Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güneyli soydaşlarımızın ana dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda mübarizəsi

03.10.18, 10:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Azərbaycanlı ruhani təbəqəsindən də milli məsələyə biganə qalmayan, ümummilli problemlərə nəzər yetirən nüfuzlu şəxslərin fəallığının artması diqqəti çəkirdi. Ruhanilərin bəzi azərbaycanlı nümayəndələrin milli hüquqların, xüsusən Azərbaycan dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda çıxışları 2000-ci illərin əvvəllərində müşahidə olunsa da, artıq son 10 ildə artmağa başlamışdı. Şiə aləminin tanınmış nümayəndəsi Ayətullah Bəyat Zəncani azərbaycanlıların milli hüquqları, İran hakimiyətinin paniranizim və panfarsizm üzərindən apardığı siyasət və Dağlıq Qarabağla bağlı açıqlamasında bildirmişdi: “Anayasanın 15-ci əsli (maddəsi) dövlət və əhalinin hüquq və mövqeyini müəyyənləşdirib. Türk vətəndaşlarımız bu əslin tam bərpası uğrunda fəaliyət göstərməlidir. Ona görə ki, haqqın tələbi bütün müsəlmanların vəzifəsidir”. Əzimi, Amili və digərləri Əsas Qanunun 15-ci maddəsində dövlətin, əhalinin hüquq və mövqeyinin müəyyənləşdiyini, vətəndaşların bu maddənin tam icra edilməsi uğrunda fəaliyət göstərməli olmasını bildirirlər. Hakimiyyətdə bu və ya digər dərəcədə iştirak edən ruhanilər arasında milli münasibətlər sahəsində mövcud olan vəziyyətə obyektiv yanaşıb türk etnosunun etno-milli maraqlarının təmin edilməsinin zəruriliyini önə gətirərək Azərbaycan türkü mövqeyindən çıxış etmək səviyyəsinə qədər yüksələn nümayəndələrin daha çox olması mübarizənin sosial tərkibinin genişlənməsi ilə bağlı fikrimizi təsdiq edir.
2013-cü il prezident seçkilərində də namizədlərin milli azlıqların İran konstitusiyasında təsbit olunmuş ana dilində təhsil hüquqlarının reallaşdırılması ilə bağlı vədləri azərbaycanlıların ana dilinə və öz milli dəyərlərinə göstərdiyi həssas yanaşmadan və qaldırdıqları tələblərdən irəli gəlirdi. Əlbəttə, sözügedən məsələ 1997-ci ildə S.M.Xatəminin də seçki platformasının aparıcı vədlərindən olsa da, hakimiyyətə gələndən sonra həm daxili, həm də xarici amillərin təsiri altında o qədər də gündəmdə qala bilmədi. Lakin son illərdə milli məsələ Cənubi Azərbaycan türklərinin milli haqlar uğrunda mübarizəsinin güclənməsi və bir sıra xarici amillərin təsiri altında artıq siyasi dairələrin əsas müzakirə predmetlərindən birinə çevrilə bilib. Xüsusilə də parlament və prezident seçkiləri zamanı əsas vədlərdən biri milli haqların təmin olunmasına dair tələblərin yerinə yetirilməsi ilə bağlı olur. Prezident Ruhaninin seçki öncəsi İran Əsas Qanunun 15-ci maddəsinin reallaşması, Təbrizə səfəri zamanı “Azəri dili və ədəbiyyatı akademiyasının (azərbaycanlılar “türk dili akademiyası” kimi təqdim edirdilər) yaradılması ilə bağlı vədləri hakim dairələrin İran türklərinin milli məsələ ilə bağlı mübarizəsinin fərqində olduqlarını və onların problemin həllinə artıq yeni yanaşma sərgilədiyini nümayiş etdirirdi. Milli məsələnin bəzi tərəflərini çözəcəyi vədləri ilə hakimiyyətə gələn Ruhani sonrakı çıxışlarında sələflərinin izi ilə gedəcəyinə işarə vursa da, onun milli məsələnin “həlli” istiqamətindəki “addımları”nın problemin gündəmdə qalması və qeyri-farslara etnomilli hüquqların reallaşdırılması istiqamətində fəaliyyətin genişlənməsi üçün nisbətən əlverişli mühitin formalaşmasına şərait yaratdığı danılmazdır. Prezident seçkilərindən sonra H.Ruhaninin verdiyi vədlərin reallaşdırılması istiqamətində atdığı ilk addımlardan biri prezidentin etnik birliklər və azlıqlarla iş üzrə xüsusi köməkçisi vəzifəsini təsis etməsi oldu. Bu, milli məsələnin İranda ciddi bir problem kimi qəbul olunmasının göstəricisidir. Lakin Ruhani hakimiyyətinin səlahiyyətli şəxsi Ə.Yunisinin (S.M. Xatəminin prezidentliyi dövründə Təhlükəsizlik naziri (2000-2005)) İranda etnik problemlərin mövcudluğunu inkar edərək ana dilində təhsil tələblərinin ümumi istək deyil, yalnız az sayda ziyalının arzusu olduğunu bildirməsi, prezidentin nitqlərindən birində “Fars dili bütün İranlıların birlik vasitəsidir... mədəniyyət yaradan bu dili gücləndirmək və qorumaq borcumuzdur” deməsi İİR hakim dairlərinin sözügedən məsələyə qarşı səmimi olmadıqlarını nümayiş etdirir. Ruhaninin ikidilli özəl məktəblərin fəaliyyətinə qadağa qoyulması ilə bağlı rəsmi açıqlamasına son illərdə qeyri-farsların özəl məktəblərdə ana dilinin tədrisi ilə bağlı tələblərinə verilən bir cavab kimi yanaşılsa, daha düzgün olar. Bu da bizə Ruhani hökumətinin İranın ənənəvi dil siyasətini davam etdirdiyi barədə qənaətə gəlməyə əsas verir. İranda qeyri-farsların ana dilində təhsil tələbinin daha çox gündəmdə olması ölkənin ictimai-siyasi, elmi dairələrində panfarsist yönümlü qüvvələrin verbal və qeyri-verbal vasitələrlə təbliğati fəaliyyətinin genişlənməsinə, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin getdikcə intensivləşməsinə səbəb olur. Həmin çevrələr ana dili uğrunda mübarizəni xarici qüvvələrə bağlamaq, Quzey və Güney Azərbaycanda danışılan dilin fərqli olduğunu iddia edən, “Azəri dilini” Azərbaycan dilinin təsirindən qurtarmağa yönəlik qeyri-elmi əsaslı dəlillərə söykənən materiallar dərc etmək, seminarlar keçirməklə sözügedən məsələni nəzəri cəhətdən neytrallaşdırmağa cəhd edirlər. İİR hakim çevrələri azərbaycanlıların öz milli kimliyi uğrunda mübarizəsini güneyli mübarizlər arasında daxili mübarizəyə çevirməyə cəhd etməklə hərəkatı əsas məqsədlərdən yayındırmağa çalışırlar.
İran hakim strukturlarında təmsil olunan bəzi azərbaycanlılar da türk dilinin assimilyasiyaya uğramasının qarşısının alınması, hüquqlarının təmin edilməsini müdafiə etməyə başlamışlar. 2014-cü ildə Urmiya Şəhər Şurasının adları farscaya çevrilmiş məhəllələrin türkcə adlarının qaytarılması (“Dərəçayı”, “Şəhərçayı”, “Doşapçıxana”, “Dəmirçixana”, “Carçıbaşı”, “Göl Üstü”, “Təndirçilər”, “Ağa Qəbiri”, “Doqquz Pillə” və “Qapan” kimi küçələr və məhəllələrdə türkcə lövhələrin yerləşdirildiyi müşahidə olunur) istiqamətində fəaliyyəti müsbət addım, eyni zamanda yerli səlahiyyət sahiblərinin bölgəyə ərazi iddiası qaldıran kürd terrorçularının aktivləşməsinə cavabı kimi dəyərləndirilməlidir. 2014-cü ildə Miyanə və Türkmənçaydan, 2016-cı ildə Germi, Təbriz, Üskü və Azərşəhrdən olan millət vəkilləri Əsas qanunun XV maddəsinin icrası zamanının çox gecikdiyini, azərbaycanlıların türk dilinin tədrisini istədiklərini, türk dilinə başqa dillər kimi elmi və akademik şəkildə yanaşılmasa, bu dilin dəyişikliyə uğrayıb məhv olacağını bildirmişdilər. Eyni zamanda bəzi dövlət rəsmiləri (2015-ci ilin yanvarında Ərdəbil valisi Məcid Xudabəxş, Əli Xamneyinin Şərqi Azərbaycandakı nümayəndəsi Möhsün Müctəhid Şəbistəri) radio və televiziya proqramında işlədilən türk dilinin yararsızlığını, dilin assimilyasiyası məsələlərini gündəmə gətirərək ana dilində əlaqə qurmağın vacibliyinə diqqəti çəkirdilər. 2015-də Xoy şəhərinin Şəhər Şurası tərəfindən şəhərin girişinə latın qrafikası ilə “Xoy şəhərinə xoş gəldiniz” cümləsi yazılmış tablo asılması ilk baxışda kiçik bir hadisə görünsə də, Azərbaycan Milli Hərəkatının fəaliyyət göstəricilərindən biri kimi təqdim olunmalıdır.
