Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi

05.10.18, 10:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Mühacirətdəki güneylilərin çoxunu bir yerə - bütöv bir ideya ətrafında toplamaq, onları konkret bir xətt üzrə əməli işə cəlb etmək çətin idi. Burada bir çox amillər həlledici rol oynayırdı. Fikrimizcə, həmin amil və şərtlər əsasən aşağıdakılardır:
- Güney azərbaycanlıların milli hüquqları uğrundakı mübarizəsi həmişə məğlubiyyətə düçar olduğu, qanla boğulduğu üçün onların az bir qismində milli məsələnin həllinin gələcəyinə inamsızlıq yaranmışdı;
- Güney azərbaycanlıların uzun illər çeşidli cəbhələrə parçalanması onların arasında irimiqyaslı anlaşma, ünsiyyət problemi, ideoloji-siyasi, mənəvi-psixoloji maneələr yaradıb;
- çeşidli irançı siyasi qüvvələr Güney azərbaycanlıların bütün mübarizə və çıxışlarından həmişə öz gizli maraqları üçün sui-istifadə etdiklərindən, Güney azərbaycanlılar növbəti dəfə aldanmaqdan, hər hansı bir kənar qüvvənin əlində alətə çevrilməkdən çəkinirlər;
- Güney azərbaycanlılar həmişə ikiqat zülm altında olublar. Bir tərəfdən diktatura, digər tərəfdən isə milli zülm amili onların sosial-ideoloji davranışlarının ziddiyyətli və mürəkkəb olmasına gətirib çıxarır. Güney azərbaycanlıların çoxunda rasional-demokratik düşüncədən, realizm elementlərindən çox emosionallıq, ifratçılıq, çılğınlıq, avtoritarizm meylləri, pessimist ovqat xasdır;
- Güney azərbaycanlılar ən azı bütün XX əsr boyu ardıcıl şəkildə alçaldılan, sındırılan, milli zülm altında olan tənha, köməksiz, lidersiz, himayədarlığa ehtiyac hiss edən insanlardır;
- Güney azərbaycanlıların milli-psixoloji xarakteri ikilidir - burada Azərbaycançılıq və irançılıq təfəkkürünün aşkar təsirləri var. Bu iki kompleksin paralel varlığı cənubluların sosial-psixoloji davranışının həddən artıq ziddiyyətli olmasının ən başlıca şərtidir;
mühacirət mühitinin özü də güney azərbaycanlıların sosial-psixoloji ovqatına bir çox aspektlərdən neqativ, destruktiv təsir göstərib. Əxlaq, mentalitet uyarsızlığı, şərqli-qərbli qarşıdurması, dil, kültür problemindən doğan çətinliklər, nostalgiya problemi, mənəvi sarsıntı kimi amillər, güneylilərin daha milli təbəqəsinin daha çox meylli olduğu solçu görüşlər sisteminin 80-ci illərdə baş verən iflasının doğurduğu depressiya halları, qürbətdəki güneylilər arasında üzə çıxan ənənəvi mühacirət probleminin - “köhnə-yeni mühacir nəsli” bölgüsü ilə şərtlənən ünsiyyət-anlaşma çətinliyi də buraya əlavə edilməlidir.
Ümumilikdə mühacir Güney azərbaycanlıların sosial strukturu, dünyagörüşünün, ideoloji yönətiminin, nəzəri hazırlıq səviyyəsinin müxtəlifliyi, milli, qrup və şəxsi maraqların bir çox hallarda üst-üstə düşməməsi, digər obyektiv və subyektiv səbəblər onların milli hərəkatının daxili ziddiyyətini, fəaliyyətinin xarakterini, davamlılığını, bütün siyasi təşkilatlara xas olan parçalanmaları şərtləndirir, milli hərəkatın özünün daxili problemlərini üzə çıxarırdı.
Bu problem və çətinliklər cənubluların milli mübarizəsinin gələcəyinə, eləcə də Azərbaycan diasporunun fəaliyyətinə, mütəşəkkillik səviyyəsinə istisnasız olaraq yalnız pessimistcəsinə yanaşmaq üçün əsas vermir və verməməlidir. Hesab edirik ki, bütün söylənənlər yalnız bir məqsədə - Güney Azərbaycan və güney azərbaycanlılar məsələsi ilə bağlı daha realist, çevik olmağa xidmət edir. 2004-cü ildə keçirilən London toplantısı dediklərimizi əsaslandırmaq üçün tutarlı faktlardandır. 24 may 2004-cü ildə Londonda “İranda demokratiyanın tətbiqi və ölkənin gələcək siyasətinin müəyyənləşdirilməsində etnik qrupların rolu” mövzusunda keçirilmiş seminarda İranın çeşidli müxalif partiyalarının üzvləri və qeyri-fars xalqların xaricdə siyasi təşkilat təmsilçiləri iştirak etmişdilər. Azərbaycandan Şahin Ustaclı Güney Azərbaycan İnsan Haqlarını Müdafiə Komitəsinin üzvü, Mahmud Bilgin isə GAMOH-un təmsilçisi olaraq qatılmışdılar. M.Bilgin İrandakı bütün xalqların bərabərhüquqlu olması və ölkə üçün federal quruluşun çox önəmli olduğunu qeyd etmişdi. Tanınmış azərbaycanlı ziyalı Rza Əğnami digər xalqlara münasibətini qeyd edərək göstərirdi: “Təbriz Universiteti tələbələrinin 7 dildə təhsil almasına baxmayaraq bunların sırasında Azərbaycan dili yoxdur”. Tədbirdə Harvard Universitetinin (ABŞ) doktoru Brenda Şaffer Cənubi Azərbaycanda vəziyyəti, ana dilindən istifadəyə qadağa qoyulduğunu və Azərbaycan dilində məktəbin olmadığını qeyd etmişdi. London seminarı İranda milli məsələnin son dərəcə aktual olduğunu və gələcəkdə də ölkənin siyasi gündəmində eyni dərəcədə mühüm yer tutacağını ortaya qoydu. Bu qəbildən olan digər tədbir 2005-ci ildə Kanadanın Montreal şə¬hərində təşkil olunmuşdu. Konfransın əsas məqsədi müasir İranda dil və milli-etnik məsələlərin həlli yollarını müəyyən etmək idi. İştirakçılar hazırkı şəraitdə İranda mövcud etnik və milli azlıqlarla bağlı problemlərin səbəbini demokratiyanın olmamasında görür və məsələnin həlli ilə bağlı fərqli mövqelər nümayiş etdirdilər: Birinci qrup iştirakçılar İrandakı mövcud vəziyyətə qane olurdular və qeyd edirdilər ki, qeyr-fars dilli millətlərə dil sahəsində güzəştlərin edilməsi İranın ərazi bütövlüyünə xələl gətirə bilər; İkinci qrup iştirakçılar İrandakı qeyri-farsların hüquq bərabərliyinin İran dövləti tərəfindən təmin olunmasını istəyirdilər. Onlar məsələnin ən mühüm həlli yolunu millətlərin istiqlalında görürdülər; Üçüncü qrup iştirakçılar fars dilinin rəsmi idarələrdə və təhsil sistemində yeganə dil kimi qalması şərtilə İrandakı qeyri-farsların dil və mədəniyyətlərinə hörmət olunması ilə razılaşırdılar; Dördüncü qrup iştirakçılar İranda mövcud sərhədlər çərçivəsində federal idarəçilik formasının yaradılması ilə məsələnin həll olunmasını istəyirdilər. İranda mövcud olan dil və etnik problem ətrafında fikir mübadiləsinə həsr olunmuş bu tədbiri demokratik qüvvələr düşərgəsində ayrı-ayrı fraksiyaların mövqelərinin dəqiqləşməsi istiqamətində qiymətləndirmək olar.
Beləliklə, Güneyli mühacirlər arasında milli məsələnin həlli ilə bağlı fikir müxtəlifliyi və bir-birini istisna edən yanaşmalar müşahidə olunsa da, əsasən, İranda Azərbaycan dilinin funksionallığının artırılması məsələsi prioritet kimi irəli sürülmüşdür.
Xaricdəki güney azərbaycanlı milli qüvvələrin ana dili məsələsinin həllinə münasibəti həm Azərbaycan Respublikası, həm də İrandakı ictimai-siyasi atmosfer və proseslərdən asılı olaraq tez-tez dəyişməsi müşahidə olunurdu. Qeyd olunan məsələnin qabardılması onların fəaliyyətində bəzən digər problemlərin fonunda aktual məsələ kimi dayanmır, arxa plana keçir, bəzən də bu məsələyə ən aktual bir mövzu kimi qayıdılırdı.
Siyasi, mədəni və intellektual müstəvidə aparılan mübarizədə artıq Azərbaycançılıq məsələsi əvvəllərdə olduğu kimi yalnız cənubi azərbaycanlıların elementar milli-mədəni hüquqları problemi səviyyəsində deyil, beynəlxalq, köklü milli-siyasi maraqlar məsələsi kimi qoyulmağa başlanmışdı.
Güney azərbaycanlıların diasporunun aparıcı beynəlxalq təşkilatlarda və ölkələrdə lazımi ideoloji-təbliğat işi zəifdir. Milli hüquqlar uğrunda mübarizə aparan Cənubi Azərbaycan icmalarının ABŞ, Böyük Britaniya, Fransa və digər böyük ölkələrin ictimai-siyasi həyatlarındakı fəaliyyəti qənaətbəxş deyil.
Həm İrandakı yeni rejimin yaratdığı anti-demokratik vəziyyət, həm də regionda və dünyada baş verən qlobal dəyişikliklər 80-ci illərin sonundan başlayaraq Güney Azərbaycan mühacirlərinin bütöv bir proses kimi milli özünüdərki və konsolidasiyasının öz təbii axarında davam etməsinə şərait yaratsa da onların sosial-ideoloji və sosial-psixoloji davranışlarının həddindən artıq ziddiyyətli olması bu prosesi ləngidir.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -