklərindən bəziləri rus sosial-demokratları ilə birlikdə inqilabi hərəkatda yaxından iştirak edirdilər. Beləliklə, türklərin 1904-cü ildə “Hümmət” adlı sosialist partiyası yaradıldı. Bir müddət rus sosial-demokrat partiyasının nəzdində fəaliyyət göstərən bu partiya 1905-ci il inqilabından sonra yarımüstəqil partiya kimi fəaliyyət göstərməli oldu. 1917-ci il inqilabından sonra isə bu partiya müstəqil “Azərbaycan kommunist partiyası” adlandı.
Azərbaycan tarixində ikinci siyasi partiya 1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhalisinə qarşı törətdikləri qırğın zamanı Əhməd Ağayev tərəfindən yaradılan “Difai” partiyasıdır. Bu partiya yarandığı gündən xalqımız üçün çox böyük işlər görüb. Azərbaycanın siyasi tarixində bu partiyanın adı “Müdafiə təşkilatı” adını almışdı və məncə, bu ad daha doğrudur. Türk və müsəlman xalqına ermənilər tərəfindən törədilən hücumlara qarşı özlərini müdafiə etməsi deməkdir.
Azərbaycanın siyasi tarixində yer alan üçüncü partiya 1906-cı il avqustun 16-dan 21-nə kimi Tatarıstanda, Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının üçüncü qurultayının qərarı ilə proqramı hazırlanan “Rusiya müsəlmanları ittifaqı” partiyasıdır.
Dördüncü siyasi partiya Azərbaycan tarixində 1911-ci ildə yaradılan “Türk adəmi mərkəziyyət (federalistlər) müsavat partiyası” olmuşdu. “Türk adəmi mərkəziyyət partiyası” xalqın azadlığı uğrunda mübarizə aparan yeganə partiya idi. Bütün partiyalardan və Azərbaycan tarixində oynadıqları rollardan yeri gəldikcə söz açmağa çalışacağıq.

ŞİŞLİ–İSTANBUL
28.05.1975

Bu xəbər oxundu
- - -