Beləliklə, rəsmi dairələri təmsil edən azərbaycanlı nümayəndələr Azərbaycan türkcəsinin assimilyasiyasının qarşısının alın-ması üçün tələblər (Azərbaycan dilinin funksiyasının genişləndirilməsi, dilə qrammatik baxımdan müdaxiləyə yol verməmək, Azərbaycan xalqının dil hüquqlarının məhdudlaşdırılmasına son qoymaq, Güney Azərbaycanda coğrafi və sosial mənətəqə və yerlərin öz adlarının bərpa edilməsi) qoyur və həmin şüarlarla mübarizə aparanların məsuliyyətə cəlb olunmasını pisləyirlər.
Milli mübarizədə tələbələrin aktiv təbəqə olduğu xüsusi qeyd edilməlidir. Tələbələrin fəallığı özünü mübarizənin bütün formalarında göstərir - bir tərəfdən universitet auditoriyalarında təbliğat işi ilə məşğul olur, digər tərəfdən küçə və meydanlarda təşkil olunan aksiyalarda aparıcı rol oynayır, başqa bir tərəfdən isə müxtəlif petisiyalar, sənədlər hazırlayaraq hakim çevrələrə ünvanlayır, xalq arasında yayırlar. 2015-ci ilin martında Urmiyə, Təbriz, Zəncan, Kəleybər, Marağa və Meşkinşəhr universitetlərinin tələbələri (1811 tələbə) tərəfindən İran prezidenti Həsən Ruhaniyə ünvan¬lanan məktubda türk dilinin rəsmi dil kimi tanınması və türk dili mədəniyyət mərkəzinin yaradılması tələbini nümunə kimi göstərə bilərik.
Yaranmış şəraitdən istifadə edən milli-mədəni qüvvələr fəaliyyətlərini bütün istiqamətlərdə genişləndiriblər. Güney Azərbaycanın Qoşaçay, Əcəbşir şəhərində Azərbaycan türkcəsində yazılmış kitabların sərgisi, Mədəniyyət Ocağının (Ustad Şəhriyar adına şeir və ədəb ocağı) təşəbbüsü ilə Azərbaycan Pedaqoji (tərbiyyətmeəllim) Universitetində Türkcə şeir gecəsi, Qərbi Azərbaycan əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Urmiyada Azərbaycan türkcəsində keçirilən “Rəzəvi Şeir Festivalı”(Azərbaycan türkcəsində 342 əsər daxil edilmişdi), Urmiya İncəsənət və Kültür Kompleksində 2015-ci ilin fevralında “Yenə yapraqlar düşür” adlı türk dilində tamaşanın səhnədə oynanılması, Ərk qardaşlarının Azərbaycan türkcəsində hazırladığı "Soyuq" filminin Təbrizdə nümayişi və s. bu kimi yüzlərlə tədbirin keçirilməsi milli-mədəni fəallığın yüksəldiyinə nümunə kimi təqdim oluna bilər.
İstər siyasi, mədəni, istərsə də ideoloji cəbhədə mübarizənin nəticəsində fars şovinizminə xidmət edən hakimiyyətin türk dilini bütün istiqamətlərdə assimilyasiya etmək siyasəti iflasa uğramaqdadır. Mübarizənin çoğrafiyası daha da genişlənərək artıq Həmədan, Qəzvin, həmçinin Kürdistan və Kirmanşah vilayətinə ilhaq edilmiş türk bölgələrini də əhatə edib. Ölkənin müxtəlif məntəqələrində türk dilində təhsil tələbi gözardı edilməyəcək bir reallıqdır. Mübarizənin Cənubi Azərbaycan türklərinə oyadıcı təsiri xalq arasında dilə bağlılığın artması ilə müəyyən olunur ki, bu da bəzi qurumların öz hesabatlarında Türk dilini öyrənmək üçün müracət edənlərin ildən ilə çoxalması ilə bağlı göstərdikləri rəqəmlərdə əks olunur.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -